Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
(Əraf surəsi, 189)
Hər bir dişinin nəyə hamilə qaldığını və bətnlərin nəyi əskildib, nəyi artırdığını (körpənin vaxtından əvvəl və ya vaxtından gec doğulacağını) Allah bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir.
(Rad surəsi, 8)
Beləcə, (Məryəm) ona (İsaya) hamilə qaldı və buna görə də onunla birlikdə uzaq bir yerə çəkildi.
(Məryəm surəsi, 22)
Onu gördüyün gün hər bir əmzikli qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın uşağını salar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq Allahın əzabı çox şiddətlidir.
(Həcc surəsi, 2)
Biz insana ata-anasına yaxşı davranmsını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir.
(Loğman surəsi, 14)
Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi və qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də balasını dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda (lövhi-məhfuzda) mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır.
(Fatir surəsi, 11)
Qiyamətin vaxtını yalnız O bilir. Onun xəbəri olmadan heç bir meyvə (çəyirdəyi) qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz. Allahın onlara: “Şəriklərim haradadır?” - deyə səslənəcəyi gün onlar: “Biz (buna dair) aramızda heç bir şahidin olmadığını sənə bildirdik”, - deyəcəklər.
(Fussilət surəsi, 47)
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.
(Talaq surəsi, 4)
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
(Talaq surəsi, 6)