Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar: “Doğru yolda olmaq üçün yəhudi və ya xaçpərəst olun!” - dedilər. De: “Əksinə, biz hənif olan (Allaha şərik qoşmayan) İbrahimin dinindəyik. O, Allaha şərik qoşanlardan deyildi”.
(Bəqərə surəsi, 135)
İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.
(Ali İmran surəsi, 67)
De: “Allah doğru demişdir. Ona görə də, hənif (Allahın birliyini tanıyan) olan İbrahimin dininə tabe olun! O, müşriklərdən deyildi”.
(Ali İmran surəsi, 95)
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən və İbrahimin hənif dininə tabe olan kimsədən din baxımından daha gözəl kim ola bilər. Allah İbrahimi Özünə dost tutmuşdur.
(Nisa surəsi, 125)
Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!”
(Ənam surəsi, 79)
De: “Həqiqətən, Rəbbim məni doğru yola, İbrahimin hənif (Allahın təkliyini qəbul edən) dininə yönəltdi! O, müşriklərdən deyildi”.
(Ənam surəsi, 161)
Hənif olaraq (Allahı bir tutaraq) üzünü dinə çevir və əsla müşriklərdən olma!
(Yunis surəsi, 105)
Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi.
(Nəhl surəsi, 120)
Sonra sənə: “Doğru yola yönələrək İbrahimin dininə tabe ol! O, müşriklərdən deyildi”, - deyə vəhy etdik.
(Nəhl surəsi, 123)
Allaha şərik qoşmadan həniflər (Allahın birliyinə inanan möminlər) olun! Kim Allaha şərik qoşarsa, sanki o, göydən düşüb (parçalanmış) və quşlar onu alıb aparmış, yaxud külək onu sovurub uzaq bir yerə atmışdır.
(Həcc surəsi, 31)
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir.
(Rum surəsi, 30)
Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu. Doğru din budur!
(Beyyinə surəsi, 5
)