Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Erkək və dişi olmaqla) səkkiz cift (yaratmışdır); qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!”
(Ənam surəsi, 143)
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların )hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi.
(Hud surəsi, 40)
Yer üzünü döşəyən, orada möhkəm dağlar və çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yaradan Odur. O, gündüzü gecəyə qərq edər. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Rad surəsi, 3)
Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) və uca Quranı verdik.
(Hicr surəsi, 87)
O (Rəbb) ki, yer üzünü sizin üçün beşik etdi, orada sizin üçün yollar saldı və göydən su endirdi. Onunla da (yerdən) müxtəlif növ bitkilərdən cüt-cüt çıxartdıq.
(Taha surəsi, 53)
Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
(Həcc surəsi, 5)
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
Bəs onlar yer üzündə neçə-neçə gözəl bitkilər yetişdirdiyimizə baxmırlarmı?!
(Şuəra surəsi, 7)
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik.
(Loğman surəsi, 10)
Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi və qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də balasını dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda (lövhi-məhfuzda) mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır.
(Fatir surəsi, 11)
Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir!
(Yasin surəsi, 36)
Buna bənzər başqa əzab növləri də vardır.
(Sad surəsi, 58)
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cüt meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?!
(Zumər surəsi, 6)
O, göyləri və yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcə, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır. O sizi belə çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir.
(Şura surəsi, 11)
Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
(Şura surəsi, 50)
O, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları da sizin üçün yaratdı.
(Zuxruf surəsi, 12)
Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.
(Qaf surəsi, 7)
Düşünüb ibrət alasınız deyə hər şeydən cüt-cüt yaratdıq.
(Zəriyət surəsi, 49)
Həqiqətən, erkək və dişi olmaqla iki cifti O yaratdı -
(Nəcm surəsi, 45)
İkisində də hər meyvədən iki növ vardır.
(Rəhman surəsi, 52)
Beləcə, ondan bir cüt - kişi və qadını yaratdı.
(Qiyamət surəsi, 39)
Sizi (kişi və qadın olmaqla) cüt yaratdıq.
(Nəbə surəsi, 8)