Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
(Bəqərə surəsi, 143)
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar.
(Tövbə surəsi, 42)
Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir.
(Loğman surəsi, 19)
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
(Loğman surəsi, 32)
Sonra Kitabı bəndələrimizin arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur.
(Fatir surəsi, 32
)