"KÖNÜLDƏN EDİLƏN DAVRANIŞLAR" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar: “Allah Özünə övlad götürmüşdür”, - dedilər. O, pakdır (bu kimi sifətlərdən uzaqdır). Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Hər bir şey Ona itaət edir.
(Bəqərə surəsi, 116)
De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”.
(Bəqərə surəsi, 139)
Həqiqətən, Səfa və Mərvə təpələri Allahın nişanələrindəndir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 158)
(Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz!
(Bəqərə surəsi, 184)
Namazlara və orta namaza davam edin! Allaha itaətkar bir şəkildə (namaza) durun!
(Bəqərə surəsi, 238)
Səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.
(Ali İmran surəsi, 17)
Ey Məryəm, Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”
(Ali İmran surəsi, 43)
Qadınlara mehrlərini könül xoşluğu ilə verin! Əgər öz xoşları ilə ondan sizə bir şey bağışlasalar, onu nuşcanlıqla yeyin!
(Nisa surəsi, 4)
Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə, onlara nəsihət edin, (yola gəlməzlərsə,) yataqda onları yalnız buraxın və (yenə yola gəlməzlərsə,) onlardan ayrılın (boşanın)! Əgər sizə itaət edərlərsə, artıq onlar üçün başqa bir yol axtarmayın! Şübhəsiz ki, Allah ucadır, böyükdür.
(Nisa surəsi, 34)
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
(Yunis surəsi, 22)
Həqiqətən, İbrahim yumşaq qəlbli, Allaha çox yalvaran və özünü Ona həsr edən bir kəs idi.
(Hud surəsi, 75)
Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi.
(Nəhl surəsi, 120)
Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları xilas edib quruya çıxartdıqdan sonra yenə Allaha şərik qoşarlar.
(Ənkəbut surəsi, 65)
Göylərdə və yerdə kim varsa, Ona aiddir və hamısı Ona boyun əymişdir.
(Rum surəsi, 26)
Tövbə edərək Ona yönəlin! Ondan qorxun! Namaz qılın və müşriklərdən olmayın!
(Rum surəsi, 31)
İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönəlib Ona dua edərlər. Sonra Allah onlara Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir qrup yenə Rəbbinə şərik qoşar.
(Rum surəsi, 33)
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
(Loğman surəsi, 15)
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
(Loğman surəsi, 32)
Sizdən hər kim Allaha və Rəsuluna itaət edər və yaxşı işlər görərsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün (cənnətdə) bol ruzi hazırlamışıq.
(Əhzab surəsi, 31)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 35)
Onlar göydə və yerdə önlərinə və arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar, yaxud onların üstünə göydən (əzab) parçaları yağdırarıq. Həqiqətən, tövbə edib Rəbbinə yönələn hər bəndə üçün bunda bir ibrət vardır.
(Səba surəsi, 9)
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
(Sad surəsi, 24)
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
(Zumər surəsi, 8)
Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq təmiz ağıl sahibləri düşünüb ibrət alarlar”.
(Zumər surəsi, 9)
Əgər o sizi boşayarsa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızları zövcə olaraq bəxş edər.
(Təhrim surəsi, 5)
Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu.
(Təhrim surəsi, 12
)