"HUDEYBİYƏ SÜLH MÜQAVİLƏSİ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, Biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik ki,
(Fəth surəsi, 1)
Və Allah sənə şanlı bir zəfər bəxş etsin.
(Fəth surəsi, 3)
Əksinə, siz elçinin və möminlərin bir daha ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz. Bu, sizin qəlbinizin xoşuna gəldi və pis zənn bəslədiniz. Siz məhv olmağa layiq kimsələr oldunuz.
(Fəth surəsi, 12)
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.
(Fəth surəsi, 15)
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
(Fəth surəsi, 16)
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
(Fəth surəsi, 18)
Həmçinin Allah onları əldə edəcəkləri bir çox qənimətlərlə mükafatlandırmışdır. Allah qüdrətlidir, hikmət sahibidir.
(Fəth surəsi, 19)
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. Bunu (Hüdeybiyyə müqaviləsini) sizə tezliklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, möminlər üçün (zəfərə) işarə olsun və sizi doğru yola yönəltsin.
(Fəth surəsi, 20)
Hələ əldə etmədiyiniz başqa qənimətlər də vardır ki, Allah onları elmi ilə əhatə etmişdir. Allah hər şeyə qadirdir.
(Fəth surəsi, 21)
Əgər inkar edənlər sizinlə döyüşsəydilər, arxalarını çevirib qaçacaqdılar. Sonra onlar nə bir dost, nə də bir yardımçı tapa biləcəkdilər.
(Fəth surəsi, 22)
Onlara qarşı sizə zəfər bəxş etdikdən sonra Məkkənin yaxınlığında (Hüdeybiyyədə) onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Odur. Allah sizin etdiklərinizi görür.
(Fəth surəsi, 24)
Onlar inkar edən olub sizin Məscidi-haramı ziyarət etməyinizə və gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz) səbəbilə günaha girəcəyiniz mömin kişi və qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan inkar edən olanlara acı bir əzab verərdik.
(Fəth surəsi, 25)
İnkar edənlər öz qəlbinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah elçisinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
(Fəth surəsi, 26)
Şübhəsiz ki, Allah elçisinin röyasını həqiqətə çevirdi. Siz inşaAllah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi.
(Fəth surəsi, 27)
Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz elçisini hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər!
(Fəth surəsi, 28)
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12
)