Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır.
(Bəqərə surəsi, 7)
Az qalır ki, ildırım onların gözlərini kor etsin. Şimşək onların yolunu işıqlandırdığı zaman yeriyər, qaranlıq çökdükdə isə dayanarlar. Əgər Allah istəsəydi, şübhəsiz ki, onların eşitmə və görmə qabiliyyətlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 20)
O zaman sizin üçün dənizi yardıq və sizi xilas etdik. Fironun adamlarını isə gözünüzün qabağında suda boğduq.
(Bəqərə surəsi, 50)
Elçiyə nazil olanı eşitdikləri zaman bildikləri həqiqətə görə onların gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman etdik. Bizi (haqqa) şahid olanlarla birlikdə yaz!
(Maidə surəsi, 83)
Gözlər Onu görə bilməz. Ancaq O, gözləri görər. O lütfkardır, hər şeydən xəbərdardır.
(Ənam surəsi, 103)
(Möcüzə gəlsə belə) daha əvvəl ona iman etmədikləri kimi, yenə onların qəlbini və gözlərini tərsinə çevirərik və onları, öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyarıq.
(Ənam surəsi, 110)
Ancaq gözləri cəhənnəm əhlinə tərəf çevrildiyi zaman: “Ey Rəbbimiz, bizi zalım qövmlə bərabər etmə!” - deyərlər.
(Əraf surəsi, 47)
Musa: “Siz atın!” - dedi. Onlar (əllərindəki ipləri və çomaqları) atdıqları zaman insanların gözlərini sehrlədilər və onları qorxudaraq böyük bir sehr göstərdilər.
(Əraf surəsi, 116)
And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.
(Əraf surəsi, 179)
Allah, olacaq bir işi yerinə yetirmək üçün (döyüşdə) üz-üzə gəldiyiniz zaman onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə az göstərirdi. Bütün işlər Allaha qaytarılacaqdır.
(Ənfal surəsi, 44)
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur.
(Tövbə surəsi, 92)
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!
(Yunis surəsi, 31)
Nuh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıramsa, Rəbbim mənə Öz dərgahından bir mərhəmət bəxş edibsə və o sizə gizli qalıbsa, istəmədiyiniz halda sizi ona məcbur edə bilərikmi?!
(Hud surəsi, 28)
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman edən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlbində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
(Hud surəsi, 31)
(Yaqub) onlardan üz çevirib: “Ah Yusifim!” - dedi. Kədərindən gözlərinə ağ gəlmişdi. Çünki o, qəmini ürəyində saxlayırdı.
(Yusif surəsi, 84)
Mənim bu köynəyimi aparıb atamın üzünə qoyun, o görməyə başlayacaq. Sonra da bütün ailənizlə mənim yanıma gəlin!”
(Yusif surəsi, 93)
Müjdəçi gəldiyi zaman onu (köynəyi Yaqubun) üzünə qoydu və onun gözləri dərhal açıldı. (Yaqub) dedi: “Mən sizə demədimmi ki, Allahdan (gələn vəhylə) sizin bilmədiklərinizi bilirəm”.
(Yusif surəsi, 96)
(Ey elçi!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır.
(İbrahim surəsi, 42)
Onlar (o gün) gözlərini belə qırpmadan başlarını göyə qaldırıb, qəlbi bomboş halda (qeyri-ixtiyari olaraq carçıya tərəf) qaçacaqlar.
(İbrahim surəsi, 43)
Hökmən: “Sadəcə olaraq gözlərimiz bağlanmış, daha doğrusu, biz sehrlənmişik”, - deyərdilər.
(Hicr surəsi, 15)
Onlar, Allahın qəlbini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar əsil qafillərdir.
(Nəhl surəsi, 108)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
O (inkar edənlər) ki, gözləri pərdəli olduğu üçün Məni anmır və (haqqı) eşidə bilmirdilər.
(Kəhf surəsi, 101)
Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən inkar edən olanların gözləri bərələr (və belə deyərlər): “Vay halımıza! Həqiqətən, biz bundan xəbərsiz idik. Əksinə, biz zalım kimsələrmişik”.
(Ənbiya surəsi, 97)
Onlar yer üzündə dolaşmadılarmı ki, bunun sayəsində onların düşünən qəlbi, yaxud eşidən qulaqları olsun?! Şübhəsiz, gözlər yox, sinələrdəki qəlb kor olur.
(Həcc surəsi, 46)
Sizin üçün qulaqlar, gözlər və qəlb yaradan Odur. Nə qədər də az şükür edirsiniz!
(Muminun surəsi, 78)
Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır.
(Nur surəsi, 30)
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31)
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)
Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu sovuşdurar. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
(Nur surəsi, 43)
Möcüzələrimiz açıq bir şəkildə onlara gəldiyi zaman: “Bu, açıq-aydın bir sehrdir!” - dedilər.
(Nəml surəsi, 13)
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və qəlb yaratdı. Nə qədər də az şükür edirsiniz!
(Səcdə surəsi, 9)
Onlar həm yuxarıdan, həm də aşağıdan sizin üstünüzə gəldikləri zaman gözləriniz bərəlmiş, qəlbiniz ağızlarınıza gəlmiş və Allah barəsində müxtəlif şeylər düşünmüşdünüz.
(Əhzab surəsi, 10)
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman etməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.
(Əhzab surəsi, 19)
Əgər Biz istəsəydik, onların gözlərini tamamilə kor edərdik. Bu zaman onlar (doğru) yola çatmaq üçün bir-birləri ilə yarışardılar. Ancaq necə görə bilərdilər?!
(Yasin surəsi, 66)
Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlərmi?”
(Sad surəsi, 63)
Allah xain baxışları və qəlbin gizlətdiyini bilir.
(Mömin surəsi, 19)
Cənnətdə onların ətrafında qızıl sinilər və qədəhlər dolandırılacaq. Orada qəlbin istədiyi və gözlərin xoşlandığı hər şey mövcuddur. Siz orada əbədi qalacaqsınız.
(Zuxruf surəsi, 71)
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
(Casiyə surəsi, 23)
Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq (ortaya) çıxacaqlar.
(Qamər surəsi, 7)
Onlar Lutun qonaqlarına (yaraşıqlı oğlanlar kimi görünən mələklərə) pislik etmək istəmişdilər. Biz də onların gözlərini kor etdik. İndi əzabımı və təhdidlərimi dadın!
(Qamər surəsi, 37)
O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?
(Mülk surəsi, 3)
Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir.
(Mülk surəsi, 4)
De: “Sizi yaradan, sizə qulaq, göz və qəlb bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”
(Mülk surəsi, 23)
Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular.
(Qələm surəsi, 43)
Həqiqətən, inkar edənlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” - deyirlər.
(Qələm surəsi, 51)
Onlar gözləri yerə zillənmiş, özlərini də zillət bürümüş bir halda olacaqlar. Onlara vəd olunan gün budur!
(Məaric surəsi, 44)
Gözlər (qorxudan) yerə zillənəcək.
(Naziat surəsi, 9
)