Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey İsrail oğulları!) Vaxtilə sizə ağır işgəncələr verən, oğlan uşaqlarınızı kəsərək öldürüb qadınlarınızı sağ buraxan Firon əhlinin əlindən sizi xilas etmişdik. Bu, sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan idi.
(Bəqərə surəsi, 49)
O zaman sizin üçün dənizi yardıq və sizi xilas etdik. Fironun adamlarını isə gözünüzün qabağında suda boğduq.
(Bəqərə surəsi, 50)
(Onların halı,) Firon camaatı və onlardan əvvəlkilərin halı kimidir. Onlar Bizim ayələrimizi yalanladılar. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası şiddətlidir.
(Ali İmran surəsi, 11)
Sonra onların ardınca Musanı möcüzələrimizlə Firona və onun qövmünə elçi göndərdik. Ancaq onlar möcüzələri inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
(Əraf surəsi, 103)
Musa dedi: “Ey Firon, şübhəsiz ki, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm!
(Əraf surəsi, 104)
(Firon Musaya) belə dedi: “Əgər bir möcüzə gətirmisənsə və doğru deyirsənsə, onu göstər görək!”
(Əraf surəsi, 106)
Firon qövmünün başçıları dedilər: “Həqiqətən, bu, çox bilikli bir sehrbazdır.
(Əraf surəsi, 109)
O sizi torpağınızdan çıxartmaq istəyir. Elə isə nə əmr edirsiniz?”
(Əraf surəsi, 110)
Onlar dedilər: “Onu da, qardaşını da saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,
(Əraf surəsi, 111)
Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər!”
(Əraf surəsi, 112)
Sehrbazlar Fironun yanına gələrək: “Əgər qalib gəlsək, bizə həqiqətən, bir mükafat veriləcək!” - dedilər.
(Əraf surəsi, 113)
Firon da: “Bəli, həm də siz mütləq yaxın adamlarımdan olacaqsınız”, - dedi.
(Əraf surəsi, 114)
(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı) at, ya da biz (əlimizdəkiləri) ataq?”
(Əraf surəsi, 115)
Musa: “Siz atın!” - dedi. Onlar (əllərindəki ipləri və çomaqları) atdıqları zaman insanların gözlərini sehrlədilər və onları qorxudaraq böyük bir sehr göstərdilər.
(Əraf surəsi, 116)
Biz də Musaya: “Əsanı at!” - deyə vəhy etdik. Bir də baxdılar ki, (əsa ilana çevrilib) onların uydurduqları şeyləri udur.
(Əraf surəsi, 117)
Beləliklə, həqiqət ortaya çıxdı, onların etdikləri isə yox olub getdi.
(Əraf surəsi, 118)
Beləcə, (Firon və qövmü) orada məğlub oldular və zəlil hala düşdülər.
(Əraf surəsi, 119)
Sehrbazlar isə səcdəyə qapandılar.
(Əraf surəsi, 120)
Onlar dedilər: “Aləmlərin Rəbbinə iman etdik,
(Əraf surəsi, 121)
Firon dedi: “Mən sizə icazə vermədən ona iman etdiniz? Şübhəsiz ki, bu, əhalisini çıxartmaq üçün şəhərdə qurduğunuz bir hiylədir. Siz (başınıza gələcək şeyləri) biləcəksiniz!
(Əraf surəsi, 123)
Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, sonra da hamınızı hökmən çarmıxa çəkdirəcəyəm!”
(Əraf surəsi, 124)
(Sehrbazlar) dedilər: “Şübhəsiz ki, biz Rəbbimizin hüzuruna qayıdacağıq.
(Əraf surəsi, 125)
Sən sadəcə olaraq Rəbbimizin möcüzələri bizə gəldiyi zaman iman etdik deyə bizdən intiqam alırsan. Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!”
(Əraf surəsi, 126)
Fironun qövmünün əyanları isə belə dedilər: “Səni və sənin ilahlarını atıb yer üzündə fitnə-fəsad törətsinlər deyə Musanı və qövmünü buraxacaqsanmı?” O dedi: “Onların oğlanlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Bizim onlara hökmranlıq etməyə gücümüz çatar”.
(Əraf surəsi, 127)
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin! Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən dilədiyi kimsəni onun varisi edər. Gözəl aqibət təqva sahiblərinin olacaqdır”.
(Əraf surəsi, 128)
(İsrail oğulları) dedilər: “Sən bizə gəlməmişdən əvvəl də bizə əziyyət verilirdi, sən bizə gələndən sonra da”. (Musa) dedi: “Ümid olunur ki, Rəbbiniz düşməninizi məhv edər və (onların yerinə) sizi yer üzünün hakimi edər, sonra da necə hərəkət edəcəyinizə baxar”.
(Əraf surəsi, 129)
Həqiqətən, Firon ailəsini quraqlıq və məhsul qıtlığı ilə cəzalandırdıq ki, bəlkə, düşünüb ibrət alalar.
(Əraf surəsi, 130)
Onlara xeyir gəldiyi zaman: “Bu bizim haqqımızdır!” - deyirdilər. Əgər onlara bir pislik üz verərsə, Musa və onunla bərabər olanları uğursuz sayırdılar. Bilin ki, onların uğursuzluğu yalnız Allah tərəfindəndir. Lakin onların çoxu bilməz.
(Əraf surəsi, 131)
Onlar dedilər: “Bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də sənə iman edən deyilik”.
(Əraf surəsi, 132)
Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular.
(Əraf surəsi, 133)
Onlara əzab gəldiyi zaman dedilər: “Ey Musa! Sənə verdiyi əhdin hörmətinə bizim üçün Rəbbinə dua et! Əgər əzabı bizdən dəf etsən, mütləq sənə iman edəcək və hökmən İsrail oğullarını səninlə göndərəcəyik”.
(Əraf surəsi, 134)
Elə ki, müəyyən bir müddətə qədər əzabı onlardan dəf etdik, dərhal sözlərindən döndülər.
(Əraf surəsi, 135)
Biz də ayələrimizi (möcüzələrimizi) yalanladıqlarına və düşünüb təfəkkür etmədiklərinə görə onlardan intiqam aldıq və onları dənizdə boğduq.
(Əraf surəsi, 136)
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik.
(Əraf surəsi, 137)
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar da Allahın ayələrini inkar etmişdilər. Ona görə də Allah onları günahlarına görə cəzalandırmışdı. Şübhəsiz ki, Allah güclüdür, cəzası şiddətlidir.
(Ənfal surəsi, 52)
Bu ona görədir ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri yaxşı xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 53)
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə (dənizdə) boğmuşduq. Onların hamısı zalım idi.
(Ənfal surəsi, 54)
Sonra onların ardınca Musanı və Harunu möcüzələrimizlə Firona və onun qövmünə göndərdik. Ancaq onlar təkəbbürləndilər və günahkar bir qövm oldular.
(Yunis surəsi, 75)
Tərəfimizdən onlara haqq gəldiyi zaman: “Şübhəsiz, bu açıq-aşkar bir sehrdir!” - dedilər.
(Yunis surəsi, 76)
Musa: “Sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Halbuki sehrbazlar nicat tapmazlar!” - dedi.
(Yunis surəsi, 77)
Onlar dedilər: “Bizi atalarımızın yolundan döndərəsiniz və yer üzündə hökmranlıq ikinizə qalsın deyəmi gəldiniz? Halbuki biz sizə iman edəsi deyilik”.
(Yunis surəsi, 78)
Firon dedi: “Bütün bilikli sehrbazları yanıma gətirin!”
(Yunis surəsi, 79)
Sehrbazlar gəldiyi zaman Musa onlara: “Siz atacağınız şeyləri (sehr alətlərini) atın!” – dedi.
(Yunis surəsi, 80)
Onlar (əllərindəki ipləri yerə) atdıqları zaman Musa dedi: “Sizin etdiyiniz sehrdir. Şübhəsiz ki, Allah onu boşa çıxaracaqdır. Həqiqətən, Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz.
(Yunis surəsi, 81)
Günahkarların xoşuna gəlməsə də, Allah sözləri ilə həqiqəti ortaya çıxaracaqdır”.
(Yunis surəsi, 82)
Firon və qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız bir dəstə iman etdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı və həddi aşanlardan idi.
(Yunis surəsi, 83)
Musa dedi: “Ey qövmüm, əgər Allaha iman edib təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin!”
(Yunis surəsi, 84)
Onlar da belə dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların sınağına çevirmə!
(Yunis surəsi, 85)
Mərhəmətinlə bizi inkar edən qövmdən xilas et!”
(Yunis surəsi, 86)
Musaya və qardaşına: “(Təhlükəsizlik məqsədilə) qövmünüz üçün Misirdə evlər hazırlayın və evlərinizi namazgah edin! Namazı düzgün qılın və (ey Musa!) möminləri müjdələ!” - deyə vəhy etdik.
(Yunis surəsi, 87)
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlbini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman etməsinlər!”
(Yunis surəsi, 88)
Allah buyurdu: “İkinizin də duası qəbul olunmuşdur. Ona görə də haqq yolunda möhkəm olun və bilməyənlərin yolundan getməyin!”
(Yunis surəsi, 89)
İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!”
(Yunis surəsi, 90)
İndimi (iman etdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin.
(Yunis surəsi, 91)
(Ey Firon!) Səndən sonrakılara ibrət olsun deyə bu gün sənin (cansız) bədənini xilas edəcəyik. Həqiqətən, insanların çoxu ayələrimizdən qafildir.
(Yunis surəsi, 92)
Şübhəsiz, Biz Musanı da möcüzələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik -
(Hud surəsi, 96)
Firona və onun əyanlarına. Lakin onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru deyildi.
(Hud surəsi, 97)
O, qiyamət günü öz qövmünün qabağına keçib onları cəhənnəmə aparacaq. Aparıldıqları yer necə də pisdir!
(Hud surəsi, 98)
Onlar həm burada, həm də axirətdə lənətə düçar oldular. Onlara verilən hədiyyə necə də pisdir!
(Hud surəsi, 99)
Şübhəsiz, Biz Musaya açıq-aşkar doqquz möcüzə verdik. İsrail oğullarından da soruş. Musa onların yanına gəldiyi zaman Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”, - demişdi.
(İsra surəsi, 101)
Musa belə cavab vermişdi: “Şübhəsiz, sən də bilirsən ki, bunları göylərin və yerin Rəbbi ibrət olaraq nazil etdi. Ey Firon, mən də sənin məhv olduğunu düşünürəm!”
(İsra surəsi, 102)
Firon onları ölkədən çıxartmaq istədi. Ona görə də Biz onu və onunla birlikdə olanların hamısını (dənizdə) boğduq.
(İsra surəsi, 103)
Fironun yanına get! Həqiqətən, o, həddini aşmışdır”.
(Taha surəsi, 24)
Bir zaman Rəbbin Musaya səslənmişdi: “Zalım qövmün yanına get -
(Şuəra surəsi, 10)
Firon qövmünün yanına! Onlar (başlarına gələcək fəlakətdən) qorxmurlarmı?”
(Şuəra surəsi, 11)
(Firon) dedi: “Biz səni körpə ikən himayəmizə götürüb böyütmədikmi? Sən illərlə aramızda yaşadın.
(Şuəra surəsi, 18)
Edəcəyini də etdin. Sən nankorlardansan!”
(Şuəra surəsi, 19)
Musa dərhal onu atdı. Bir də gördü ki, o, sürətlə sürünən bir ilan oldu.
(Taha surəsi, 20)
Allah buyurdu: “Qorxma, götür onu! Biz onu əvvəlki şəklinə salacağıq.
(Taha surəsi, 21)
Bir də, əlini qoltuğunun altına sal ki, başqa bir möcüzə olaraq (əlin) qüsursuz bir şəkildə ağappaq çıxsın!
(Taha surəsi, 22)
Ən böyük möcüzələrimizdən bəzilərini sənə göstərmək məqsədilə (bunları etdik).
(Taha surəsi, 23)
Fironun yanına get! Həqiqətən, o, həddini aşmışdır”.
(Taha surəsi, 24)
(Firon) ətrafındakı əyanlara dedi: “Həqiqətən, bu, çox bilikli bir sehrbazdır.
(Şuəra surəsi, 34)
O, sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. İndi siz nə buyurursunuz?”
(Şuəra surəsi, 35)
Onlar dedilər: “Onu və qardaşını yubandır və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,
(Şuəra surəsi, 36)
Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
(Şuəra surəsi, 37)
Beləcə, məlum bir günün müəyyən vaxtında sehrbazlar yığıldılar.
(Şuəra surəsi, 38)
İnsanlara da belə deyildi: “Siz də yığılırsınızmı?
(Şuəra surəsi, 39)
Əgər sehrbazlar qalib gəlsələr, çox güman ki, biz də onların arxasınca gedərik”.
(Şuəra surəsi, 40)
Sehrbazlar gəldikləri zaman Firona: “Əgər biz qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?” - dedilər.
(Şuəra surəsi, 41)
(Firon) dedi: “Bəli! O zaman siz, əlbəttə, yaxın adamlarımdan olacaqsınız”.
(Şuəra surəsi, 42)
(Firon qəzəblənərək:) “Mən sizə icazə vermədən ona iman etdiniz. Deməli, o, sizə sehr öyrədən böyüyünüzdür. Əlbəttə, (sizə nə edəcəyimi) biləcəksiniz. Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” - dedi.
(Şuəra surəsi, 49)
Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
(Şuəra surəsi, 53)
(Və belə dedi:) “Həqiqətən, bunlar az saylı bir tayfadır.
(Şuəra surəsi, 54)
Biz isə, əlbəttə, gözüaçıq bir camaatıq!”
(Şuəra surəsi, 56)
Beləcə, onları (Firon və ordusunu) bağlardan və bulaqlardan çıxartdıq.
(Şuəra surəsi, 57)
Xəzinələrdən və dəyərli yerdən (çıxartdıq).
(Şuəra surəsi, 58)
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Bu, Firon və onun qövmünə göstəriləcək doqquz möcüzədən biridir. Həqiqətən, onlar fasiq bir qövmdür”.
(Nəml surəsi, 12)
İman edən bir qövm üçün Musanın və Fironun xəbərlərindən bir qismini olduğu kimi sənə oxuyacağıq.
(Qəsas surəsi, 3)
Firon öz torpağında (Misirdə) azğınlıq edərək oranın əhalisini zümrələrə ayırmışdı. O, onlardan bir qövmün (İsrail oğullarının) oğlan uşaqlarını boğazlayıb qadınlarını sağ buraxaraq onları alçaldırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
(Qəsas surəsi, 4)
Biz o torpaqlarda əzilənlərə (İsrail oğullarına) lütf edərək, onları rəhbərlər və varislər etmək istəyirdik.
(Qəsas surəsi, 5)
Biz onlara o torpaqlarda hökmranlıq vermək, Firona, Hamana və ordularına qorxduqları şeyi göstərmək istəyirdik.
(Qəsas surəsi, 6)
Beləcə, Fironun ailəsi özlərinə düşmən və başlarına bəla olacaq Musanı (nil çayından) götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri səhv yolda idilər.
(Qəsas surəsi, 8)
Fironun arvadı (Asiyə) dedi: “(Bu uşaq) mənim və sənin üçün gözaydınlığıdır. Onu öldürməyin! Ola bilsin ki, onun bizə faydası toxunar, yaxud onu oğulluğa götürərik”. Halbuki, onlar (bu işin sonunun) fərqində deyildilər.
(Qəsas surəsi, 9)
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Əlini özünə çək ki, qorxun keçsin! Bunlar Firona və onun əyanlarına qarşı Rəbbin tərəfindən iki dəlildir. Həqiqətən, onlar fasiqlərdir”.
(Qəsas surəsi, 32)
Firon dedi: “Ey əyanlar! Sizin üçün məndən başqa bir ilah tanımıram. Ey Haman! Palçığın üzərində od qala və (kərpiç düzəldib bununla) mənim üçün bir qüllə tikdir ki, bəlkə, Musanın ilahına boylanıb baxa bildim. Həqiqətən, mən onun yalançılardan olduğunu hesab edirəm”.
(Qəsas surəsi, 38)
O (Firon) və əsgərləri yer üzündə haqsız yerə təkəbbürlənir və bizə qaytarılmayacaqlarını zənn edirdilər.
(Qəsas surəsi, 39)
Buna görə də Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Bax gör, zalımların aqibəti necə oldu!
(Qəsas surəsi, 40)
Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara açıq-aydın dəlillər gətirmişdi. Onlar isə yer üzündə təkəbbürləndilər və (əzabımızdan) qurtula bilmədilər.
(Ənkəbut surəsi, 39)
Onlardan əvvəl Nuh qövmü, Ad qövmü və dirəklər sahibi Firon da (elçiləri) yalanlamışdı.
(Sad surəsi, 12)
Biz Musanı möcüzələrimizlə və açıq-aydın bir dəlillə göndərdik -
(Mömin surəsi, 23)
Fironun, Hamanın və Qarunun yanına. Ancaq onlar: “Bu, çox yalançı bir sehrbazdır!” - dedilər.
(Mömin surəsi, 24)
Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. İnkar edənlərin hiyləsi, əlbəttə, boşa çıxar.
(Mömin surəsi, 25)
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o Rəbbini (köməyə) çağırsın. Həqiqətən, mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.
(Mömin surəsi, 26)
Musa isə: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığındım!” - dedi.
(Mömin surəsi, 27)
Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.
(Mömin surəsi, 28)
Ey qövmüm! Bu gün hökmranlıq yer üzündə qalib olan sizlərin əlindədir. Ancaq Allahın əzabı gələrsə, bizə kim kömək edəcək?” Firon: “Mən sizə yalnız öz fikrimi bildirir və doğru yolu göstərirəm!” - dedi.
(Mömin surəsi, 29)
Mömin olan şəxs isə belə dedi: “Ey qövmüm! Həqiqətən, mən (keçmiş) firqələrin başına gələn gün kimi bir günün sizin də başınıza gəlməsindən qorxuram.
(Mömin surəsi, 30)
Nuh, Ad, Səmud qövmü və onlardan sonrakıların başına gələn kimi (bir bəlanın sizin başınıza gəlməsindən qorxuram). Allah bəndələrinə zülm etmək istəməz.
(Mömin surəsi, 31)
Ey qövmüm! Həqiqətən, mən sizin üçün ah-nalə günündən qorxuram.
(Mömin surəsi, 32)
Siz o gün arxanızı dönüb qaçacaqsınız. Sizi Allahdan qoruyan olmayacaq. Allah kimi haqq yoldan azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz”.
(Mömin surəsi, 33)
Firon dedi: “Ey Haman, mənim üçün elə bir hündür qüllə tik ki, mən onunla çata bilim yollara -
(Mömin surəsi, 36)
Göylərə gedən yollara və Musanın ilahını görüm. Həqiqətən, mən onun yalançı olduğunu düşünürəm”. Beləcə, Firona pis əməli gözəl göstərildi və haqq yoldan çıxarıldı. Fironun hiyləsi, əlbəttə, boşa çıxdı.
(Mömin surəsi, 37)
Beləcə, Allah həmin şəxsi onların hiylələrinin şərindən qorudu. Firon qövmünü isə pis bir əzab bürüdü.
(Mömin surəsi, 45)
Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!”
(Mömin surəsi, 46)
Həqiqətən, Biz Musanı möcüzələrimizlə Firona və onun əyanlarına göndərmişdik və o: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” - demişdi.
(Zuxruf surəsi, 46)
Musa möcüzələrimizi onlara göstərdiyi zaman onlar buna gülmüşdülər.
(Zuxruf surəsi, 47)
Onlara göstərdiyimiz hər bir möcüzə digərindən daha böyük idi. Bəlkə (haqq yola) qayıdarlar deyə Biz onları müxtəlif əzablarla cəzalandırdıq.
(Zuxruf surəsi, 48)
Onlar: “Ey sehrbaz! Sənə verdiyi sözün hörmətinə, bizim üçün Rəbbinə dua et (Rəbbin əzabı bizdən götürsün). Həqiqətən, biz doğru yola yönələcəyik!” - dedilər.
(Zuxruf surəsi, 49)
Lakin Biz əzabı onlardan götürdüyümüz zaman onlar verdikləri sözdən döndülər.
(Zuxruf surəsi, 50)
Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər (mənim əzəmətimi) görmürsünüzmü?!
(Zuxruf surəsi, 51)
Yoxsa mən sözünü açıq-aydın deyə bilməyən bu aciz adamdan daha xeyirli deyiləmmi?!
(Zuxruf surəsi, 52)
Ona qızıl bilərziklər verilməli, yaxud onunla birlikdə köməkçi mələklər gəlməli deyildimi?!”
(Zuxruf surəsi, 53)
Beləcə, Firon öz qövmünü xor görüb aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq idilər.
(Zuxruf surəsi, 54)
Onlar Bizi qəzəbləndirdikləri zaman onlardan intiqam aldıq və onların hamısını suda boğduq.
(Zuxruf surəsi, 55)
Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir elçi gəlmişdi.
(Duxan surəsi, 17)
Onlar qoyub getdilər neçə-neçə bağları, çeşmələri,
(Duxan surəsi, 25)