Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz.
(Bəqərə surəsi, 205)
Onlardan bəzisi ona (İbrahimə) iman etdi, bəzisi də ondan üz çevirdi. (Üz çevirənlərə) cəhənnəmin yandırıcı alovu kifayətdir.
(Nisa surəsi, 55)
Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin ipi qədər belə haqsızlıq edilməyəcək.
(Nisa surəsi, 124)
Allahın hüzuruna çıxmağı yalan sayanlar həqiqətən, ziyana uğramışlar. Qiyamət qəflətən onlara gəlib çatdığı zaman (günah) yüklərini bellərində daşıyaraq: “Oradakı (dünyadakı) təqsirlərimizə görə vay halımıza!” – deyəcəklər. Diqqət edin, daşıdıqları (günahlar) necə də pisdir!
(Ənam surəsi, 31)
De: “Deyin görüm, əgər Allah eşitmə və görmə qabiliyyətinizi (əlinizdən) alsa və qəlbinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə geri gətirə bilər?” Bax gör, ayələri necə açıqlayırıq! Sonra onlar yenə (haqdan) üz çevirirlər.
(Ənam surəsi, 46)
Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır.
(Ənam surəsi, 138)
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik.
(Ənam surəsi, 146)
Qiyamət günü siz: “Biz bundan xəbərsiz idik”, - deməyəsiniz deyə, Rəbbin Adəm övladlarının bellərindən nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” ( – buyurdu). Onlar da: “Bəli, buna şahid olduq!” - dedilər.
(Əraf surəsi, 172)
(Bu qızıl və gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün (onlara belə deyilər:) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!”
(Tövbə surəsi, 35)
Ancaq Allah Öz lütfündən onlara (mal-mülk) verdiyi zaman xəsislik etdilər və üz çevirərək (sözlərindən) döndülər.
(Tövbə surəsi, 76)
Siz onların yanına qayıtdığınız zaman onlardan əl çəkməyiniz üçün sizin qarşınızda Allaha and içəcəklər. Ona görə də onlardan əl çəkin! Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəmdir.
(Tövbə surəsi, 95)
Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb: “Sizi görən varmı?” – deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlbini (haqdan) döndərmişdir.
(Tövbə surəsi, 127)
Göylərdə və yerdə (Allahın varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər.
(Yusif surəsi, 105)
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə!
(İsra surəsi, 28)
Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz döndərərsiniz. İnsan çox nankordur.
(İsra surəsi, 67)
İnsana nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ancaq ona zərər dəydikdə ümidsizliyə düşər.
(İsra surəsi, 83)
Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.
(Kəhf surəsi, 57)
Kaş inkar edənlər üzlərindən və arxalarından (onları bürüyən) alovu dəf edə bilməyəcəkləri və onlara heç bir yardım olunmayacağı vaxtı biləydilər.
(Ənbiya surəsi, 39)
(Münafiqlər:) “Allaha və elçiyə iman etdik və itaət etdik!” - deyirlər. Bunun ardınca onlardan bir qrup (haqdan) üz döndərir. Onlar mömin deyillər.
(Nur surəsi, 47)
Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmir və qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə üz çevirir. Sən də ona acı bir əzabla müjdə ver!
(Loğman surəsi, 7)
Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah bəndələrini görür.
(Fatir surəsi, 45)
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. Sənin vəzifən yalnız təbliğ etməkdir. Əgər insana Öz tərəfimizdən bir mərhəmət daddırsaq, o, buna görə sevinər. Ancaq etdikləri əməllər ucbatından başlarına pis bir iş gəlsə, bu zaman insanlar nankor olarlar.
(Şura surəsi, 48)
Ona görə ki, onlara minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı.
(Zuxruf surəsi, 13)
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
(Fəth surəsi, 16)
(Döyüşə getmədiklərinə görə) kora, topala və xəstəyə günah yoxdur. Kim Allaha və elçisinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kim də üz döndərərsə, Allah ona acı bir əzab verəcəkdir.
(Fəth surəsi, 17)
Ona görə də Bizi anmaqdan üz çevirən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
(Nəcm surəsi, 29)
Əgər onlar bir möcüzə görsələr, ondan üz çevirib: “Bu, davam edən bir sehrdir!” - deyərlər.
(Qamər surəsi, 2)