Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
(Bəqərə surəsi, 249)
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)
Əgər Allaha və haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman etmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, elçiyə, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir.
(Ənfal surəsi, 41)
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə (dənizdə) boğmuşduq. Onların hamısı zalım idi.
(Ənfal surəsi, 54)
Sonra Allah elçiyə və möminlərə sükunət (rahatlıq və arxayınlıq) verdi. O, sizin görmədiyiniz əsgərlər (mələklər) endirdi və inkar edənlərə əzab verdi. İnkar edənlərin cəzası budur!
(Tövbə surəsi, 26)
Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 40)
Buna görə də Firon ordusu ilə onları təqib etdi. Beləcə, dəniz onları büsbütün suya qərq etdi.
(Taha surəsi, 78)
(Firon və ordusu) günəş doğarkən onların arxasınca düşdü.
(Şuəra surəsi, 60)
İblisin bütün əsgərləri də (ora atılarlar).
(Şuəra surəsi, 95)
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.
(Nəml surəsi, 17)
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!”
(Nəml surəsi, 18)
Onların yanına qayıt! (Bilsinlər ki,) məğlubedilməz bir ordu ilə onların üstünə gələrik və əlbəttə, zəlil və xar bir vəziyyətdə onları oradan çıxardarıq!”
(Nəml surəsi, 37)
Ey iman edənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür.
(Əhzab surəsi, 9)
Ondan sonra qövmünün üstünə göydən heç bir ordu göndərmədik və göndərəsi də deyildik.
(Yasin surəsi, 28)
Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər.
(Saffat surəsi, 173)
Onlar fərqli dəstələrdən ibarət məğlubiyyətə uğrayacaq zəif bir ordudur.
(Sad surəsi, 11)
Dənizi (yarıb keçdikdən sonra) açıq qoy! Şübhəsiz ki, onlar suda boğulacaq bir ordudur”.
(Duxan surəsi, 24)
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlbinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Fəth surəsi, 4)
Göylərin və yerin orduları Allaha məxsusdur. Allah qüdrətlidir, hikmət sahibidir.
(Fəth surəsi, 7)
Nəhayət, Fironu və əsgərlərini yaxaladıq və onları dənizə atdıq. O, (boğularkən, iman etmədiyi üçün) öz-özünü qınayırdı.
(Zəriyət surəsi, 40)
Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? İnkar edənlər ancaq aldanırlar.
(Mülk surəsi, 20)
(Ey elçi!) Ordular barəsindəki xəbərlər sənə gəlib çatdımı?
(Büruc surəsi, 17
)