Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, Səfa və Mərvə təpələri Allahın nişanələrindəndir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 158)
Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Bəqərə surəsi, 189)
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196)
Həcc məlum olan aylardır. Kim o aylarda həcc etməyə niyyət edərsə, bilsin ki, həcdə qadınla yaxınlıq etmək, pis iş görmək və dalaşmaq olmaz. Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!
(Bəqərə surəsi, 197)
(Həcc mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz.
(Bəqərə surəsi, 198)
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)
Sayı bəlli olan günlərdə (Minada) Allahı zikr edin! Kim iki gün ərzində (Minadan qayıtmağa) tələsərsə, ona heç bir günah yoxdur. Kim yubanarsa, ona da heç bir günah yoxdur. Bu, təqva sahiblərinə aiddir. Allahdan qorxun və bilin ki, siz Onun hüzurunda toplanacaqsınız.
(Bəqərə surəsi, 203)
Ey iman edənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq şərtilə (aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər.
(Maidə surəsi, 1)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Həm sizə, həm də yolçulara bir dolanacaq olsun deyə dənizdə ov etmək və onu yemək sizə halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
(Maidə surəsi, 96)
Şübhəsiz, inkar edən olub Allah yolundan və həm yerli, həm də kənardan gələnlər üçün məbəd etdiyimiz Məscidi-haramdan (insanları) uzaqlaşdıran və orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq.
(Həcc surəsi, 25)
İnsanlar arasında həcci elan et ki, istər piyada, istərsə də hər cür uzaq yoldan dəvə üstündə sənə gəlsinlər.
(Həcc surəsi, 27
)