Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O, göyləri və yeri yoxdan var edəndir. Onun zövcəsi olmadığı halda necə övladı ola bilər?! Hər şeyi O yaratmışdır və hər şeyi bilən Odur.
(Ənam surəsi, 101)
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!
(Əraf surəsi, 54)
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da işləri tənzimləyərək ərşə istiva edən Allahdır. Onun izni olmadan heç kim şəfaətçi ola bilməz. O, Rəbbiniz olan Allahdır. Elə isə Ona ibadət edin! Hələ də düşünmürsünüzmü?
(Yunis surəsi, 3)
Günəşi işıqlı, ayı parlaq edən, illərin sayını və hesabı bilməyiniz üçün aya mənzillər təyin edən Odur. Allah bunları haqq olaraq yaratdı. O, bilib düşünən bir qövm üçün ayələri açıq şəkildə izah edir.
(Yunis surəsi, 5)
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, inkar edənlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər.
(Hud surəsi, 7)
Allahın göyləri və yeri haqq ilə yaratdığını görmədinmi?! Əgər O diləyərsə, sizi yox edib (sizin yerinizə) başqalarını gətirər.
(İbrahim surəsi, 19)
Göyləri, yeri və onların arasında olanları yalnız haqq ilə yaratdıq. Qiyamət də mütləq gələcəkdir. Ona görə də sən (onlarla hələlik) gözəl şəkildə rəftar et!
(Hicr surəsi, 85)
O, göyləri və yeri haqq ilə yaratdı. Allah onların qoşduqları şəriklərdən ucadır!
(Nəhl surəsi, 3)
İnkar edənlər göylər və yer bitişik ikən Bizim onları ayırdığımızı və hər bir canlını sudan yaratdığımızı görmədilərmi?! Hələ də iman etmirlərmi?
(Ənbiya surəsi, 30)
O, göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə istiva edən (hökmü altına alan) Rəhmandır. Bunu bir biləndən soruş!
(Furqan surəsi, 59)
Allah göyləri və yeri haqq olaraq yaratdı. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır.
(Ənkəbut surəsi, 44)
Onlar öz-özlərinə Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir.
(Rum surəsi, 8)
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra ərşə istiva edən (ərşi hökmranlığı altına alan) Allahdır. Ondan başqa heç bir dostunuz və şəfaətçiniz yoxdur. Yenə də düşünüb öyüd almırsınızmı?
(Səcdə surəsi, 4)
Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
(Zumər surəsi, 5)
Sonra duman halında olan səmaya yönəldi. Ona və yerə: “Könüllü ya da könülsüz olaraq gəlin!” - dedi. Onlar: “Könüllü olaraq gəldik!” – dedilər.
(Fussilət surəsi, 11)
Biz onları haqqa aparan bir vasitə olaraq yaratdıq, lakin onların çoxu bunu bilmir.
(Duxan surəsi, 39)
Biz göyləri, yeri və onların arasındakıları yalnız haqqa aparan bir vasitə olaraq və müəyyən bir müddət üçün yaratdıq. Ancaq inkar edənlər xəbərdar edildikləri şeylərdən üz döndərirlər.
(Əhqaf surəsi, 3)
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmüdür.
(Fussilət surəsi, 12)
Həqiqətən, Biz göyləri, yeri və onların arasındakıları altı gündə yaratdıq və Biz heç bir yorğunluq hiss etmədik.
(Qaf surəsi, 38)
Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür.
(Hədid surəsi, 4)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Onun əmri onların arasında nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
(Talaq surəsi, 12
)