Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
(Ali İmran surəsi, 20)
(Ey Rəsulum!) Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir.Məryəmi hansı himayəsinə alacaq deyə (püşk üçün) qələmlərini atdıqları zaman sən onların yanında deyildin. (Buna görə) mübahisə etdikləri vaxt da sən onların yanında deyildin.
(Ali İmran surəsi, 44)
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!”
(Ali İmran surəsi, 61)
Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Halbuki Tövrat və İncil ondan sonra nazil edilmişdir. Siz heç düşünmürsünüzmü?
(Ali İmran surəsi, 65)
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib tam bir təslimiyyətlə təslim olmayınca, iman etmiş olmazlar!
(Nisa surəsi, 65)
Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?
(Ənam surəsi, 80)
(Xatırla ki,) o zaman Allah yuxunda sənə onları (düşmənləri) az göstərmişdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxacaq və bu iş barəsində bir-birinizlə mübahisə edəcəkdiniz. Lakin Allah (sizi bundan) qurtardı. Şübhəsiz ki, O, qəlbdəkini bilir.
(Ənfal surəsi, 43)
Allah və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.
(Ənfal surəsi, 46)
Onlar: “Ey Nuh! Bizimlə mübarizə apardın və bizə qarşı mübarizəndə həddini aşdın. Əgər doğru söyləyirsənsə, bizi təhdid etdiyin əzabı gətir!” - dedilər.
(Hud surəsi, 32)
İbrahimin qorxusu keçib ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdən sonra o, Lut qövmü barəsində Bizimlə (elçilərimizlə) mübahisə etməyə başladı.
(Hud surəsi, 74)
Göy gurultusu həmd edərək Onu təsbeh edir (şəninə təriflər deyir). Mələklər də Onun qorxusundan (həmd edərək Onu təsbeh edirlər). Onlar Allah barəsində mübahisə edərkən O, ildırımları göndərərək dilədiyi kimsəni onunla müsibətə düçar edər. Onun cəzası şiddətlidir.
(Rad surəsi, 13)
Bunlar Rəbbi barəsində mübahisə edən (möminlər və inkar edənlər olmaqla) iki zümrədir. İnkar edənlərə gəldikdə, onlar üçün oddan paltarlar biçilmişdir. Onların başlarının üstündən qaynar su töküləcəkdir.
(Həcc surəsi, 19)
Biz hər bir ümmət üçün əməl edəcəkləri bir şəriət müəyyən etdik. Ona görə də bu məsələdə səninlə mübahisə etməsinlər. Sən (insanları) Rəbbinə dəvət et! Həqiqətən, sən doğru yoldasan.
(Həcc surəsi, 67)
Onlar orada (bütləri ilə) mübahisə edərək belə deyərlər:
(Şuəra surəsi, 96)
Onlar bir-birləri ilə höcətləşdikləri bir vaxtda özlərini yaxalayacaq o qorxunc səsi gözləyirlər.
(Yasin surəsi, 49)
Həqiqətən, cəhənnəm əhlinin bir-biri ilə olan bu çəkişməsi gerçəkdir.
(Sad surəsi, 64)
Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin! Mən daha əvvəl sizə xəbərdarlıq etmişdim.
(Qaf surəsi, 28
)