Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr.
(Bəqərə surəsi, 187)
De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdənizdə üzünüzü (Allaha) çevirin və dini yalnız Ona məxsus edərək dua edin! Sizi yoxdan yaratdığı kimi, yenə (Onun hüzuruna) qayıdacaqsınız.
(Əraf surəsi, 29)
Ey Adəm övladları, hər dəfə məscidə (namaza) gedərkən gözəl paltarlarınızı geyinin! Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz.
(Əraf surəsi, 31)
Müşriklər özlərinin inkar edən olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar.
(Tövbə surəsi, 17)
Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman edən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.
(Tövbə surəsi, 18)
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
(Tövbə surəsi, 107)
Orada əsla namaz qılma! İlk gündən etibarən təqva üzərində qurulmuş məscidin (Dırar məscidinin) içində namaz qılmağın daha doğrudur. Orada paklanmağı sevən insanlar var. Allah pak olanları sevər.
(Tövbə surəsi, 108)
Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir.
(İsra surəsi, 1)
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik).
(İsra surəsi, 7)
Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.
(Kəhf surəsi, 21)
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
(Məryəm surəsi, 11)
Onlar (müharibə üçün izin verilənlər) o kəslərdir ki, yalnız: “Rəbbimiz Allahdır!” - dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanlardan bir qisminin şərini digər bir qismi ilə dəf etməsəydi, içində Allahın adı çox-çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir.
(Həcc surəsi, 40)
Şübhəsiz ki, məscidlər Allahındır. Ona görə də Allahdan başqa heç kəsə dua etməyin!
(Cin surəsi, 18
)