Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Vaxtilə sizdən əhd almışdıq və dağı sizin üzərinizə qaldırıb: “Sizə göndərdiyimizi möhkəm tutun və içindəkiləri unutmayın ki, bəlkə (günahlardan) qorunasınız”, - demişdik.
(Bəqərə surəsi, 63)
Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq: “Sizə verdiyimizdən möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” - demişdik. Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri səbəbilə qəlbini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman etmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”
(Bəqərə surəsi, 93)
Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz: “Şənbə günü həddi aşmayın (ov qadağasını pozmayın)!” – dedik və onlardan möhkəm bir əhd aldıq.
(Nisa surəsi, 154)
Ona (Musaya) Tur dağının sağ tərəfindən səsləndik və onu pıçıldaşan kimsə qədər (Özümüzə) yaxınlaşdırdıq.
(Məryəm surəsi, 52)
Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfinə (gəlməyiniz üçün) sizinlə vədələşdik. Sizə (göydən) qüdrət halvası və bildirçin əti endirdik.
(Taha surəsi, 80)
Bir də Sina dağında bitən (zeytun) ağacı (yaratdıq). O (ağac), yeyənlər üçün həm yağ, həm də (içinə çörək batırılan) şirə verir.
(Muminun surəsi, 20)
Nəhayət, Musa (çobanlıq) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir alov gördü. Ailəsinə: “Siz burada qalın! Mən bir alov gördüm. Bəlkə, oradan sizə bir xəbər, yaxud isinə bilməyiniz üçün bir köz gətirərəm”, - dedi.
(Qəsas surəsi, 29)
(Ey elçi!) Musaya o əmri vəhy etdiyimiz əsnada sən qərb tərəfdə deyildin. Sən (bu hadisəyə) şahid olanlardan da deyildin.
(Qəsas surəsi, 44)
Biz (Musaya) səsləndiyimiz zaman sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən bir elçi gəlməyən bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir rəhmət olaraq (bunları sənə bildirdik). Ola bilsin ki, onlar düşünüb öyüd alarlar.
(Qəsas surəsi, 46)