Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Bəqərə surəsi, 164)
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.
(Ali İmran surəsi, 117)
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız.
(Əraf surəsi, 57)
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
(Yunis surəsi, 22)
Rəbbini inkar edənlərin əməlləri, fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. (Haqdan) uzaq zəlalət məhz budur!
(İbrahim surəsi, 18)
Küləkləri də dölləndirici olaraq göndərdik və göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik. Halbuki (Biz bunu etməsəydik, ehtiyat üçün) siz onu yığıb saxlaya bilməzdiniz!
(Hicr surəsi, 22)
Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.
(Kəhf surəsi, 45)
Şiddətli küləyi də Süleymanın xidmətinə vermişdik. Onun əmri ilə külək bərəkət verdiyimiz yerə doğru əsirdi. Biz hər şeyi bilirik!
(Ənbiya surəsi, 81)
Allaha şərik qoşmadan həniflər (Allahın birliyinə inanan möminlər) olun! Kim Allaha şərik qoşarsa, sanki o, göydən düşüb (parçalanmış) və quşlar onu alıb aparmış, yaxud külək onu sovurub uzaq bir yerə atmışdır.
(Həcc surəsi, 31)
Küləkləri mərhəmətinin önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,
(Furqan surəsi, 48)
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən və küləkləri Öz mərhəmətinin (yağışın) önündə müjdəçi kimi göndərən?! Allahla yanaşı başqa bir ilah varmı?! Allah onların qoşduğu şəriklərdən çox ucadır!
(Nəml surəsi, 63)
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, lütfündən (nəsibinizi) axtarasınız və şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun (varlığının) dəlillərindəndir.
(Rum surəsi, 46)
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Allah onları göydə istədiyi kimi yayar və parça-parça edər. Onların arasından da yağışın çıxdığını görərsən. Allah dilədiyi bəndələrinə onu (yağışı) nəsib edən zaman onlar sevinərlər.
(Rum surəsi, 48)
Əgər Biz bir külək göndərsək və onlar onun (əkinlərin) saralmış olduğunu görsələr, bundan sonra mütləq nankorluq edərlər.
(Rum surəsi, 51)
Ey iman edənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür.
(Əhzab surəsi, 9)
Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Onlardan kim əmrimizdən çıxırdısa, alovlu odun əzabından ona daddırırdıq.
(Səba surəsi, 12)
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək də belə olacaqdır.
(Fatir surəsi, 9)
Buna görə də Biz küləyi onun xidmətinə verdik. Külək onun əmri ilə istədiyi tərəfə asanlıqla əsirdi.
(Sad surəsi, 36)
Əgər Allah istəsə, küləyi dayandırar və beləcə, gəmilər dənizdə dayanıb qalar. Çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Şura surəsi, 33)
Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və küləkləri əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 5)
Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
(Əhqaf surəsi, 24)
Ad qövmündə də (ibrətlər vardır)! O zaman onların üstünə faydasız (məhv edən) bir külək göndərmişdik.
(Zəriyət surəsi, 41)
Yaxud göydəkinin (Allahın) sizin üstünüzə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminsinizmi? Mənim təhdidimin necə olduğunu tezliklə biləcəksiniz.
(Mülk surəsi, 17
)