Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Vaxtilə Musa öz qövmünə: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” - demişdi. Onlar: “Bizi məsxərəyəmi qoyursan?” - dedilər. Musa: “Cahillərdən olmaqdan Allaha sığınıram!” - dedi.
(Bəqərə surəsi, 67)
Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 17)
Əgər onların (haqdan) üz çevirmələri sənə ağır gəlirsə, bacarırsansa, yerin daxilinə (enə biləcəyin) bir lağım, yaxud göyə çıxa biləcəyin bir nərdivan axtar ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah diləsəydi, onları doğru yol üzərində birləşdirərdi. Ona görə də əsla cahillərdən olma!
(Ənam surəsi, 35)
Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman (onlara) de: “Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.
(Ənam surəsi, 54)
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah diləmədikcə onlar yenə iman etməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.
(Ənam surəsi, 111)
İsrail oğullarını dənizdən keçirtdik və onlar, özlərinə xas bütlərə sitayiş edən bir qövmlə rastlaşdılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə də onların ilahları kimi bir ilah düzəlt!” Musa dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz.
(Əraf surəsi, 138)
Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir!
(Əraf surəsi, 199)
Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. İman edənləri də qovan deyiləm. Onlar Rəbbinə qovuşacaqlar. Lakin mən sizin cahil bir tayfa olduğunuzu görürəm.
(Hud surəsi, 29)
Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
(Hud surəsi, 46)
Yusif dedi: “Ey Rəbbim! Zindan mənim üçün onların məni dəvət etdiklərindən daha yaxşıdır. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyil salar və cahillərdən olaram”.
(Yusif surəsi, 33)
Yusif dedi: “Cahilliyiniz ucbatından Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?!”
(Yusif surəsi, 89)
Həqiqətən, Rəbbin cahillikləri səbəbilə pis iş görüb, sonra tövbə edərək özlərini islah edənləri - (bütün) bunlardan sonra bağışlayandır, rəhm edəndir.
(Nəhl surəsi, 119)
Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər.
(Furqan surəsi, 63)
Onlar boş söz eşitdikləri zaman ondan üz çevirər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri (özümüzə dost tutmaq) istəmirik”, - deyərlər.
(Qəsas surəsi, 55)
Ey iman edənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz.
(Hucurat surəsi, 6)
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.
(Əhzab surəsi, 72)
De: “Ey cahillər! Mənə Allahdan başqasına ibadət etməyimi əmr edirsiniz?”
(Zumər surəsi, 64)
Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
(Əhqaf surəsi, 23)
O kəslər ki, cəhalət içində qalmış qafillərdir.
(Zəriyət surəsi, 11
)