Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.
(Bəqərə surəsi, 194)
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Allah müqəddəs ev olan Kəbəni, haram ayı, həcc qurbanını və (qurbanlığın boynuna asılan) boyunbağları insanlar üçün bir dayaq (dolanacaq vasitəsi) etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa, hamısını bildiyini və hər şeydən xəbərdar olduğunu dərk etməyiniz üçündür.
(Maidə surəsi, 97)
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 5)
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Tövbə surəsi, 36
)