Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Səfehlər: “Onları (müsəlmanları) üz tutduqları qiblələrindən döndərən nədir”? - deyəcəklər. De ki: “Şərq də, Qərb də Allahındır. O, dilədiyini doğru yola yönəldər”.
(Bəqərə surəsi, 142)
Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
(Bəqərə surəsi, 143)
(Ey elçi!) Üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni mütləq razı qalacağın qibləyə döndərəcəyik. Üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! (Ey müsəlmanlar!) Siz də harada olsanız, üzünüzü ona tərəf çevirin! Şübhəsiz, kitab verilənlər onun özlərinin Rəbbi tərəfindən gələn həqiqət olduğunu yaxşı bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.
(Bəqərə surəsi, 144)
Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar (yönəlməzlər). Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar özləri də bir-birinin qibləsinə tabe olan deyillər. Əgər sənə gələn elmdən sonra onların arzularına uysan, o zaman sən zalımlardan olarsan.
(Bəqərə surəsi, 145)
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız.
(Bəqərə surəsi, 150
)