Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz Nuha və ondan sonrakı elçilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Ənam surəsi, 84)
And olsun ki, Nuhu öz qövmünə elçi göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Mən sizə gələcək böyük bir günün əzabından qorxuram!”
(Əraf surəsi, 59)
Qövmünün başçıları isə: “Həqiqətən, biz səni açıq-aydın bir azğınlıq içində görürük!” - demişdilər.
(Əraf surəsi, 60)
(Nuh) demişdi: “Ey qövmüm, məndə heç bir azğınlıq yoxdur, əksinə mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
(Əraf surəsi, 61)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.
(Əraf surəsi, 62)
(Günahlardan) çəkinib mərhəmətə nail olmağınız ümidi ilə içinizdən sizi xəbərdar edən bir adam vasitəsilə Rəbbinizdən sizə öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz?”
(Əraf surəsi, 63)
Beləcə, onlar Nuhu yalanladılar. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalanlayanları isə suda boğduq. Onlar, həqiqətən, kor bir qövm idi.
(Əraf surəsi, 64)
Sizi xəbərdar etmək üçün sizdən bir adam vasitəsilə Rəbbinizdən sizə bir öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz? Xatırlayın ki, O sizi Nuh qövmündən sonra onun yerinə gətirdi və sizi yaradılış etibarilə daha cüssəli etdi. Ona görə də Allahın nemətlərini xatırlayın ki, bəlkə, nicat tapasınız!”
(Əraf surəsi, 69)
Onlara, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
(Tövbə surəsi, 70)
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
(Yunis surəsi, 71)
Əgər (haqdan) üz çevirsəniz, onsuz da mən sizdən heç bir mükafat istəmirəm. Məni yalnız Allah mükafatlandırar. Mənə, müsəlmanlardan olmağım əmr olunmuşdur”.
(Yunis surəsi, 72)
Onlar yenə də Nuhu yalanladılar. Beləcə, onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Onları (yer üzünün) varisləri etdik. Ayələrimizi yalanlayanları isə suda boğduq. Bax gör, xəbərdar edilənlərin sonu necə oldu!
(Yunis surəsi, 73)
And olsun ki, Nuhu öz qövmünə elçi göndərdik. (Nuh belə demişdi:) “Mən sizi açıq-aydın xəbərdar edirəm!
(Hud surəsi, 25)
Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizə gələcək acı günün əzabından qorxuram”.
(Hud surəsi, 26)
Qövmünün inkar edən başçıları isə belə dedilər: “Biz sənin də bizim kimi adi bir insan olduğunu və yalnız aramızdakı avam olan səfillərin sənə tabe olduğunu görürük. Bizdən üstün bir cəhətinizi də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.
(Hud surəsi, 27)
Nuh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıramsa, Rəbbim mənə Öz dərgahından bir mərhəmət bəxş edibsə və o sizə gizli qalıbsa, istəmədiyiniz halda sizi ona məcbur edə bilərikmi?!
(Hud surəsi, 28)
Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. İman edənləri də qovan deyiləm. Onlar Rəbbinə qovuşacaqlar. Lakin mən sizin cahil bir tayfa olduğunuzu görürəm.
(Hud surəsi, 29)
Ey qövmüm! Əgər onları qovsam, Allah tərəfindən (gələcək bir əzaba qarşı) mənə kim kömək edə bilər?! Heç düşünmürsünüzmü?
(Hud surəsi, 30)
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman edən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlbində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
(Hud surəsi, 31)
Onlar: “Ey Nuh! Bizimlə mübarizə apardın və bizə qarşı mübarizəndə həddini aşdın. Əgər doğru söyləyirsənsə, bizi təhdid etdiyin əzabı gətir!” - dedilər.
(Hud surəsi, 32)
Nuh belə dedi: “İstədiyi vaxt yalnız Allah onu sizə gətirər və siz ona mane ola bilməzsiniz.
(Hud surəsi, 33)
Əgər Allah sizi (haqq yoldan) azdırmaq istəsə, mən sizə öyüd-nəsihət vermək istəsəm də, nəsihətim sizə heç bir fayda verməz. O sizin Rəbbinizdir və siz Ona qaytarılacaqsınız!”
(Hud surəsi, 34)
Yoxsa onlar: “Onu özündən uydurdu!” - deyirlər?! De ki: “Əgər onu uydurmuşamsa, günahım mənə aiddir. Ancaq mən sizin işlədiyiniz günahlardan uzağam!”
(Hud surəsi, 35)
Nuha belə vəhy olundu: “Qövmündən (indiyə kimi) iman edənlərdən başqası artıq iman etməyəcəkdir. Elə isə onların etdiklərinə görə kədərlənmə!
(Hud surəsi, 36)
Gözümüzün qabağında və vəhyimizlə gəmini düzəlt! Zalımlar barəsində mənə heç bir şey demə! Şübhəsiz ki, onlar suda boğulacaqlar”.
(Hud surəsi, 37)
Nuh gəmini düzəldirdi. Qövmünün başçıları isə hər dəfə ona baş çəkdiklərində onu ələ salırdılar. Nuh demişdi: “Əgər bizi ələ salırsınızsa, bilin ki, siz bizi ələ saldığınız kimi biz də sizi ələ salacağıq.
(Hud surəsi, 38)
Rüsvayedici əzabın kimə gələcəyini və kimin daimi əzaba düçar olacağını yaxın bir vaxtda biləcəksiniz”.
(Hud surəsi, 39)
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların )hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi.
(Hud surəsi, 40)
Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, mənim Rəbbim bağışlayandır, mərhəmətlidir!”
(Hud surəsi, 41)
Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna: “Oğlum, bizimlə birlikdə (gəmiyə) min və inkar edənlərlə birlikdə olma!” - deyə səsləndi.
(Hud surəsi, 42)
Dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh: “Bu gün Allahın əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” – dedi. Dalğa o ikisinin arasına girdi və o da boğulanlardan oldu.
(Hud surəsi, 43)
(Yerə və göyə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi və iş bitdi. Gəmi Cudi dağına oturdu və: “Zalımlar məhv olsun!” - deyildi.
(Hud surəsi, 44)
Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!”
(Hud surəsi, 45)
Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
(Hud surəsi, 46)
Nuh dedi: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!”
(Hud surəsi, 47)
(Allah tərəfindən) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Dünyada dolanışıq verəcəyimiz, sonra da tərəfimizdən şiddətli bir əzabın toxunacağı ümmətlər də olacaqdır”.
(Hud surəsi, 48)
(Ey elçi!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. Ona görə də səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərin olacaqdır.
(Hud surəsi, 49)
Ey qövmüm, mənə qarşı olan ədavətiniz Nuh qövmünün, yaxud Hud qövmünün və ya Saleh qövmünün başına gələnlərin eynisini sizin başınıza gətirməsin! Lut qövmü də sizdən uzaq deyildir.
(Hud surəsi, 89)
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər.
(İbrahim surəsi, 9)
Ey Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyəti! Həqiqətən, o, çox şükür edən bir bəndə idi.
(İsra surəsi, 3)
Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Bəndələrinin günahlarını bilən və görən olaraq Rəbbin kifayətdir.
(İsra surəsi, 17)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
(Ey elçi!) Nuhu da (yad et)! Daha əvvəl o dua etmiş, Biz də onun duasını qəbul etmişdik. Beləliklə, onu və (iman etmiş) qohumlarını böyük fəlakətdən xilas etmişdik.
(Ənbiya surəsi, 76)
Biz onu ayələrimizi yalanlayan bir qövmdən qoruduq. Həqiqətən, onlar pis bir qövm idilər. Buna görə də onların hamısını suda boğduq.
(Ənbiya surəsi, 77)
(Ey elçi!) Əgər səni yalanlayırlarsa, (bil ki,) onlardan əvvəl Nuh, Ad və Səmud qövmləri də (elçilərini) yalanlamışdılar.
(Həcc surəsi, 42)
Həqiqətən, Nuhu öz qövmünə elçi göndərdik. O: “Ey qövmüm! Allaha ibadət edin! Ondan başqa sizin heç bir ilahınız yoxdur! Elə isə, Allahdan çəkinmirsinizmi?” - demişdi.
(Muminun surəsi, 23)
Qövmünün inkar edən öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərməyi) diləsəydi, əlbəttə, mələkləri göndərərdi. Biz əcdadımızdan belə bir şey eşitməmişik.
(Muminun surəsi, 24)
O, ancaq dəlilik əlamətləri olan biridir. Ona görə də bir müddətə qədər onu gözləyin!”
(Muminun surəsi, 25)
Nuh dedi: “Ey Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!”
(Muminun surəsi, 26)
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
Sən yanındakılarla birlikdə gəmiyə mindiyin zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!” – de.
(Muminun surəsi, 28)
Bir də: “Ey Rəbbim! Məni bərəkətli bir yerə endir. Axı sən məskunlaşdıranların ən xeyirlisisən!” – de.
(Muminun surəsi, 29)
Şübhəsiz, bunda da ibrətlər vardır. Həqiqətən, Biz (bəndələrimizi) sınağa çəkirik.
(Muminun surəsi, 30)
Nuh qövmünə gəldikdə, elçiləri yalanladıqları zaman onları suda boğduq və insanlar üçün bir ibrət etdik. Zalımlar üçün acı bir əzab hazırlamışıq.
(Furqan surəsi, 37)
Nuh qövmü də elçiləri təkzib etdi.
(Şuəra surəsi, 105)
O zaman qardaşları Nuh onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
(Şuəra surəsi, 106)
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Şuəra surəsi, 107)
Allahdan qorxun və mənə itaət edin!
(Şuəra surəsi, 108)
Bunun əvəzində mən sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
(Şuəra surəsi, 109)
Ona görə də Allahdan qorxun və mənə itaət edin!”
(Şuəra surəsi, 110)
Onlar: “Ən səfil insanlar sənə tabe olmuşkən, heç sənə iman edərikmi?” - dedilər.
(Şuəra surəsi, 111)
Nuh dedi: “Onların etdiyi əməllərdən mənim xəbərim yoxdur.
(Şuəra surəsi, 112)
Onları hesaba çəkmək yalnız Rəbbimə məxsusdur. Kaş biləydiniz.
(Şuəra surəsi, 113)
Mən iman edənləri qovan deyiləm.
(Şuəra surəsi, 114)
Mən ancaq açıq-aşkar xəbərdar edənəm!”
(Şuəra surəsi, 115)
Onlar: “Ey Nuh! Əgər bundan vaz keçməsən, daşqalaq ediləcəksən!” - dedilər.
(Şuəra surəsi, 116)
Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalanladı.
(Şuəra surəsi, 117)
Artıq mənimlə onların arasında Sən hökm ver! Məni və mənimlə olan möminləri xilas et!”
(Şuəra surəsi, 118)
Beləliklə, onu və yüklü gəmidə onunla olanları xilas etdik.
(Şuəra surəsi, 119)
Sonra da yerdə qalanları suda boğduq.
(Şuəra surəsi, 120)
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların əksəriyyəti iman etməz.
(Şuəra surəsi, 121)
Nuhu da öz qövmünə göndərmişdik. O, min ildən əlli il az onların arasında qaldı. Nəhayət, zülmlərinə davam edərkən tufan onları yaxaladı.
(Ənkəbut surəsi, 14)
Beləcə, Nuhu və gəmidəkiləri qurtardıq və bu gəmini aləmlərə bir ibrət etdik.
(Ənkəbut surəsi, 15)
Bir zaman elçilərdən əhd almışdıq; səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan. Biz onlardan möhkəm bir əhd almışdıq.
(Əhzab surəsi, 7)
Nuh Bizə yalvarmış, Biz də onun duasını gözəl bir şəkildə qəbul etmişdik.
(Saffat surəsi, 75)
Onu və ailəsini böyük fəlakətdən xilas etmişdik.
(Saffat surəsi, 76)
Yalnız onun nəslini davam etdirdik.
(Saffat surəsi, 77)
Onun şan-şərəfini sonrakı nəsillər arasında da saxladıq.
(Saffat surəsi, 78)
Aləmlər içində Nuha salam olsun!
(Saffat surəsi, 79)
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Saffat surəsi, 80)
O, həqiqətən, Bizim mömin bəndələrimizdən idi.
(Saffat surəsi, 81)
Sonra digərlərini (iman etməyənləri) suda boğduq.
(Saffat surəsi, 82)
Şübhəsiz, İbrahim də onun davamçılarından idi.
(Saffat surəsi, 83)
(İddia etdiklərinin) əksinə, inkar edənlər qürur və təfriqə içindədirlər.
(Sad surəsi, 2)
Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı tayfalar da (elçiləri) təkzib etmişdilər. Hər ümmət öz elçisini tutub öldürməyə çalışmış və batil vasitəsilə haqqı yox etməyə cəhd etmişdi. Buna görə də Mən onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
(Mömin surəsi, 5)
Nuh, Ad, Səmud qövmü və onlardan sonrakıların başına gələn kimi (bir bəlanın sizin başınıza gəlməsindən qorxuram). Allah bəndələrinə zülm etmək istəməz.
(Mömin surəsi, 31)
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.
(Şura surəsi, 13)
Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (elçiləri) yalanlamışdı.
(Qaf surəsi, 12)
Daha əvvəl Nuh qövmünü də (məhv etmişdik). Çünki onlar fasiq bir qövm idilər.
(Zəriyət surəsi, 46)
Daha əvvəl Nuh qövmünü də (O məhv etmişdi). Həqiqətən, onlar daha zalım və daha azğın kimsələr idi.
(Nəcm surəsi, 52)
Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
(Qamər surəsi, 9)
Bu zaman Nuh: “Mən məğlub oldum, yardım et!” - deyə Rəbbinə yalvarmışdı.
(Qamər surəsi, 10)
Biz də göyün qapılarını leysan yağışı ilə açdıq.
(Qamər surəsi, 11)
Yerdən də bulaqlar fışqırtdıq. Beləliklə, sular təqdir edilmiş bir iş üçün birləşdi.
(Qamər surəsi, 12)
Nuhu da taxtadan düzəldilib mismarlanmış bir gəmidə daşıdıq.
(Qamər surəsi, 13)
O gəmi, (qövmü tərəfindən) inkar edilənə (Nuha) mükafat olaraq gözlərimizin önündə (nəzarətimiz altında) üzürdü.
(Qamər surəsi, 14)
Həqiqətən, Biz onu ibrət olsun deyə saxladıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 15)
Mənim əzabım və xəbərdarlığım necə oldu?!
(Qamər surəsi, 16)
Biz Nuhu və İbrahimi də elçi olaraq göndərdik. Onların nəslinə elçilik və kitab verdik. Onlardan doğru yolda olanlar da vardır, lakin əksəriyyəti fasiqlərdir.
(Hədid surəsi, 26)
Allah inkar edənlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə də Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də cəhənnəmə girin!” - deyildi.
(Təhrim surəsi, 10)
Biz ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl qövmünü xəbərdar etsin deyə Nuhu öz qövmünə göndərdik.
(Nuh surəsi, 1)
O dedi: “Ey qövmüm, heç şübhəsiz, mən sizi açıq-aydın xəbərdar edən bir elçiyəm!
(Nuh surəsi, 2)
Allaha ibadət edin və Ondan qorxun! Mənə də itaət edin ki,
(Nuh surəsi, 3)
Allah sizin günahlarınızın bir qismini bağışlasın və müəyyən bir vaxta qədər sizə möhlət versin. Şübhəsiz ki, Allahın təyin etdiyi vaxt (ölüm) gəldiyi zaman o təxirə salınmaz. Kaş bunu biləydiniz”.
(Nuh surəsi, 4)
Nuh dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (haqq yola) dəvət etdim.
(Nuh surəsi, 5)
Ancaq mənim dəvətim onların (haqq yoldan) qaçmalarını daha da artırdı.
(Nuh surəsi, 6)
Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər.
(Nuh surəsi, 7)
Sonra mən onları ucadan dəvət etdim.
(Nuh surəsi, 8)
Sonra mən onlarla həm açıq-aşkar, həm də gizlicə danışdım.
(Nuh surəsi, 9)
Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır”.
(Nuh surəsi, 10)
(Allahdan bağışlanmağınızı diləyin ki,) O, göydən sizə bol-bol yağış göndərsin,
(Nuh surəsi, 11)
Mal-mülk və övladlar verərək sizə yardım etsin, sizin üçün bağlar və çaylar yaratsın.
(Nuh surəsi, 12)
Sizə nə olub ki, Allaha böyüklüyü yaraşdırmırsınız?
(Nuh surəsi, 13)
Halbuki O sizi mərhələ-mərhələ yaratmışdır.
(Nuh surəsi, 14)
Allahın yeddi göyü (bir-biri üstündə) qat-qat necə yaratdığını görmədinizmi?!
(Nuh surəsi, 15)
Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir.
(Nuh surəsi, 16)
Allah sizi də yerdən bir bitki kimi bitirmişdir.
(Nuh surəsi, 17)
Sonra sizi ora qaytaracaq və (axirətdə) sizi təkrar (dirildib) çıxardacaqdır.
(Nuh surəsi, 18)
Allah yer üzünü sizin üçün döşəmişdir ki,
(Nuh surəsi, 19)
Orada açılan geniş yollarda gəzib-dolaşasınız.
(Nuh surəsi, 20)
Nuh dedi: “Ey Rəbbim! Bunlar mənə qarşı çıxaraq mal-mülkü və övladı özünə ziyandan başqa bir şey artırmayan kimsəyə tabe oldular.
(Nuh surəsi, 21)
Onlar (mənə qarşı) çox böyük hiylələr qurdular.
(Nuh surəsi, 22)
Və dedilər: “Nəbadə öz ilahlarınızı tərk edəsiniz! Vəddi, Süvanı, Yəğusu, Yəuqu və Nəsri qətiyyən tərk etməyin!”
(Nuh surəsi, 23)
Onlar bir çoxlarını (haqq yoldan) azdırdılar. (Ey Rəbbim!) Sən də onların azğınlıqlarını artır!”
(Nuh surəsi, 24)
Onlar öz günahları ucbatından suda boğuldular və cəhənnəmə atıldılar. Beləcə, Allahdan başqa yardımçılar da tapa bilmədilər.
(Nuh surəsi, 25)
Nuh dedi: “Ey Rəbbim, yer üzündə heç bir inkar edəni sağ buraxma!
(Nuh surəsi, 26)
Əgər onları sağ buraxsan, Sənin bəndələrini azdıracaq və əxlaqsız inkar edənlər dünyaya gətirəcəklər.
(Nuh surəsi, 27)
Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”
(Nuh surəsi, 28)