Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!”
(Bəqərə surəsi, 286)
Əksinə, sizin himayədarınız Allahdır və O, yardım edənlərin ən xeyirlisidir.
(Ali İmran surəsi, 150)
Sonra (insanlar) həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Bilin ki, hökm Onundur və O, ən sürətli haqq-hesaba çəkəndir.
(Ənam surəsi, 62)
Əgər onlar (iman etməkdən) üz döndərsələr, bilin ki, Allah sizin himayədarınızdır. O nə gözəl himayədar və nə gözəl yardımçıdır!
(Ənfal surəsi, 40)
De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”
(Tövbə surəsi, 51)
Orada hər kəs keçmişdə etdiyi əməlləri yoxlayıb görəcək. Onlar həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Uydurub düzəltdikləri (bütlər) isə onlardan uzaqlaşıb yox olacaq.
(Yunis surəsi, 30)
Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin və Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O nə gözəl mövla və nə gözəl yardımçıdır!
(Həcc surəsi, 78)
Allah sizin (lazım gələndə kəffarə ilə) andlarınızı pozmağınıza icazə vermişdir. Allah sizin himayədarınızdır. O hər şeyi biləndir, hikmət sahibidir.
(Təhrim surəsi, 2)
(Ey elçi xanımları!) İkiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbiniz azmışdı. Əgər elçiyə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail və saleh möminlərdir. Bunlardan savayı mələklər də onun yardımçılarıdır.
(Təhrim surəsi, 4
)