Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
(Bəqərə surəsi, 249)
Həqiqi dua yalnız Ona edilər. Ondan başqa dua etdikləri, onların duasını heç cür qəbul edə bilməz. Onların halı ağzına su gəlsin deyə iki ovcunu suya açan, ancaq suyun gəlib çatmadığı kimsənin halına bənzəyir. İnkar edənlərin duası ancaq zəlalətdədir (düzgün istiqamətə yönəlməmişdir).
(Rad surəsi, 14)
Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə: “Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi.
(Kəhf surəsi, 42)
(Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”.
(Taha surəsi, 96)
Onlar Allahı layiqincə tanıyıb qiymətləndirə bilmədilər. Qiyamət günü yer üzü bütövlüklə Onun ixtiyarında olacaq, göylər də Onun qüdrəti ilə büküləcəkdir. O, müşriklərin qoşduqları şəriklərdən tamamilə uzaq və ucadır.
(Zumər surəsi, 67
)