Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Fəhmsiz (anlaqsız, idraksız) ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.
(Nisa surəsi, 43)
Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin. Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz.
(Maidə surəsi, 6
)