Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”.
(Nisa surəsi, 72)
Əgər Allahdan sizə bir lütf (zəfər) yetişərsə, sanki sizinlə onun arasında heç bir yaxınlıq yoxmuş kimi belə deyər: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”
(Nisa surəsi, 73)
Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün qəlbi sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən, onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə, onlara qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz.
(Nisa surəsi, 90)
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik.
(Nisa surəsi, 91)
Ey iman edənlər! (Döyüşdə) axıb gələn inkar edən ordusu ilə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin (qorxub qaçmayın)!
(Ənfal surəsi, 15)
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
(Ənfal surəsi, 16)
Ey iman edənlər! “Allah yolunda cihad edin!” - deyildiyi zaman sizə nə oldu ki, yerə yapışıb qaldınız. Axirətin əvəzinə dünya həyatına razı oldunuz? Dünya malı axirət (nemətlərinin) yanında çox az bir şeydir.
(Tövbə surəsi, 38)
Əgər cihada çıxmazsanız, Allah sizə acı bir əzab verər və sizin yerinizə başqa bir qövm gətirər. Siz Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir.
(Tövbə surəsi, 39)
Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 40)
Yüngül və ağır olaraq cəhd edin! Mallarınızla və canlarınızla Allah yolunda cihad edin! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.
(Tövbə surəsi, 41)
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar.
(Tövbə surəsi, 42)
Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan və yalançı olanları bilmədən nə üçün onlara izin verdin?
(Tövbə surəsi, 43)
Allaha və axirət gününə iman edənlər malları və canları ilə cihad etməkdən (geri qalmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.
(Tövbə surəsi, 44)
Yalnız Allaha və axirət gününə iman etməyən və qəlbi şübhəyə düşüb öz şübhələri içində tərəddüd edənlər səndən izin istəyərlər.
(Tövbə surəsi, 45)
Əgər onlar (cihada) çıxmaq istəsəydilər, əlbəttə, ona hazırlıq görərdilər. Lakin Allah onların çıxmalarını istəmədi. Buna görə də onlara mane oldu. (Onlara:) “(Evlərində) oturanlarla birlikdə oturun!” - deyildi.
(Tövbə surəsi, 46)
Əgər onlar sizinlə birlikdə (cihada) çıxsaydılar, sizin içinizdə mütləq fitnə-fəsadı artırar və nifaq salmaq üçün aranıza girərdilər. Sizin aranızda onlara qulaq asanlar da var. Allah zalımları yaxşı tanıyır.
(Tövbə surəsi, 47)
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri yerinə yetdi.
(Tövbə surəsi, 48)
Onlardan elələri də var ki: “Mənə (cihada çıxmamağa) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm inkar edənləri mütləq bürüyəcəkdir!
(Tövbə surəsi, 49)
Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər.
(Tövbə surəsi, 50)
De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”
(Tövbə surəsi, 51)
De: “Siz bizə iki yaxşılıqdan (qələbə çalmaq və şəhid olmaqdan) birinin gəlməsini gözləyirsiniz? Biz də Allahın Öz dərgahından və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik. Ona görə də gözləyin! Biz də sizinlə birlikdə gözləyirik”.
(Tövbə surəsi, 52)
De: “Malınızı istər könüllü, istərsə də könülsüz xərcləyin, (bu sədəqələr) sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq (haqq yoldan çıxmış) bir tayfa oldunuz.
(Tövbə surəsi, 53)
(Münafiqlər) Özlərinin sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir tayfadır.
(Tövbə surəsi, 56)
Əgər onlar bir sığınacaq və ya mağaralar, yaxud girməyə bir yer tapsaydılar, mütləq qaçaraq ora üz tutardılar.
(Tövbə surəsi, 57)
Allahın elçisinə qarşı çıxaraq arxada qalanlar (cihada çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməkdən xoşlanmadılar və: “İstidə döyüşə çıxmayın!” - dedilər. De: “Cəhənnəm odu daha istidir”. Kaş biləydilər!
(Tövbə surəsi, 81)
Ona görə də qazandıqlarının (günahlarının) cəzası olaraq az gülsünlər, çox ağlasınlar!
(Tövbə surəsi, 82)
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki: “Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”
(Tövbə surəsi, 83)
Onlardan ölən heç kəsin cənazəsinə qatılma və qəbri başında durma! Çünki onlar Allahı və Onun elçisini inkar etdilər və fasiq olaraq öldülər.
(Tövbə surəsi, 84)
Onlardan razı qalasınız deyə, qarşınızda and içərlər. Siz onlardan razı qalsanız belə, şübhəsiz, Allah fasiqlər tayfasından razı olmaz.
(Tövbə surəsi, 96)
Ey iman edənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür.
(Əhzab surəsi, 9)
Onlar həm yuxarıdan, həm də aşağıdan sizin üstünüzə gəldikləri zaman gözləriniz bərəlmiş, qəlbiniz ağızlarınıza gəlmiş və Allah barəsində müxtəlif şeylər düşünmüşdünüz.
(Əhzab surəsi, 10)
Orada möminlər sınağa çəkilmiş və şiddətlə sarsılmışdılar.
(Əhzab surəsi, 11)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və elçisi bizə yalnız yalan şeylər vəd ediblər”, - deyirdilər.
(Əhzab surəsi, 12)
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də elçidən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
(Əhzab surəsi, 13)
Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə (şirk qoşmaları) tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar.
(Əhzab surəsi, 14)
Halbuki onlar daha əvvəl (düşmənə) arxalarını çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün məsuliyyəti vardır.
(Əhzab surəsi, 15)
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.
(Əhzab surəsi, 16)
De: “Əgər Allah sizə pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər, yaxud O sizə mərhəmət etmək istəsə, (buna kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.
(Əhzab surəsi, 17)
Şübhəsiz ki, Allah sizdən (döyüşə) mane olanları da, qardaşlarına: “Bizim yanımıza gəlin!” - deyənləri də tanıyır. Onların yalnız az bir hissəsi döyüşə gələr.
(Əhzab surəsi, 18)
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman etməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.
(Əhzab surəsi, 19)
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.
(Əhzab surəsi, 20
)