Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, elçiləri haqsız yerə öldürür və (Allaha) asi olub həddi aşırdılar.
(Bəqərə surəsi, 61)
Musaya və qardaşına: “(Təhlükəsizlik məqsədilə) qövmünüz üçün Misirdə evlər hazırlayın və evlərinizi namazgah edin! Namazı düzgün qılın və (ey Musa!) möminləri müjdələ!” - deyə vəhy etdik.
(Yunis surəsi, 87)
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.
(Yusif surəsi, 21)
(Yaqub və ailəsi Misirə gedib) Yusifin hüzuruna daxil olduqları zaman o, ata-anasını qucaqladı və belə dedi: “Allahın diləməsi ilə əmin-amalıq içində Misirə daxil olun!”
(Yusif surəsi, 99)
Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?!
(Zuxruf surəsi, 51
)