Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə inkar edən olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək inkar edən oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də inkar edən olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!
(Bəqərə surəsi, 102)
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidi-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün! İnkar edənlərin cəzası belədir.
(Bəqərə surəsi, 191)
Fitnə aradan qalxana və din sırf Allaha məxsus olanadək onlarla vuruşun! Əgər onlar buna son qoysalar, (bilsinlər ki,) zülm edənlərdən başqasına düşmənçilik edilməyəcəkdir.
(Bəqərə surəsi, 193)
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
(Ali İmran surəsi, 7)
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik.
(Nisa surəsi, 91)
Ey elçi! Qəlbi inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
(Maidə surəsi, 41)
Onların başına heç bir bəla gəlməyəcəyini zənn edərək kor və kar kimi davrandılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan bir çoxu kor və kar kimi davrandı. Allah onların etdiklərini görəndir.
(Maidə surəsi, 71)
Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” - deməkdən başqa bəhanələri qalmayacaqdır.
(Ənam surəsi, 23)
İçinizdən sadəcə zülm edənlərə toxunmayan fitnədən qorxun! Bilin ki, Allahın əzabı şiddətlidir.
(Ənfal surəsi, 25)
Bilin ki, mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah yanındadır.
(Ənfal surəsi, 28)
Fitnə (şirk) yox olana və din tamamilə Allaha məxsus olanadək onlarla vuruşun! Əgər fitnəyə son qoysalar, bilsinlər ki, Allah onların nə etdiklərini görür.
(Ənfal surəsi, 39)
İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz bunu yerinə yetirməsəniz (bir-birinizə kömək edib dost olmasanız), yer üzündə böyük bir fitnə-fəsad olar.
(Ənfal surəsi, 73)
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır.
(Tövbə surəsi, 47)
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi.
(Tövbə surəsi, 48)
Onlardan elələri də var ki: “Mənə (cihada çıxmamağa) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm inkar edənləri mütləq bürüyəcəkdir!
(Tövbə surəsi, 49)
Onlardan elələri də var ki: “Mənə (cihada çıxmamağa) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm inkar edənləri mütləq bürüyəcəkdir!
(Tövbə surəsi, 49)
Onlar da belə dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların sınağına çevirmə!
(Yunis surəsi, 85)
(Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul edəcəkdilər.
(İsra surəsi, 73)
Həqiqətən, Harun daha əvvəl onlara: “Ey qövmüm! Siz onunla ancaq sınağa çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Ona görə də mənə uyun və əmrimə itaət edin!” - demişdi.
(Taha surəsi, 90)
İnsanlardan eləsi də var ki, Allaha şübhə içində ibadət edər. Əgər ona bir xeyir toxunsa, rahat olar. Əgər o bir müsibətə düçar olsa, çöhrəsi dəyişər (küfrə geri dönər). O, dünyada da, axirətdə də ziyana düşmüşdür. Açıq-aşkar ziyan məhz budur!
(Həcc surəsi, 11)
Elçini öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə də Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər!
(Nur surəsi, 63)
İnsanlardan eləsi də var ki: “Biz Allaha inandıq!” - deyər. Ancaq Allah yolunda əziyyətə düçar olduqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi hesab edər. Əgər Rəbbin (möminlərə) zəfər bəxş etsə, onlar mütləq: “Biz də sizinlə birlikdə idik!” - deyərlər. Məgər Allah aləmlərin (insanların) qəlbindəkini bilmirmi?!
(Ənkəbut surəsi, 10)
Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə (şirk qoşmaları) tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar.
(Əhzab surəsi, 14)
Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik.
(Saffat surəsi, 63)
Heç kimi Allahın yolundan azdıra bilməzsiniz,
(Saffat surəsi, 162)
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 49)
(Onlara belə deyiləcək:) “Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”.
(Zəriyət surəsi, 14)
Onları sınamaq üçün dişi bir dəvə göndərən Bizik. (Ey Saleh!) Ona görə də sən onları gözlə və səbir et!
(Qamər surəsi, 27)
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı.
(Hədid surəsi, 14)
Ey Rəbbimiz, bizi inkar edənlər üçün imtahan vasitəsi etmə! Ey Rəbbimiz, bizi bağışla! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən!”
(Mumtəhənə surəsi, 5)
Şübhəsiz ki, mallarınız və övladlarınız bir sınaqdır. Böyük mükafat Allah dərgahındadır.
(Təğabun surəsi, 15)
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
(Müddəssir surəsi, 31
)