Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O zaman sizin üçün dənizi yardıq və sizi xilas etdik. Fironun adamlarını isə gözünüzün qabağında suda boğduq.
(Bəqərə surəsi, 50)
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Bəqərə surəsi, 164)
Həm sizə, həm də yolçulara bir dolanacaq olsun deyə dənizdə ov etmək və onu yemək sizə halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
(Maidə surəsi, 96)
Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır).
(Ənam surəsi, 59)
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz.
(Ənam surəsi, 63)
Gecə vaxtı quruda və dənizdə düz yolu gedə biləsiniz deyə, sizin üçün ulduzları yaradan da Odur. Bilən bir qövm üçün ayələri ətraflı şəkildə açıqladıq.
(Ənam surəsi, 97)
İsrail oğullarını dənizdən keçirtdik və onlar, özlərinə xas bütlərə sitayiş edən bir qövmlə rastlaşdılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə də onların ilahları kimi bir ilah düzəlt!” Musa dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz.
(Əraf surəsi, 138)
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik.
(Əraf surəsi, 163)
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
(Yunis surəsi, 22)
İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!”
(Yunis surəsi, 90)
Göyləri və yeri yaradan Allahdır. O, göydən su endirib onunla sizin üçün ruzi olaraq meyvələr yetişdirdi. Əmri ilə dənizdə üzsünlər deyə gəmiləri, eləcə də çayları sizin xidmətinizə verdi.
(İbrahim surəsi, 32)
Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur. Gəmilərin orada suları yara-yara üzdüyünü görərsən. (Bütün bunlar) Onun lütfündən istəməyiniz və şükür etməyiniz üçündür.
(Nəhl surəsi, 14)
Rəbbiniz, lütfünü (nemətlərini) istəyəsiniz deyə, gəmiləri sizin üçün üzdürəndir. Həqiqətən, O sizə qarşı çox mərhəmətlidir.
(İsra surəsi, 66)
Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz döndərərsiniz. İnsan çox nankordur.
(İsra surəsi, 67)
Şübhəsiz, Adəm övladlarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onları (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə daşıdıq. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik.
(İsra surəsi, 70)
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”.
(Kəhf surəsi, 60)
Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi.
(Kəhf surəsi, 61)
Gənc dedi: “Gördünmü, biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutdurdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir”.
(Kəhf surəsi, 63)
Gəmiyə gəldikdə, o, dənizdə işləyən yoxsul kimsələrə məxsus idi. Mən də onu qüsurlu vəziyyətə salmaq istədim. Çünki orada bütün (qüsursuz) gəmiləri qəsb edən bir kral var idi.
(Kəhf surəsi, 79)
De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən dəniz tükənərdi”.
(Kəhf surəsi, 109)
Şübhəsiz ki, Biz Musaya: “Bəndələrimlə birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik.
(Taha surəsi, 77)
(Musa) dedi: “Elə isə, çıx get! Həyatın boyu: “Mənə yaxınlaşmayın!” - deməli olacaqsan. Həmçinin qurtula bilməyəcəyin bir əzab günü də səni gözləyir. Sitayiş etdiyin ilahına bax! Onu mütləq yandıracaq, sonra da dənizə tullayacağıq.
(Taha surəsi, 97)
Şeytanlardan onun üçün dənizə dalan (oradan incilər çıxaran) və bundan başqa işlər görənlər də vardı. Biz onlara nəzarət edirdik.
(Ənbiya surəsi, 82)
Görmürsənmi ki, Allah yerdə olanları və Onun əmri ilə dənizdə üzən gəmiləri sizin xidmətinizə vermişdir?! Göyü də izni olmadıqca yerə düşməməsi üçün tutub saxlayır. Şübhəsiz ki, Allah insanlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Həcc surəsi, 65)
Yaxud (o inkar edənlərin əməlləri) dərin bir dənizdəki qaranlığa bənzəyər. (Elə bir dəniz ki,) onu dalğa üstünə dalğa örtər. Onun da üstündən bir bulud! Bir-birinin üstündəki qaranlıqlar! O, əlini çıxartsa, az qala onu görməz. Allah bir kimsəyə nur (hidayət) verməyibsə, artıq onun nuru (hidayətdən nəsibi) yoxdur.
(Nur surəsi, 40)
İki dənizi qovuşduran Odur! Bu (dənizin suyu) şirin və susuzluğu yatırandır. Bu (dənizin suyu) isə duzlu və acıdır. Allah o ikisinin arasında (sularının bir-birinə qarışmaması üçün) bir maneə və keçilməz bir sədd yaratmışdır.
(Furqan surəsi, 53)
Bu zaman Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!”(Musa əsasını dənizə vurduqda) dərhal yarıldı və (suyun) hər bir hissəsi böyük bir dağ kimi oldu.
(Şuəra surəsi, 63)
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa yeri yaşamaq üçün əlverişli hala salan, orada çaylar axıdan, onun üçün möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan?! Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onların çoxu bilmir.
(Nəml surəsi, 61)
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən və küləkləri Öz mərhəmətinin (yağışın) önündə müjdəçi kimi göndərən?! Allahla yanaşı başqa bir ilah varmı?! Allah onların qoşduğu şəriklərdən çox ucadır!
(Nəml surəsi, 63)
İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar.
(Rum surəsi, 41)
Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.
(Loğman surəsi, 27)
Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Loğman surəsi, 31)
İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.
(Fatir surəsi, 12)
Dənizdə üzən dağ kimi gəmilər də Onun (varlığının və qüdrətinin) dəlillərindəndir.
(Şura surəsi, 32)
Dənizi (yarıb keçdikdən sonra) açıq qoy! Şübhəsiz ki, onlar suda boğulacaq bir ordudur”.
(Duxan surəsi, 24)
Əmri ilə gəmilərin üzməsi və sizin də Onun lütfündən ruzi axtarmağınız və şükür etməyiniz üçün dənizi sizin xidmətinizə verən Allahdır.
(Casiyə surəsi, 12)
Nəhayət, Fironu və əsgərlərini yaxaladıq və onları dənizə atdıq. O, (boğularkən, iman etmədiyi üçün) öz-özünü qınayırdı.
(Zəriyət surəsi, 40)
And olsun dolmuş (alovlanan) dənizə!
(Tur surəsi, 6)
O, yan-yana duran iki dəniz meydana gətirdi.
(Rəhman surəsi, 19)
Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
(Rəhman surəsi, 24)