Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar iman edənlərlə qarşılaşdıqları zaman: “İman etdik”, - deyirdilər. Xəlvətdə olduqlarında isə bir-birlərinə belə deyirdilər: “Allahın sizə bildirdiyini onlara xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Heç düşünmürsünüzmü?”
(Bəqərə surəsi, 76)
Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da elçilər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir elçi ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.
(Bəqərə surəsi, 87)
Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Ondan (Musa Tur dağına getdikdən) sonra haqsızlıq edərək buzova sitayiş etdiniz.
(Bəqərə surəsi, 92)
De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”.
(Bəqərə surəsi, 139)
Kitabda insanlar üçün açıq-aydın dəlilləri və doğru yolu nazil edib bəyan etdikdən sonra onları gizlədənlərə Allah və (bütün) lənət edə bilənlər lənət edərlər.
(Bəqərə surəsi, 159)
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 185)
Sizə açıq-aşkar dəlillər gəldikdən sonra əgər yenə haqq yoldan azsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir!
(Bəqərə surəsi, 209)
Elçiləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”.
(Bəqərə surəsi, 248)
Biz o elçilərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman etdi, kimisi də inkar edən oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.
(Bəqərə surəsi, 253)
İman edib elçisin haqq olduğuna şəhadət verdikdən və özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra inkar edən olan bir qövmü Allah necə doğru yola yönəldər?! Allah zalımlar qövmünü haqq yola yönəltməz!
(Ali İmran surəsi, 86)
Açıq-aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın! Onlar üçün böyük bir əzab vardır.
(Ali İmran surəsi, 105)
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə elçilər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?”
(Ali İmran surəsi, 183)
(Ey elçi!) Əgər səni yalançı sayırlarsa (kədərlənmə), çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş elçilər də yalançı sayılmışdılar.
(Ali İmran surəsi, 184)
(Ey Rəsulum!) Kitab əhli səndən, özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər: “Bizə Allahı açıq bir şəkildə göstər!” Zülmləri səbəbilə onları ildırım vurmuşdu. Bunun ardınca, onlara açıq-aydın dəlillər gəldikdən sonra buzovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil (səlahiyyət) verdik.
(Nisa surəsi, 153)
Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəlmişdir. Biz sizə açıq-aydın bir nur (Quran) nazil etmişik.
(Nisa surəsi, 174)
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır.
(Maidə surəsi, 32)
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
(Maidə surəsi, 110)
Məryəm oğlu İsa dedi: “Ey Allahım, ey Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, bizlər və bizdən sonrakılar üçün bayram və Səndən gələn bir möcüzə olsun! Bizə ruzi ver! Sən ruzi verənlərin ən xeyirlisisən”.
(Maidə surəsi, 114)
De: “Həqiqətən, mən Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda deyil. Hökm ancaq Allahındır. Haqqı O bəyan edər. O, (haqq ilə batili) ayırd edənlərin ən yaxşısıdır”.
(Ənam surəsi, 57)
Yaxud da: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, - deməyəsiniz deyə (Quranı nazil etdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və rəhmət gəlmişdir. Allahın ayələrini yalan sayaraq onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri, üz döndərdiklərinə görə ən pis əzabla cəzalandıracağıq.
(Ənam surəsi, 157)
Səmud qövmünə də qardaşları Salehi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur! Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Bu, sizin üçün bir möcüzə olaraq Allahın (göndərdiyi) dişi dəvəsidir. Onu buraxın Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa sizə acı bir əzab toxunar!
(Əraf surəsi, 73)
Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
(Əraf surəsi, 85)
O məmləkətlərin xəbərlərinin bir qismini sənə söyləyirik. Həqiqətən, elçiləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq onlar daha əvvəl yalanladıqlarına iman edəsi deyildilər. Allah inkar edənlərin qəlbini belə möhürləyər.
(Əraf surəsi, 101)
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!”
(Əraf surəsi, 105)
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”.
(Yunis surəsi, 15)
Sonra onun ardınca bir çox elçisi öz qövmünə göndərdik. Onlara açıq-aşkar möcüzələr gətirdilər. Ancaq onlar əvvəl yalan saydıqlarına iman edəsi deyildilər. Həddi aşanların qəlbini belə möhürləyirik.
(Yunis surəsi, 74)
(Ey Firon!) Səndən sonrakılara ibrət olsun deyə bu gün sənin (cansız) bədənini xilas edəcəyik. Həqiqətən, insanların çoxu ayələrimizdən qafildir.
(Yunis surəsi, 92)
Nuh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıramsa, Rəbbim mənə Öz dərgahından bir mərhəmət bəxş edibsə və o sizə gizli qalıbsa, istəmədiyiniz halda sizi ona məcbur edə bilərikmi?!
(Hud surəsi, 28)
Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Biz sənin sözünlə ilahlarımızı tərk edən və sənə inanan deyilik!
(Hud surəsi, 53)
Saleh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslansam, O mənə Öz tərəfindən bir mərhəmət (elçilik) bəxş etsə və mən də Ona asi olsam, Allaha qarşı mənə kim yardım edə bilər?! Belə olan təqdirdə, siz mənə ziyandan başqa bir şey verməyəcəksiniz.
(Hud surəsi, 63)
(Şüeyb) dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.
(Hud surəsi, 88)
Həqiqətən, (Züleyxa) ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyil salacaqdı. Biz pisliyi və əxlaqsızlığı ondan uzaqlaşdırmaq üçün belə etdik. Şübhəsiz ki, o, Bizim ixlaslı bəndələrimizdəndir.
(Yusif surəsi, 24)
Musa belə cavab vermişdi: “Şübhəsiz, sən də bilirsən ki, bunları göylərin və yerin Rəbbi ibrət olaraq nazil etdi. Ey Firon, mən də sənin məhv olduğunu düşünürəm!”
(İsra surəsi, 102)
Onlar: “(Məhəmməd) Rəbbindən bizə bir möcüzə gətirməli deyildimi?” - dedilər. Əvvəlki kitablardakıların açıq-aşkar dəlili (Quran) onlara gəlmədimi?!
(Taha surəsi, 133)
Kim əlində heç bir dəlil olmadığı halda Allahla yanaşı başqa bir ilaha sitayiş edərsə, onun cəzasını məhz Rəbbi verəcəkdir. Şübhəsiz ki, inkar edənlər nicat tapmazlar.
(Muminun surəsi, 117)
Şübhəsiz ki, səndən əvvəl də elçiləri öz qövmlərinə göndərdik. Elçilər onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuzdur.
(Rum surəsi, 47)
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.
(Fatir surəsi, 40)
Bu ona görə idi ki, elçiləri özlərinə açıq-aydın möcüzələr gətirmiş, ancaq onlar inkar etmişdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir, cəzası şiddətlidir.
(Mömin surəsi, 22)
Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.
(Mömin surəsi, 28)
Şübhəsiz ki, daha əvvəl Yusif də sizə açıq-aşkar dəlillər gətirmişdi. Ancaq onun sizə gətirdiklərinə şübhə edirdiniz. Nəhayət, Yusif vəfat etdiyi zaman siz: “Allah ondan sonra elçi göndərməyəcəkdir”, - dediniz. Allah həddi aşan və şübhə edən kəsləri haqq yoldan belə azdırar.
(Mömin surəsi, 34)
Gözətçilər: “Elçiləriniz sizə açıq-aşkar möcüzələr gətirməmişdilərmi?” - deyə soruşacaq, onlar da: “Bəli!” - deyə cavab verəcəklər. Gözətçilər: “Elə isə özünüz dua edin!” - deyəcəklər. İnkar edənlərin duası isə mütləq boşa çıxar.
(Mömin surəsi, 50)
De: “Allahdan başqa dua etdiklərinizə ibadət etməyim Rəbbimdən gələn açıq-aşkar dəlillərlə mənə qadağan olunmuşdur. Mənə aləmlərin Rəbbinə təslim olmağım əmr olunmuşdur”.
(Mömin surəsi, 66)
Elçiləri onlara açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü.
(Mömin surəsi, 83)
İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman belə demişdi: “Mən sizə hikmət gətirmişəm və ixtilafa düşdüyünüz məsələlərin bir qismini açıqlamaq üçün gəlmişəm. Ona görə də Allahdan qorxun və mənə itaət edin!
(Zuxruf surəsi, 63)
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
(Casiyə surəsi, 17)
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman onların: “Əgər doğru deyirsinizsə, atalarımızı geri gətirin!” - demələrindən başqa dəlilləri yoxdur.
(Casiyə surəsi, 25)
Ayələrimiz inkar edənlərə açıq-aydın oxunduqda və haqq olan (Quran) gəldikdə onlar: “Bu, açıq bir sehrdir!” - dedilər.
(Əhqaf surəsi, 7)
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 14)
Şübhəsiz ki, Biz elçilərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona və elçilərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
(Hədid surəsi, 25)
Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir elçini müjdələyən elçisiyəm!” - demişdi. İsa onlara açıq-aşkar möcüzələr gətirdiyi zaman onlar: “Bu açıq-aydın bir sehrdir!” - dedilər.
(Saff surəsi, 6)
Bu ona görədir ki, elçiləri onlara açıq-aşkar möcüzələr gətirir, ancaq onlar: “Bir insanmı bizi doğu yola yönəldəcək?” - deyirdilər. Onlar inkar edib (haqdan) üz döndərdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah zəngindir, hər cür tərifə layiqdir.
(Təğabun surəsi, 6)
Kitab verilənlər onlara yalnız açıq-aydın dəlil gəldikdən sonra parçalandılar.
(Beyyinə surəsi, 4
)