Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İman edib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcə də var. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 25)
(Ey elçi!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcə və Allahın razılığı vardır. Allah bəndələrini görəndir”.
(Ali İmran surəsi, 15)
Üzləri ağaranlar isə Allahın rəhməti içərisində (cənnətdə) olacaqlar. Onlar orada əbədi qalacaqlar.
(Ali İmran surəsi, 107)
Onların mükafatı Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir. Onlar orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı nə gözəldir!
(Ali İmran surəsi, 136)
Lakin Rəbbindən qorxanlar üçün, Allahın qonağı olaraq içində əbədi qalacaqları və (ağacları) altından çaylar axan cənnətlər vardır. Allah dərgahında olanlar yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
(Ali İmran surəsi, 198)
İman edib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.
(Nisa surəsi, 57)
İman edib yaxşı işlər görənləri isə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın haqq olan vədidir. Söz (vermək və onu tutmaq) baxımından Allahdan daha doğru kim ola bilər?!
(Nisa surəsi, 122)
Əgər kitab əhli iman edib (pis əməllərdən) çəkinsəydilər, həqiqətən, onların günahlarının üstünü örtər və özlərini də Nəim (neməti bol olan) cənnətlərinə daxil edərdik.
(Maidə surəsi, 65)
Söylədikləri (bu) sözlərə görə Allah da onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərlə mükafatlandırdı. Yaxşı işlər görənlərin mükafatı budur!
(Maidə surəsi, 85)
Allah buyuracaqdır: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi bir gündür. Onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Böyük uğur budur!”
(Maidə surəsi, 119)
İman edib yaxşı işlər görənlərə gəldikdə, - Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Əraf surəsi, 42)
Biz onların qəlbindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər: “Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin elçiləri həqiqəti gətirmişdilər”. Onlara: “Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” - deyə səslənilər.
(Əraf surəsi, 43)
Cənnət əhli cəhənnəm əhlinə: “Biz Rəbbimizin bizə vəd etdiyinin həqiqət olduğunu gördük. Siz də Rəbbinizin vəd etdiyinin həqiqət olduğunu gördünüzmü?” - deyə səslənər. Onlar da: “Bəli!” - deyərlər. Bu zaman onların arasından bir carçı belə səslənər: “Allahın lənəti zalımlara olsun!”
(Əraf surəsi, 44)
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər.
(Əraf surəsi, 46)
Ancaq gözləri cəhənnəm əhlinə tərəf çevrildiyi zaman: “Ey Rəbbimiz, bizi zalım qövmlə bərabər etmə!” - deyərlər.
(Əraf surəsi, 47)
Allahın Öz mərhəmətinə nail etməyəcəyinə dair and içdiyiniz kimsələr bunlardırmı?!” (Cənnət əhlinə isə belə deyəcəklər:) “Girin cənnətə! Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz”.
(Əraf surəsi, 49)
Cəhənnəm əhli cənnət əhlinə: “Suyunuzdan, yaxud Allahın sizə verdiyi ruzilərdən bizə də biraz verin!” – deyə səslənəcək. Onlar isə: “Həqiqətən, Allah bunları inkar edənlərə haram etmişdir”, - deyəcəklər.
(Əraf surəsi, 50)
Həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün Rəbbi dərgahında (cənnətdə) dərəcələr, bağışlanma və bitməz-tükənməz bir ruzi vardır.
(Ənfal surəsi, 4)
Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.
(Tövbə surəsi, 21)
Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, böyük mükafat Allah yanındadır.
(Tövbə surəsi, 22)
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!
(Tövbə surəsi, 72)
Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Böyük uğur budur!
(Tövbə surəsi, 89)
Mühacirlər və ənsardan (İslam dinini qəbul etmə xüsusunda) ilk önə keçənlərlə yaxşı işlərdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razı olmuşlar. Allah onlar üçün (ağacları) altından çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur.
(Tövbə surəsi, 100)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri, iman etdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar.
(Yunis surəsi, 9)
Onların oradakı duası: “Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları: “Salam!”, dualarının sonu isə: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir.
(Yunis surəsi, 10)
Həqiqətən, iman edib yaxşı işlər görən və Rəbbinə qəlbən boyun əyənlər cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Hud surəsi, 23)
Xoşbəxt olanlar isə cənnətdədirlər. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, bitməz-tükənməz bir nemətdir.
(Hud surəsi, 108)
(Bu gözəl aqibət) onların, eləcə də atalarından, zövcələrindən və övladlarından əməlisaleh olanların daxil olacaqları Ədn cənnətləridir. Mələklər də hər qapıdan onların yanına daxil olarlar (və belə deyərlər:)
(Rad surəsi, 23)
“Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdunun aqibəti nə gözəldir!”
(Rad surəsi, 24)
İman edib saleh əməl işləyənlərin xoş halına! Onlar üçün gözəl bir qayıdış yeri (cənnət) vardır.
(Rad surəsi, 29)
Müttəqilərə vəd edilən cənnətin təsviri (belədir); (ağacları) altından çaylar axar, meyvələri və kölgələri daimidir. Təqva sahiblərinin aqibəti budur. İnkar edənlərin aqibəti isə cəhənnəmdir.
(Rad surəsi, 35)
İman edib yaxşı işlər görənlər isə Rəbbinin izni ilə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil ediləcəklər. Onlar orada bir-birləri ilə: “Salam!” – deyərək görüşəcəklər.
(İbrahim surəsi, 23)
Şübhəsiz, müttəqilər cənnətlərdə və bulaq başlarında olacaqlar.
(Hicr surəsi, 45)
(Onlara belə deyiləcək:) “Sağ-salamat və əmin bir şəkildə ora daxil olun!”
(Hicr surəsi, 46)
Biz onların qəlbindəki kin-küdurəti çıxarıb atdıq. Onlar taxtlar üzərində qardaşcasına qarşı-qarşıya əyləşərlər.
(Hicr surəsi, 47)
Onlar orada əsla yorğunluq hiss etməz və oradan çıxarılmazlar.
(Hicr surəsi, 48)
(O yurd) daxil olacaqları Ədn cənnətləridir. (Ağacları) altından çaylar axır. Orada onların istədikləri hər şey vardır. Allah təqva sahiblərini belə mükafatlandırır.
(Nəhl surəsi, 31)
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” - deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir.
(Nəhl surəsi, 32)
Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat və nə yaxşı məkandır!
(Kəhf surəsi, 31)
İman edib yaxşı işlər görənlərə gəldikdə, onlar üçün məskən olaraq Firdövs cənnətləri vardır.
(Kəhf surəsi, 107)
Onlar orada əbədi qalacaq və oradan ayrılmaq istəməyəcəklər.
(Kəhf surəsi, 108)
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər istisnadır. Onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlar.
(Məryəm surəsi, 60)
Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.
(Məryəm surəsi, 61)
Onlar orada boş sözlər deyil, ancaq “Salam!” eşidərlər. Onların orada səhər-axşam ruziləri də (daim) vardır.
(Məryəm surəsi, 62)
İçində əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri! Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır.
(Taha surəsi, 76)
Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
(Taha surəsi, 117)
Beləcə, ondan yedilər və buna görə də ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub doğru yoldan azdı.
(Taha surəsi, 121)
Onlar (cəhənnəmin) uğultusunu eşitməyəcək və nəfsinin arzuladığı (cənnət nemətləri) içində əbədi qalacaqlar.
(Ənbiya surəsi, 102)
Ən böyük dəhşət (qiyamət) onları kədərləndirməyəcəkdir. Mələklər onları: “Bu, (dünyada) sizə vəd olunan (xoşbəxt) gününüzdür!” – deyərək qarşılayacaqlar.
(Ənbiya surəsi, 103)
Şübhəsiz ki, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənəcəklər. Onların oradakı libasları isə ipəkdəndir.
(Həcc surəsi, 23)
Onlar həm sözün ən gözəlinə, həm də şükür edilməyə layiq olan Allahın yoluna yönəldilmişlər.
(Həcc surəsi, 24)
Onlar əbədi qalacaqları Firdövs cənnətinə varis olacaqlar.
(Muminun surəsi, 11)
İstəsə, sənə bundan daha yaxşısını - altından çaylar axan cənnətləri verəcək və sənin üçün qəsrlər yaradacaq olan Allahın şanı çox ucadır!
(Furqan surəsi, 10)
De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir”.
(Furqan surəsi, 15)
Onlar üçün orada istədikləri hər şey vardır və onlar orada əbədi qalacaqlar. Bu, Rəbbinin öhdəsinə götürdüyü və Ondan istənilən bir vəddir.
(Furqan surəsi, 16)
O gün cənnət əhlinin qalacağı yer (inkar edənlərin dünyadakı yerindən) daha yaxşı, istirahət edəcəyi yer də daha gözəldir.
(Furqan surəsi, 24)
Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqam ilə mükafatlandırılacaq və orada hörmət və salamla qarşılanacaqlar.
(Furqan surəsi, 75)
Onlar orada əbədi qalacaqlar. O nə gözəl məskən və iqamətgahdır!
(Furqan surəsi, 76)
(O gün) cənnət müttəqilərə yaxınlaşdırılar.
(Şuəra surəsi, 90)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri içində əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnət köşklərinə yerləşdirəcəyik. Yaxşı əməl edənlərin mükafatı necə də gözəldir!
(Ənkəbut surəsi, 58)
İman edib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar.
(Rum surəsi, 15)
Kim inkar edən olarsa, onun küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (cənnətdəki yerlərini) hazırlamış olarlar.
(Rum surəsi, 44)
Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
(Loğman surəsi, 8)
Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət və hikmət sahibidir.
(Loğman surəsi, 9)
İman edib yaxşı işlər görənlər üçün etdikləri əməllər müqabilində qalacaqları Məva cənnətləri vardır.
(Səcdə surəsi, 19)
(Onların mükafatı) daxil olacaqları Ədn cənnətləridir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzənərlər. Oradakı paltarları da ipəkdəndir.
(Fatir surəsi, 33)
Onlar belə deyəcəklər: “Qəm-kədəri bizdən dəf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükrün mükafatını verəndir.
(Fatir surəsi, 34)
O (Rəbb) ki, Öz lütfü ilə bizi iqamətgahda (cənnətdə) yerləşdirdi. Burada biz nə yorularıq, nə də bezib usanarıq”.
(Fatir surəsi, 35)
Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər.
(Yasin surəsi, 55)
Onlar və zövcəsi kölgəliklər altındakı taxtlara söykənib oturarlar.
(Yasin surəsi, 56)
Orada onlar üçün meyvə və istədikləri hər şey mövcuddur.
(Yasin surəsi, 57)
Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər.
(Yasin surəsi, 58)
Məhz onlar üçün müəyyən bir ruzi vardır –
(Saffat surəsi, 41)
Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
(Saffat surəsi, 42)
(Dünyada) çalışanlar bunun kimisi üçün çalışsınlar!
(Saffat surəsi, 61)
Ora qapıları onlar üçün açılmış Ədn cənnətləridir.
(Sad surəsi, 50)
Onlar orada taxtlara söykənib oturacaq, bir çox meyvələrdən və içkilərdən istəyəcəklər.
(Sad surəsi, 51)
Onların yanında gözlərini onlara dikmiş həmyaşıd zövcə olacaq.
(Sad surəsi, 52)
Bu, haqq-hesab günü üçün sizə vəd olunandır.
(Sad surəsi, 53)
Bu, əlbəttə, Bizim verdiyimiz ruzidir. O, bitməz-tükənməzdir.
(Sad surəsi, 54)
Lakin Rəbbindən qorxanlar üçün Allahın vədi olaraq üst-üstə tikilmiş və altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz.
(Zumər surəsi, 20)
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər.
(Zumər surəsi, 73)
Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” - deyəcəklər.
(Zumər surəsi, 74)
Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.
(Mömin surəsi, 8)
Kim pis bir iş görərsə, yalnız etdiyi pis iş qədər cəza alar. Mömin olub yaxşı bir iş görən kişi, yaxud qadın isə cənnətə girəcək və orada onlara saysız-hesabsız ruzilər veriləcəkdir.
(Mömin surəsi, 40)
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!
(Fussilət surəsi, 30)
Qazandıqları günahların cəzası zalımlara tətbiq olunarkən onların qorxudan titrədiklərini görərsən. İman edib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbbi yanında onlar üçün istədikləri hər şey vardır. Əsil böyük lütf budur.
(Şura surəsi, 22)
Zövcənizlə birlikdə sevinc içində cənnətə daxil olun!”
(Zuxruf surəsi, 70)
Cənnətdə onların ətrafında qızıl sinilər və qədəhlər dolandırılacaq. Orada qəlbin istədiyi və gözlərin xoşlandığı hər şey mövcuddur. Siz orada əbədi qalacaqsınız.
(Zuxruf surəsi, 71)
Varis olduğunuz bu cənnət etdiyiniz əməllərin qarşılığıdır.
(Zuxruf surəsi, 72)
Orada sizin üçün yeyəcəyiniz bir çox meyvələr vardır.
(Zuxruf surəsi, 73)
Şübhəsiz ki, müttəqilər əmin-amanlıqda olacaqlar.
(Duxan surəsi, 51)
Bağçalarda və çeşmələr başında!
(Duxan surəsi, 52)
Onlar ipəkdən və atlazdan paltarlar geyinib qarşı-qarşıya əyləşəcəklər.
(Duxan surəsi, 53)
Həmçinin onları gözəl gözlü qadınlarla evləndirəcəyik.
(Duxan surəsi, 54)
Onlar orada əmin-amanlıq içində hər cür meyvədən gətizdirəcəklər.
(Duxan surəsi, 55)
Onlar dünyadakı ölümdən sonra orada heç bir ölümü dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur.
(Duxan surəsi, 56)
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 15)
Cənnət isə müttəqilərə yaxınlaşdırılmışdır, uzaq deyildir.
(Qaf surəsi, 31)
Əmin-amanlıq içində ora daxil olun! Bu, əbədiyyət günüdür.
(Qaf surəsi, 34)
Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var.
(Qaf surəsi, 35)
Şübhəsiz, müttəqilər cənnətlərdə və çeşmə başlarında olacaqlar.
(Zəriyət surəsi, 15)
Rəbbinin onlara verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər.
(Zəriyət surəsi, 16)
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və nemətlər içində olacaqlar.
(Tur surəsi, 17)
Rəbbinin onlara verdiyi nemətlərlə səfa sürəcəklər. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.
(Tur surəsi, 18)
(Onlara belə deyiləcək:) “Etdiyiniz (gözəl) əməllərə görə nuşcanlıqla yeyin, için!
(Tur surəsi, 19)
Cərgə-cərgə düzülmüş taxtlara söykənərək!” Biz onları gözəl gözlü qadınlarla evləndirəcəyik.
(Tur surəsi, 20)
Onlara arzuladıqları meyvə və ətdən bol-bol verəcəyik.
(Tur surəsi, 22)
Onlar orada qədəh-qədəhə vuracaqlar. Orada (içki səbəbilə) nə boşboğazlıq, nə də günaha girmə vardır.
(Tur surəsi, 23)
Qorunub saxlanılan inci kimi gənc (xidmətçi) oğlanlar onların ətrafında dolanacaqlar.
(Tur surəsi, 24)
Onlar bir-birinə üz tutub hal-əhval tutacaqlar.
(Tur surəsi, 25)
Belə deyəcəklər: “Biz daha əvvəl ailəmizin yanında (Allahın əzabından) qorxurduq.
(Tur surəsi, 26)
Ancaq Allah bizə lütf etdi və bizi qızmar külək əzabından qorudu.
(Tur surəsi, 27)
Onun yanında Məva cənnəti vardır.
(Nəcm surəsi, 15)
Rəbbinin hüzurundan (Ona hesab verməkdən) qorxanlar üçün iki cənnət vardır.
(Rəhman surəsi, 46)
Hər ikisində də növbənöv ağaclar vardır.
(Rəhman surəsi, 48)
İkisində də iki axar bulaq vardır.
(Rəhman surəsi, 50)
İkisində də hər meyvədən iki növ vardır.
(Rəhman surəsi, 52)
(Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır.
(Rəhman surəsi, 54)
Orada gözləri ərindən başqasını görməyən qadınlar vardır. Bundan əvvəl onlara nə bir insan, nə də bir cin toxunmuşdur.
(Rəhman surəsi, 56)
Onlar sanki yaqut və mərcandırlar.
(Rəhman surəsi, 58)
Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!
(Rəhman surəsi, 60)
O ikisindən əlavə iki cənnət də vardır.
(Rəhman surəsi, 62)
(Ona belə deyilər:) “Sağ tərəfdəkilərdən sənə salam olsun!”
(Vaqiə surəsi, 91)
O gün mömin kişi və qadınların nurlarının önlərindən və sağ tərəflərindən saçıldığını görərsən. (Onlara belə deyiləcəkdir:) “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan, içində əbədi qalacağınız cənnətlərdir!” Əsil böyük müvəffəqiyyət budur.
(Hədid surəsi, 12)
Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacı-qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.
(Mücadilə surəsi, 22)
Cəhənnəm əhli ilə cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır.
(Həşr surəsi, 20)
(Belə etsəniz,) Allah sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Böyük müvəffəqiyyət budur!
(Saff surəsi, 12)
Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!
(Təğabun surəsi, 9)
Allah iman edib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir.
(Talaq surəsi, 11)
Allah iman edənlər üçün də Fironun zövcəsini misal çəkdi. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” - demişdi.
(Təhrim surəsi, 11)
Onlar taxtlarda əyləşib ətrafı seyr edəcəklər.
(Mutaffifin surəsi, 23)
Onlar möminləri gördükləri zaman: “Bunlar doğru yoldan azanlardır!” - deyirdilər.
(Mutaffifin surəsi, 32)
İman edib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!
(Büruc surəsi, 11)
O gün elə üzlər də vardır ki, sevinclidirlər.
(Ğaşiyə surəsi, 8)
Onlar (dünyada) etdiklərindən razıdırlar.
(Ğaşiyə surəsi, 9)
Şübhəsiz ki, iman edib yaxşı əməllər edənlər yaradılanların ən xeyirliləridir.
(Beyyinə surəsi, 7)
Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.
(Beyyinə surəsi, 8
)