Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Tih səhrasında) üstünüzə buludla kölgə saldıq. Sizə qüdrət halvası və bildirçin göndərdik. Ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin! Onlar Bizə deyil, özlərinə zülm edirdilər.
(Bəqərə surəsi, 57)
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Bəqərə surəsi, 164)
Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə birlikdə gəlməsini və işin bitirilməsinimi (məhv edilmələrinimi) gözləyirlər? (Bütün) işlər Allaha qaytarılacaqdır.
(Bəqərə surəsi, 210)
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız.
(Əraf surəsi, 57)
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.
(Əraf surəsi, 160)
Sizi qorxutmaq məqsədilə və (yağışı) ümid edəsiniz deyə, şimşəyi göstərən və ağır buludları meydana gətirən Odur.
(Rad surəsi, 12)
Yaxud (o inkar edənlərin əməlləri) dərin bir dənizdəki qaranlığa bənzəyər. (Elə bir dəniz ki,) onu dalğa üstünə dalğa örtər. Onun da üstündən bir bulud! Bir-birinin üstündəki qaranlıqlar! O, əlini çıxartsa, az qala onu görməz. Allah bir kimsəyə nur (hidayət) verməyibsə, artıq onun nuru (hidayətdən nəsibi) yoxdur.
(Nur surəsi, 40)
Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu sovuşdurar. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
(Nur surəsi, 43)
O gün göy ağ buludlarla yarılacaq və mələklər bölük-bölük endiriləcəkdir.
(Furqan surəsi, 25)
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır.
(Nəml surəsi, 88)
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Allah onları göydə istədiyi kimi yayar və parça-parça edər. Onların arasından da yağışın çıxdığını görərsən. Allah dilədiyi bəndələrinə onu (yağışı) nəsib edən zaman onlar sevinərlər.
(Rum surəsi, 48)
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək də belə olacaqdır.
(Fatir surəsi, 9)
Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
(Əhqaf surəsi, 24)
Əgər göydən düşən bir parça (əzab) görsələr: “Bulud topasıdır”, - deyərlər.
(Tur surəsi, 44)
Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
(Vaqiə surəsi, 69
)