Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Lakin şeytan onları çaşdırdı və məskunlaşdıqları yerdən (cənnətdən) çıxartdı. Biz də: “Bir-birinizə düşmən olaraq yer üzünə enin və müəyyən bir vaxta qədər orada yaşayıb dolanın!” - dedik.
(Bəqərə surəsi, 36)
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
(Bəqərə surəsi, 85)
De: “Cəbrailə düşmən olan kəs bilsin ki, onu (Quranı), ondan əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün də hidayət və müjdəçi kimi Allahın izni ilə sənin qəlbinə nazil edən Odur!”
(Bəqərə surəsi, 97)
Kim Allaha, mələklərinə, elçilərinə, Cəbrailə və Mikailə düşmən olarsa, bilsin ki, Allah inkar edənlərin düşmənidir.
(Bəqərə surəsi, 98)
Ey insanlar! Yer üzündəki nemətlərin halal və təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
(Bəqərə surəsi, 168)
Fitnə aradan qalxana və din sırf Allaha məxsus olanadək onlarla vuruşun! Əgər onlar buna son qoysalar, (bilsinlər ki,) zülm edənlərdən başqasına düşmənçilik edilməyəcəkdir.
(Bəqərə surəsi, 193)
İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır.
(Bəqərə surəsi, 204)
Ey iman edənlər, bütövlüklə İslama daxil olun (İslamın bütün əmrlərini yerinə yetirin)! Şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
(Bəqərə surəsi, 208)
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.
(Ali İmran surəsi, 103)
Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. qəlbində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
(Ali İmran surəsi, 118)
Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımçı olaraq da Allah kifayətdir.
(Nisa surəsi, 45)
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 92)
Yer üzündə səfərə çıxdığınız zaman, əgər inkar edənlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, inkar edənlər sizin açıq-aşkar düşməninizdir.
(Nisa surəsi, 101)
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir.
(Maidə surəsi, 14)
Onlardan bir çoxunun günah işləmək, düşmənçilik etmək və haram yeməkdə bir-birləri ilə yarışdıqlarını görərsən. Onların gördüyü işlər necə də pisdir!
(Maidə surəsi, 62)
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
İman edənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman edənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.
(Maidə surəsi, 82)
Şübhəsiz ki, şeytan içki (huşlandıran maddələr) və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq (bunlara) son qoyacaqsınızmı?
(Maidə surəsi, 91)
Beləcə, hər elçi üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
(Ənam surəsi, 112)
Yük daşıyan və (yunundan) döşək hazırlanan heyvanları da (O yaratmışdır). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir.
(Ənam surəsi, 142)
Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri onlara göründü və cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi onlara: “Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” - deyə səsləndi.
(Əraf surəsi, 22)
Allah buyurdu: “Bir-birinizə düşmən olaraq (yuxu aləminə) enin! Yer üzündə sizin üçün müəyyən bir vaxta qədər sığınacaq yer və dolanacaq vardır”.
(Əraf surəsi, 24)
(İsrail oğulları) dedilər: “Sən bizə gəlməmişdən əvvəl də bizə əziyyət verilirdi, sən bizə gələndən sonra da”. (Musa) dedi: “Ümid olunur ki, Rəbbiniz düşməninizi məhv edər və (onların yerinə) sizi yer üzünün hakimi edər, sonra da necə hərəkət edəcəyinizə baxar”.
(Əraf surəsi, 129)
Musa qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda: “Məndən sonra arxamca nə pis işlər görmüsünüz! Rəbbinizin əmrini (gözləməyib) tələsdinizmi?” - dedi və lövhələri yerə atıb qardaşını (Harunu) başından tutaraq özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Həqiqətən, bu qövm məni zəif gördü və az qalsın məni öldürürdülər. Düşmənləri mənə güldürmə və məni də zalım qövmlə bir tutma!”
(Əraf surəsi, 150)
Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız.
(Ənfal surəsi, 60)
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki: “Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”
(Tövbə surəsi, 83)
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, yalnız ona söz verdiyi üçün idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra ondan uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxararaq Allaha çox dua edən və səbirli bir insan idi.
(Tövbə surəsi, 114)
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə Allahın elçisindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, inkar edənləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
(Tövbə surəsi, 120)
İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!”
(Yunis surəsi, 90)
(Atası Yaqub) dedi: “Can oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir.
(Yusif surəsi, 5)
O, insanı nütfədən (bir damcı sudan) yaratdı. Ancaq bir də görürsən ki, o (insan) açıq-aşkar bir düşmənə çevrilib.
(Nəhl surəsi, 4)
Sonra qiyamət günü Allah onları rəzil edib belə deyəcəkdir: “Barələrində (möminlərlə) mübahisə etdiyiniz şəriklərim (bütləriniz) haradadır?” Elm verilmiş kəslər isə belə deyəcəklər: “Həqiqətən, bu gün inkar edənlər üçün rəzillik və pislik (əzab) vardır”.
(Nəhl surəsi, 27)
Bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər. Həqiqətən, şeytan onların arasına fitnə salar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir.
(İsra surəsi, 53)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
“Onu (Musanı) bir sandığa qoyub suya burax ki, su onu sahilə çıxartsın, beləliklə Mənim və onun düşməni olan (Firon) onu götürsün. (Ey Musa!) gözümün qabağında boya-başa çatasan deyə sənə Özümdən bir sevgi yönəltdim.”
(Taha surəsi, 39)
Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfinə (gəlməyiniz üçün) sizinlə vədələşdik. Sizə (göydən) qüdrət halvası və bildirçin əti endirdik.
(Taha surəsi, 80)
Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
(Taha surəsi, 117)
(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.
(Taha surəsi, 123)
(Ey elçi!) Beləcə, Biz hər bir elçi üçün günahkarlardan düşmənlər peyda etdik. Haqq yolu göstərən və yardımçı kimi Rəbbin yetər!
(Furqan surəsi, 31)
Şübhəsiz ki, aləmlərin Rəbbindən başqaları (bütlər) mənim düşmənimdir.
(Şuəra surəsi, 77)
Şübhəsiz ki, Səmud qövmünə də Allaha ibadət etsinlər deyə qardaşları Salehi göndərdik. Onlar isə bir-biri ilə çəkişən iki qrupa ayrıldılar.
(Nəml surəsi, 45)
Beləcə, Fironun ailəsi özlərinə düşmən və başlarına bəla olacaq Musanı (nil çayından) götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri səhv yolda idilər.
(Qəsas surəsi, 8)
Musa əhalisinin xəbəri olmadan şəhərə daxil oldu. Orada biri öz tayfasından, digəri isə düşmən tayfadan olan iki nəfərin döyüşdüyünü gördü. Öz tayfasından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Musa da yumruq vurub onu (düşmən tayfadan olanı) öldürdü. Musa: “Bu, şeytan əməlidir. Həqiqətən, o, zəlalətə sürükləyən açıq-aydın bir düşməndir!” - dedi.
(Qəsas surəsi, 15)
Musa ikisinin də düşməni olan adamı yaxalamaq istəyərkən o belə dedi: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq zalım biri olmaq istəyirsən və xeyirxahlardan olmaq istəmirsən!”
(Qəsas surəsi, 19)
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.
(Əhzab surəsi, 20)
Həqiqətən, şeytan sizin düşməninizdir. Ona görə siz də onu düşmən hesab edin. O, öz tərəfdarlarını yalnız cəhənnəmliklərdən olmağa çağırır.
(Fatir surəsi, 6)
Ey Adəm övladları! Mən sizə: “Şeytana ibadət etməyin! O, sizin açıq-aşkar düşməninizdir”, - deyə əmr etmədimmi?!
(Yasin surəsi, 60)
İnsan Bizim onu nütfədən yaratdığımızı görmədimi? Bir də baxırsan ki, o, (Rəbbinə qarşı) açıq-aydın bir düşmən kəsilib.
(Yasin surəsi, 77)
O gün Allahın düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar.
(Fussilət surəsi, 19)
Ayələrimizi inkar etmələrinə görə Allahın düşmənlərinin cəzası bu cəhənnəmdir. Ora onların əbədi yurdudur.
(Fussilət surəsi, 28)
Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar.
(Fussilət surəsi, 34)
Onlar: “Bizim ilahlarımız daha yaxşıdır, yoxsa İsa?” - dedilər. Bunu sənə yalnız mübahisə etmək üçün deyirdilər. Xeyr! Onlar höcətləşən kimsələrdir.
(Zuxruf surəsi, 58)
Şeytan sizi doğru yoldan çıxartmasın! Həqiqətən, o sizin açıq-aydın düşməninizdir.
(Zuxruf surəsi, 62)
O gün müttəqilər istisna olmaqla, dostlar bir-birinə düşmən olacaqlar.
(Zuxruf surəsi, 67)
İnsanlar bir yerə toplanacaqları zaman (müşriklər) onlara (sitayiş etdikləri bütlərə) düşmən kəsiləcək və onlara sitayiş etdiklərini inkar edəcəklər.
(Əhqaf surəsi, 6)
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və qəlbində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
(Mücadilə surəsi, 8)
Ey iman edənlər, bir-birinizlə gizli danışdığınız zaman günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barəsində danışmayın, yaxşılıq və təqva barəsində danışın! Hüzuruna toplanacağınız Allahdan qorxun!
(Mücadilə surəsi, 9)
Ey iman edənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman etdiyinizə görə elçini və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.
(Mumtəhənə surəsi, 1)
Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri və dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər.
(Mumtəhənə surəsi, 2)
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman edənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir!
(Mumtəhənə surəsi, 4)
Ola bilsin ki, Allah sizinlə düşmənləriniz arasında bir sevgi (dostluq) yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, rəhmlidir.
(Mumtəhənə surəsi, 7)
Ey iman edənlər, Allahın yardımçıları olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim yardımçılarım kimlərdir?” - demişdi. Həvarilər də: “Allahın yardımçıları bizik!” - demişdilər. İsrail oğullarından bir tayfa (İsaya) iman etdi, bir tayfa isə onu inkar etdi. Biz də iman edənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər.
(Saff surəsi, 14)
Onları gördüyün zaman cüssələri sənin xoşuna gələr, danışdıqlarında da sözlərinə qulaq asarsan. Onlar sanki divara söykədilmiş kötüklər kimidirlər. Hər bağırtının öz əleyhlərinə olduğunu zənn edərlər. Onlar düşməndirlər. Buna görə də onlardan ehtiyat et! Allah onların canını alsın! Necə də (haqdan) döndərilirlər.
(Münafiqun surəsi, 4)
Ey iman edənlər! Zövcənizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, xoş görsəniz və (qüsurlarını) bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir.
(Təğabun surəsi, 14
)