Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman ediblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 228)
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
(Bəqərə surəsi, 231)
Qadınları boşadığınız və gözləmə müddətləri bitdiyi zaman, əgər aralarında müvafiq şəkildə razılığa gəliblərsə, onların yenidən öz ərləri ilə evlənmələrinə mane olmayın! Bu, sizdən Allaha və axirət gününə inananlar üçün bir nəsihətdir. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Allah bilir, siz isə bilməzsiniz.
(Bəqərə surəsi, 232)
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
(Bəqərə surəsi, 233)
Sizdən ölən kimsələrin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər. Gözləmə müddətləri tamamlandığı zaman öz barələrində etdikləri məşru işlərdə sizə günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.
(Bəqərə surəsi, 234)
(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməyiniz və ya (bu istəyi) ürəyinizdə gizlətməyiniz sizə günah deyil. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlara məşru bir söz demək istisna olmaqla, onlarla gizlində vədələşməyin! Fərz olan gözləmə vaxtları bitənə qədər (onlarla) nikahlanmaq fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Elə isə, Ondan çəkinin və bilin ki, Allah bağışlayandır, həlimdir.
(Bəqərə surəsi, 235)
Sizlərdən vəfat edib (arxalarında) arvadını qoyub gedənlər öz zövcəsi üçün vəsiyyət etməlidirlər ki, (evlərindən) çıxarılmamaq şərtilə bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri məşru işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.
(Bəqərə surəsi, 240)
Ey elçi! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).
(Talaq surəsi, 1)
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
(Talaq surəsi, 2)
Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
(Talaq surəsi, 3)
(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.
(Talaq surəsi, 4)
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun pis əməllərinin üstünü örtər və onun mükafatını artırar.
(Talaq surəsi, 5)
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
(Talaq surəsi, 6)
İmkanlı olan (boşanmış, yaxud südəmər uşağı olan qadınlara) öz imkanına görə versin! İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin! Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər.
(Talaq surəsi, 7)