Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bir vaxt İbrahim demişdi: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” (Allah ona): “İnanmırsanmı?” – dedi. (İbrahim) dedi: “Bəli (inanıram), lakin ürəyimin rahat olması üçün (soruşdum)”. (Allah) dedi: “Dörd cür quş götür və onları özünə öyrəşdir. Sonra (onları tikə-tikə doğrayaraq) hər dağın üzərinə onlardan bir parça qoy. Sonra da onları çağır. Onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!”
(Bəqərə surəsi, 260)
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə də Allahın nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!”
(Əraf surəsi, 74)
Təyin etdiyimiz vaxtda Musa gəlib Rəbbi onunla danışdığı zaman o dedi: “Ey Rəbbim! Özünü mənə göstər ki, Sənə baxım!” Allah dedi: “Sən Məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlla etdiyi zaman onu parça-parça etdi. Musa da bayılıb yerə yıxıldı. Ayıldığı zaman: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman edənlərin birincisiyəm!” - dedi.
(Əraf surəsi, 143)
Bir zaman dağı onların (İsrail oğullarının) üstünə kölgə kimi qaldırmışdıq və zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Sizə verdiyimizi (kitabı) möhkəm tutun və içindəkiləri xatırlayın ki, bəlkə, siz (pis əməllərdən) çəkinəsiniz.
(Əraf surəsi, 171)
Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna: “Oğlum, bizimlə birlikdə (gəmiyə) min və inkar edənlərlə birlikdə olma!” - deyə səsləndi.
(Hud surəsi, 42)
Dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh: “Bu gün Allahın əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” – dedi. Dalğa o ikisinin arasına girdi və o da boğulanlardan oldu.
(Hud surəsi, 43)
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman etməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman edənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə inkar edənlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
(Rad surəsi, 31)
Hiylələri Allaha məlum olduğu halda onlar hiylə qurmuşdular. Halbuki onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir.
(İbrahim surəsi, 46)
Onlar əmin-amanlıqda olmaq üçün dağları yonub evlər düzəldirdilər.
(Hicr surəsi, 82)
O, sizi yırğalamasın deyə, yer üzündə möhkəm dağlar, yolunuzu tapasınız deyə də, çaylar və yollar yaratdı.
(Nəhl surəsi, 15)
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur!
(Nəhl surəsi, 68)
Allah, yaratdığı şeylərdən sizin üçün kölgəliklər etdi. Dağlarda sizin üçün sığınacaqlar yaratdı. Sizi istidən qoruyan geyimlər və həmçinin müharibədə sizi mühafizə edən zirehli paltar yaratdı. Beləcə, O, müsəlman olasınız deyə sizə olan nemətini tamamladı.
(Nəhl surəsi, 81)
Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən.
(İsra surəsi, 37)
O gün (axirət günü) dağları hərəkətə gətirəcəyik (yox edəcəyik) və yer üzünü dümdüz görəcəksən. Onlardan heç kimi kənarda qoymayıb (hamısını) bir yerə yığacağıq.
(Kəhf surəsi, 47)
Mənə dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını eyni səviyyəyə gətirdiyi zaman o: “(Körükləri) üfürün!” - dedi. Onu od halına saldığı zaman: “Mənə gətirin, onun üzərinə ərimiş qatran töküm!” - dedi.
(Kəhf surəsi, 96)
Az qalsın buna görə göylər çatlayacaq, yer yarılacaq, dağlar yerə səriləcəkdi -
(Məryəm surəsi, 90)
(Ey elçi!) Səndən dağlar haqqında soruşurlar. De ki: “(Qiyamət qoparkən) Rəbbim onları ovxalayıb göyə sovuracaqdır.
(Taha surəsi, 105)
Onları silkələməsin deyə yer üzündə möhkəm dağlar yaratdıq və orada geniş yollar açdıq ki, (istədikləri yerə) rahat gedə bilsinlər.
(Ənbiya surəsi, 31)
Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, elçilik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik.
(Ənbiya surəsi, 79)
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu sovuşdurar. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
(Nur surəsi, 43)
Bu zaman Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!”(Musa əsasını dənizə vurduqda) dərhal yarıldı və (suyun) hər bir hissəsi böyük bir dağ kimi oldu.
(Şuəra surəsi, 63)
Siz dağlardan ustalıqla evlər yonub düzəldirsiniz.
(Şuəra surəsi, 149)
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa yeri yaşamaq üçün əlverişli hala salan, orada çaylar axıdan, onun üçün möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan?! Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onların çoxu bilmir.
(Nəml surəsi, 61)
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır.
(Nəml surəsi, 88)
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik.
(Loğman surəsi, 10)
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.
(Əhzab surəsi, 72)
Şübhəsiz ki, Biz Davuda Öz tərəfimizdən bir üstünlük verib: “Ey dağlar və quşlar, onunla birlikdə Allahı təsbeh edin!” (- buyurduq) və dəmiri onun üçün yumşaltdıq.
(Səba surəsi, 10)
Allahın göydən su endirdiyini görmədinmi? Beləcə, onunla (torpaqdan) müxtəlif rəngli meyvələr çıxartdıq. Dağlarda da ağ, qırmızı və tünd qara kimi müxtəlif rənglərdə yollar meydana gətirdik.
(Fatir surəsi, 27)
Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər.
(Sad surəsi, 18)
O, yerin üstündə möhkəm dağlar yaratdı. Oranı bərəkətləndirdi və orada istəyənlər üçün ruzilərini tam dörd gündə müəyyən etdi.
(Fussilət surəsi, 10)
Dənizdə üzən dağ kimi gəmilər də Onun (varlığının və qüdrətinin) dəlillərindəndir.
(Şura surəsi, 32)
Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.
(Qaf surəsi, 7)
Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik.
(Həşr surəsi, 21)
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman,
(Haqqə surəsi, 14)
Dağlar da didilmiş rəngarəng yun kimi olacaq.
(Məaric surəsi, 9)
O gün yer üzü və dağlar silkələnəcək, dağlar dağılan qum yığınlarına çevriləcəkdir.
(Müzzəmmil surəsi, 14)
Dağlar toz olub göyə sovrulacağı zaman,
(Mürsəlat surəsi, 10)
Orada yüksək dağlar yaratdıq və sizə şirin su içirtdik.
(Mürsəlat surəsi, 27)