Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O sizə yalnız pisliyi, murdar işləri və Allah barəsində bilmədiyiniz şeylər söyləməyinizi əmr edər.
(Bəqərə surəsi, 169)
Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, bəndələrindən müəyyən bir qismini ələ keçirəcəyəm.
(Nisa surəsi, 118)
Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür.
(Nisa surəsi, 119)
Ey iman edənlər! Həqiqətən, içki (huşlandıran maddələr), qumar, bütlər və falçılıq şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız!
(Maidə surəsi, 90)
Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman etməyənləri bu şəkildə əzaba məruz qoyar.
(Ənam surəsi, 125)
Onların hamısını toplayacağı gün (Allah deyəcək): “Ey cin tayfası, siz insanların bir çoxunu (azdıraraq) özünüzə qoşdunuz”. Onların insanlardan olan dostları isə: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və artıq bizim üçün müəyyən etdiyin vədimizə çatmışıq”, - deyəcəklər. Allah da: “Allahın dilədiyi kimsələr istisna olmaqla, içində əbədi qalacağınız yer cəhənnəmdir”, - deyəcək. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 128)
Kim (Allahın hüzuruna) yaxşı bir əməllə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməllə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz.
(Ənam surəsi, 160)
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.
(Ənfal surəsi, 11)
Ey iman edənlər! Müşriklər həqiqətən, murdardırlar. Ona görə də onlar bu ildən sonra Məscidi-harama yaxınlaşmasınlar! Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah diləyərsə, Öz lütfü ilə sizi zəngin edər. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 28)
Siz onların yanına qayıtdığınız zaman onlardan əl çəkməyiniz üçün sizin qarşınızda Allaha and içəcəklər. Ona görə də onlardan əl çəkin! Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəmdir.
(Tövbə surəsi, 95)
Allahın izni olmadan heç kim iman edə bilməz. O, təfəkkür etməyənləri əzaba düçar edər.
(Yunis surəsi, 100)
Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”.
(Yusif surəsi, 53)
Budur! Hər kim Allahın qadağalarına hörmət göstərərsə, bu, Rəbbi dərgahında onun üçün daha xeyirlidir. Sizə (haram olduğu) bildirilən heyvanlar istisna olmaqla, digərləri halal edilmişdir. Elə isə, murdar olan bütlərdən də, yalan sözdən də uzaq durun!
(Həcc surəsi, 30)
Ey iman edənlər! Şeytanın addımlarını izləməyin! Kim Şeytanın addımlarını izləyərsə, həqiqətən, o, çirkin işləri və pisliyi əmr edər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənə bilməzdi. Lakin Allah dilədiyi kimsəni təmizləyər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
(Nur surəsi, 21)
Yoxsa pis işlər görənlər bizdən qaça biləcəklərinimi zənn edirlər? Onlar necə də pis hökm verirlər!
(Ənkəbut surəsi, 4)
Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.
(Qaf surəsi, 16)
Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.
(Nəhl surəsi, 90)
Kim yaxşı bir iş görərsə, öz lehinə, kim də pis bir iş görərsə, öz əleyhinə olar. Sənin Rəbbin bəndələrinə zülm edən deyildir.
(Fussilət surəsi, 46)
Kim yaxşı bir iş görərsə, bu onun öz lehinə, kim də pis bir iş görərsə, bu onun öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
(Casiyə surəsi, 15)
Bunlar o kəslərdir ki, böyük günahlardan və çirkin işlərdən uzaq durar və qəzəbləndikləri zaman (insanların xətalarını) əfv edərlər.
(Şura surəsi, 37)
Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur. Şübhəsiz ki, O, zalımları sevməz.
(Şura surəsi, 40)
Kim zülmə məruz qaldıqdan sonra qisas alarsa, artıq onlar cəzalandırılmazlar.
(Şura surəsi, 41)
Ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər cəzalandırılarlar. Onlar üçün acı bir əzab vardır.
(Şura surəsi, 42)
Sənə gələn hər bir yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə özündəndir. (Ey Rəsulum!) Səni insanlara elçi olaraq göndərdik. (Buna) şahid olaraq Allah yetər.
(Nisa surəsi, 79)
Kim yaxşı bir işə vasitəçi olarsa, ona o işdən bir pay düşər. Kim pis bir işə vasitəçi olarsa, ona da o işdən bir pay düşər. Allah hər şeyə gücü yetəndir.
(Nisa surəsi, 85)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Pis işlər görənlərə isə etdikləri pis işlər qədər cəza verilər və onları zillət bürüyər. Heç kəs onları Allahdan qoruya bilməz. Üzləri sanki gecənin bir hissəsi ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Yunis surəsi, 27)