Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnkar edənlərə de: “Siz məğlub olacaqsınız və cəhənnəmə yığılacaqsınız! (Ora) necə də pis bir yerdir!”
(Ali İmran surəsi, 12)
O gün bəzi üzlər ağaracaq, bəziləri də qaralacaqdır. Üzləri qaralan kəslərə (belə deyiləcək): “İman etdikdən sonra inkar edənmi oldunuz? Elə isə, inkar edən olduğunuza görə dadın əzabı!”
(Ali İmran surəsi, 106)
Şübhəsiz, ayələrimizi inkar edənləri cəhənnəmə atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə dərilərini başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.
(Nisa surəsi, 56)
Alovun qarşısında dayandırıldıqları zaman: “Kaş biz (dünyaya) qaytarılaydıq, Rəbbimizin ayələrini yalanlamayaydıq və möminlərdən olaydıq!” – demələrini görəydin.
(Ənam surəsi, 27)
Rəbbinin hüzurunda dayandırıldıqları zaman (onları) görəydin! Allah buyuracaq: “Bu, haqq deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (haqdır)!” - deyəcəklər. Allah buyuracaq: “Elə isə, (bunu) inkar etdiyinizə görə dadın əzabı!”
(Ənam surəsi, 30)
Onların hamısını toplayacağı gün (Allah deyəcək): “Ey cin tayfası, siz insanların bir çoxunu (azdıraraq) özünüzə qoşdunuz”. Onların insanlardan olan dostları isə: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və artıq bizim üçün müəyyən etdiyin vədimizə çatmışıq”, - deyəcəklər. Allah da: “Allahın dilədiyi kimsələr istisna olmaqla, içində əbədi qalacağınız yer cəhənnəmdir”, - deyəcək. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 128)
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir.
(Əraf surəsi, 38)
Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Elə isə siz də qazandıqlarınıza (günahlarınıza) görə əzabı dadın!” - deyəcəklər.
(Əraf surəsi, 39)
Şübhəsiz ki, ayələrimizi təkzib edib təkəbbürlənərək onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və onlar dəvə iynənin gözündən keçənə qədər cənnətə girə bilməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
(Əraf surəsi, 40)
Onlar üçün cəhənnəm odundan döşəklər, üstlərində də (cəhənnəm odundan) yorğanlar vardır. Biz zalımları belə cəzalandırırıq.
(Əraf surəsi, 41)
Cənnət əhli cəhənnəm əhlinə: “Biz Rəbbimizin bizə vəd etdiyinin həqiqət olduğunu gördük. Siz də Rəbbinizin vəd etdiyinin həqiqət olduğunu gördünüzmü?” - deyə səslənər. Onlar da: “Bəli!” - deyərlər. Bu zaman onların arasından bir carçı belə səslənər: “Allahın lənəti zalımlara olsun!”
(Əraf surəsi, 44)
Ancaq gözləri cəhənnəm əhlinə tərəf çevrildiyi zaman: “Ey Rəbbimiz, bizi zalım qövmlə bərabər etmə!” - deyərlər.
(Əraf surəsi, 47)
Əraf əhli üzlərindən tanıdıqları (cəhənnəm əhlindən olan) adamlara səslənərək deyərlər: “Nə yığdıqlarınız, nə də təkəbbürləndiyiniz şeylər sizə bir fayda verdi!
(Əraf surəsi, 48)
Cəhənnəm əhli cənnət əhlinə: “Suyunuzdan, yaxud Allahın sizə verdiyi ruzilərdən bizə də biraz verin!” – deyə səslənəcək. Onlar isə: “Həqiqətən, Allah bunları inkar edənlərə haram etmişdir”, - deyəcəklər.
(Əraf surəsi, 50)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kəslər bu günləri (axirət günü) ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları unudarıq.
(Əraf surəsi, 51)
Həqiqətən, inkar edənlər mallarını (insanları) Allah yolundan döndərmək üçün xərcləyirlər, (bundan sonra da) xərcləyəcəklər. Sonra bu onlar üçün bir peşmançılıq olacaq, bunun ardınca da məğlub olacaqlar. İnkar edənlər cəhənnəmə toplanacaqlar.
(Ənfal surəsi, 36)
Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana uğrayanlardır!
(Ənfal surəsi, 37)
(Bu qızıl və gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün (onlara belə deyilər:) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!”
(Tövbə surəsi, 35)
Bunun ardınca da cəhənnəm vardır. (Orada) ona irinli sudan içirdilər.
(İbrahim surəsi, 16)
Onu qurtum-qurtum içər, ancaq uda bilməz. Ona hər tərəfdən ölüm gələr, ancaq o ölməz. Bunun ardınca da şiddətli bir əzab vardır.
(İbrahim surəsi, 17)
İnsanları, əzabın gələcəyi gün barəsində xəbərdar et! O gün zalımlar belə deyəcəklər: “Ey Rəbbimiz! Yaxın bir vaxta qədər bizə möhlət ver ki, sənin dəvətinə uyaq və elçilərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Əvvəllər sizin üçün heç bir zaval olmadığına dair and içməmişdinizmi?
(İbrahim surəsi, 44)
Şübhəsiz ki, onların hamısına vəd olunan yer cəhənnəmdir.
(Hicr surəsi, 43)
Onun yeddi qapısı var. Hər bir qapı üçün onlardan (cəhənnəmliklərdən) müəyyən bir dəstə vardır.
(Hicr surəsi, 44)
Öz-özlərinə zülm edərkən canlarını mələklərin aldıqları kimsələr: “Biz heç bir pis iş görmürdük”, - deyərək təslim olarlar. Xeyr! Həqiqətən, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir.
(Nəhl surəsi, 28)
Ona görə də içində əbədi qalacağınız cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin sığınacaqları yer necə də pisdir!”
(Nəhl surəsi, 29)
Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.
(İsra surəsi, 18)
De: “Haqq sizin Rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən inkar etsin. Biz zalımlar üçün elə bir cəhənnəm hazırlamışıq ki, onun divarları onları hər tərəfdən əhatə edər. Əgər (susuzluğa görə) yardım istəsələr, onlara əridilmiş mədən kimi üzləri qızardan bir su ilə yardım olunar. O necə də pis içki və necə də pis məskəndir!
(Kəhf surəsi, 29)
O gün Biz onları (dalğalar kimi) bir-birinə qarışmış bir halda qoyarıq. Sur çalınar və onların hamısını bir yerə cəm edərik.
(Kəhf surəsi, 99)
O gün cəhənnəmi inkar edənlərə göstərərik.
(Kəhf surəsi, 100)
İnkar edənlər Məni qoyub bəndələrimi özlərinə himayəçi tutacaqlarınımı zənn etdilər? Biz cəhənnəmi inkar edənlər üçün məskən olaraq hazırladıq.
(Kəhf surəsi, 102)
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
(Məryəm surəsi, 75)
Günahkarları isə susamış halda cəhənnəmə sürükləyəcəyik.
(Məryəm surəsi, 86)
Şübhəsiz ki, siz və Allahı qoyub ibadət etdikləriniz cəhənnəm yanacağısınız. Siz ora girəcəksiniz!
(Ənbiya surəsi, 98)
Onlar orada inildəyəcək və heç bir şey eşitməyəcəklər.
(Ənbiya surəsi, 100)
Bunlar Rəbbi barəsində mübahisə edən (möminlər və inkar edənlər olmaqla) iki zümrədir. İnkar edənlərə gəldikdə, onlar üçün oddan paltarlar biçilmişdir. Onların başlarının üstündən qaynar su töküləcəkdir.
(Həcc surəsi, 19)
Çəkdikləri iztiraba görə hər dəfə oradan çıxmaq istədiklərində, təkrar ora qaytarılarlar və (onlara belə deyilər): “Dadın yandırıb-yaxan əzabı!”
(Həcc surəsi, 22)
Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır.
(Muminun surəsi, 102)
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar.
(Muminun surəsi, 103)
Alov onların üzlərini yandırar və onlar orada (üz dəriləri yandığı üçün) dişləri üzə çıxmış halda olarlar.
(Muminun surəsi, 104)
(Allah tərəfindən onlara belə deyilər:) “Mənim ayələrim sizə oxunmurdumu?! Ancaq siz onları yalanlayırdınız”.
(Muminun surəsi, 105)
Onlar belə deyərlər: “Ey Rəbbimiz! Bədbəxtçiliyimiz (azğınlığımız) bizə qalib gəldi və (haqq yoldan) azmış bir qövm olduq.
(Muminun surəsi, 106)
Ey Rəbbimiz, bizi buradan çıxart! Əgər (bir daha küfrə) geri dönsək, həqiqətən, biz zalım olarıq”.
(Muminun surəsi, 107)
Allah buyurar: “Zəlil vəziyyətdə orada qalın və Mənimlə danışmayın!”
(Muminun surəsi, 108)
Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
(Furqan surəsi, 11)
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (inkar edənlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər.
(Furqan surəsi, 12)
Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar.
(Furqan surəsi, 13)
(Onlara belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!”
(Furqan surəsi, 14)
De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir”.
(Furqan surəsi, 15)
(Bu zaman müşriklərə belə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi yalanladılar. Artıq nə əzabı sovuşdura bilər, nə də yardım ala bilərsiniz. İçinizdən zülm edənlərə böyük bir əzab daddıracağıq!”
(Furqan surəsi, 19)
Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər.
(Furqan surəsi, 22)
Biz onların etdiyi hər bir (yaxşı) əmələ nəzər salar və onu səpələnmiş zərrələrə çevirərik (puç edərik).
(Furqan surəsi, 23)
Üzü üstə (sürülüb) cəhənnəmə toplanacaq kəslər - onlar yeri ən pis olan və haqq yoldan ən çox azanlardır.
(Furqan surəsi, 34)
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”.
(Ənkəbut surəsi, 25)
İnkar edən olub ayələrimizi və axirətə qovuşacaqlarını yalanlayanlar isə əzaba sürüklənəcəklər.
(Rum surəsi, 16)
Fasiqlərə gəldikdə isə, onların qalacaqları yer cəhənnəmdir. Onlar hər dəfə oradan çıxmaq istədikdə, ora qaytarılacaqlar və onlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyiləcəkdir.
(Səcdə surəsi, 20)
İnkar edənlər üçün isə cəhənnəm odu vardır. Nə onların ölmələri üçün hökm verilər, nə də əzabları yüngülləşdirilər. Biz hər bir inkar edəni bu cür cəzalandırarıq.
(Fatir surəsi, 36)
Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir elçi də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”.
(Fatir surəsi, 37)
Qiyamət günü (əlləri bağlı olduğu üçün) üzü ilə əzabın şiddətindən qorunmağa çalışan (ondan əmin olan ilə birdirmi)? Zalımlara: “Qazandıqlarınızı (günahlarınızın cəzasını) dadın!” - deyilər.
(Zumər surəsi, 24)
Qiyamət günü Allaha qarşı yalan söyləyənlərin üzlərinin qapqara olduğunu görərsən. Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdur?!
(Zumər surəsi, 60)
İnkar edənlər dəstə-dəstə Cəhənnəmə göndərildilər. Nəhayət, ora gəldikləri zaman onun qapıları açılacaq və oranın gözətçiləri onlara: “Sizə içinizdən sizin üçün Rəbbinizin ayələrini oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən elçilər gəlməmişdimi?” - deyəcəklər. Onlar da: “Bəli!” - deyəcəklər. Lakin əzab sözü inkar edənlərin üzərinə vacib olmuşdur.
(Zumər surəsi, 71)
Onlara: “İçində əbədi qalacağınız cəhənnəmin qapılarından girin!” - deyiləcək. Təkəbbürlənənlərin sığınacaq yeri necə də pisdir!
(Zumər surəsi, 72)
Əbədi qalmaq üzrə cəhənnəmin qapılarından girin!” Təkəbbürlənənlərin sığınacaq yeri necə də pisdir!
(Mömin surəsi, 76)
Girin ora! (Əzaba) dözsəniz də, dözməsəniz də sizin üçün birdir. Siz yalnız etdiklərinizə görə cəzalandırılırsınız”.
(Tur surəsi, 16)
Bu, günahkarların yalanladıqları cəhənnəm odudur!
(Rəhman surəsi, 43)
Onlar odla qaynar su arasında dolaşıb durarlar.
(Rəhman surəsi, 44)
Bu onların haqq-hesab günündəki ziyafətidir.
(Vaqiə surəsi, 56)
O gün münafiq kişi və qadınlar iman edənlərə: “Bizi gözləyin ki, nurunuzdan bir az alaq!” - deyəcəklər. Onlara: “Geri qayıdın və özünüzə nur axtarın!” - deyiləcəkdir. Nəhayət, onların arasına qapısı olan bir sədd çəkiləcəkdir ki, onun içəri tərəfi mərhəmət, çöl tərəfi isə əzabdır.
(Hədid surəsi, 13)
(Ora girənlərə belə deyilər:) “Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin! Siz yalnız etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz”.
(Təhrim surəsi, 7)
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir elçi gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
(Mülk surəsi, 8)
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir elçi gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.
(Mülk surəsi, 9)
Onlar: “Əgər (elçiləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.
(Mülk surəsi, 10)
Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun!
(Mülk surəsi, 11)
Onlara qaynar su bulağından içirdiləcəkdir.
(Ğaşiyə surəsi, 5)
Onların quru tikandan başqa yeməkləri olmayacaqdır.
(Ğaşiyə surəsi, 6)
(O yemək onları) nə doydurar, nə də aclıqdan xilas edər.
(Ğaşiyə surəsi, 7)
Ayələrimizi inkar edənlər isə sol tərəfdəkilərdir.
(Bələd surəsi, 19)
Od onları hər tərəfdən bürüyəcəkdir.
(Bələd surəsi, 20)
Ona görə də mən sizi alov saçan bir odla xəbərdar etdim.
(Leyl surəsi, 14)
Ora yalnız ən bədbəxt olan girər.
(Leyl surəsi, 15)
Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
(Beyyinə surəsi, 6)
Kimin (yaxşı əməl) tərəzisi yüngül gələrsə,
(Qariə surəsi, 8)
Onun anası (sığınacağı yer) Haviyədir.
(Qariə surəsi, 9)
Sən haradan biləsən ki, Haviyə nədir?!
(Qariə surəsi, 10)