Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
(Nisa surəsi, 2)
İstər az, istər çox olsun ata-ana və qohumların qoyub getdikləri (mal-mülkdən) kişilər üçün müəyyən edilmiş bir pay, qadınlar üçün də müəyyən edilmiş bir pay vardır.
(Nisa surəsi, 7)
(Mirasın) bölgüsündə (varis olmayan) qohumlar, yetimlər və yoxsullar iştirak edərlərsə, onlara da ondan (o maldan) bir şey verin və onlara gözəl söz söyləyin!
(Nisa surəsi, 8)
Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə, (“halları necə olar?” - deyə) qorxanlar, (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar. Ona görə də, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər!
(Nisa surəsi, 9)
Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb-yaxan bir oda girəcəklər.
(Nisa surəsi, 10)
Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz) haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur. (Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın altıda biri (qədər pay düşür). Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun (ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya düşür. (Bütün bu bölgü, ölən kimsənin) edəcəyi vəsiyyətdən və ya borcu ödənildikdən sonradır. Atalarınızdan və övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha yaxın olduğunu bilməzsiniz. (Bunlar,) Allah tərəfindən müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 11)
Əgər zövcənizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə (mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən (aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
(Nisa surəsi, 12)
Ey iman edənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur.
(Nisa surəsi, 19)
Ata-ana və yaxın qohumların qoyub getdiklərindən də hər bir kişi və qadın üçün varislər təyin etdik. Əhd bağladığınız şəxslərin paylarını da özlərinə verin! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Nisa surəsi, 33)
Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan şəxsin (mirası) haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur (bacısınındır). Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı, onun varisidir. Əgər (vəfat edənin) iki (bacısı) varsa, mirasın üçdə ikisi onlarındır. Əgər (vəfat edənin daha çox) qardaşları və bacıları varsa, kişiyə (bir qardaşa), iki qadına (iki bacıya) düşən pay qədər (miras) düşür. Allah (bunu) doğru yoldan çıxmayasınız deyə sizə bəyan edir. Allah hər şeyi biləndir”.
(Nisa surəsi, 176)
Sonradan iman edib hicrət edən və sizinlə birlikdə cihad edənlərə gəldikdə, onlar da sizdəndir. Allahın Kitabında qohumlar (varis olmaqda) bir-birlərinə daha uyğundurlar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.
(Ənfal surəsi, 75)
Ey iman edənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər.
(Maidə surəsi, 106)
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi: “Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər.
(Maidə surəsi, 107)
Bu (qayda), şahidliyi lazımi şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına (çəkinmələri üçün bir çarə olaraq) daha uyğundur. Allahdan qorxun və (Onu) dinləyin! Allah, günahkar qövmü doğru yola yönəltməz.
(Maidə surəsi, 108
)