Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bilə-bilə haqqı batillə örtərək həqiqəti gizlətməyin!
(Bəqərə surəsi, 42)
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 185)
Ey kitab əhli! Nə üçün həqiqətə yalan donu geyindirirsiniz və bilə-bilə həqiqəti gizlədirsiniz?
(Ali İmran surəsi, 71)
Yaxud: “Daha əvvəl atalarımız (Allaha) şərik qoşmuşdular. Biz də onlardan sonra gələn bir nəsil idik. Batil yolda olanların etdiklərinə görə bizi həlak edəcəksən?!” - deməməyiniz üçün (belə etdik).
(Əraf surəsi, 173)
Bu, günahkarların xoşuna gəlməsə də, haqqı ortaya çıxarmaq və batili yox etmək üçündü.
(Ənfal surəsi, 8)
Əgər Allaha və haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman etmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, elçiyə, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir.
(Ənfal surəsi, 41)
Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir.
(Rad surəsi, 17)
Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcə yaratdı, zövcənizdən də sizin üçün övladlar və nəvələr yaratdı. Təmiz qidalardan da sizə ruzi verdi. Belə olan halda onlar hələ də Allahın nemətini inkar edib batiləmi inanırlar?
(Nəhl surəsi, 72)
De: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olmağa məhkumdur!”
(İsra surəsi, 81)
Biz elçiləri yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik. İnkar edənlər isə haqqı (Quranı) ortadan qaldırmaq üçün batil vasitəsilə mübarizə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri şeyi məsxərəyə qoydular.
(Kəhf surəsi, 56)
Əksinə, Biz haqqı batilin üzərinə qoyarıq, o da onu yox edər. Bir də görərsən ki, batil yox olmuşdur. Allaha isnad etdiyiniz sifətlərə görə vay sizin halınıza!
(Ənbiya surəsi, 18)
Bu ona görədir ki, Allah haqdır. Ondan başqa dua etdikləri (bütlər, ilahlar) isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür.
(Həcc surəsi, 62)
(Ey elçi) Sən bundan əvvəl nə bir yazı oxuyurdun, nə də əlinlə onu yazırdın. Əgər elə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
(Ənkəbut surəsi, 48)
De: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, göylərdə və yerdə nə varsa, hamısını bilir. Batilə inanıb Allahı inkar edənlər əsil ziyana uğrayanlardır”.
(Ənkəbut surəsi, 52)
Ətraflarındakı insanlar yaxalanarkən (hücuma məruz qalıb talan edilərkən) Məkkəni müqəddəs və təhlükəsiz bir yer etdiyimizi görmədilərmi? Onlar hələ də batilə inanıb Allahın nemətinə qarşı nankorluq edirlər?!
(Ənkəbut surəsi, 67)
Bu ona görədir ki, Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Şübhəsiz, Allah ucadır, böyükdür.
(Loğman surəsi, 30)
De: “Rəbbimiz (axirət günü) bizi toplayacaq, sonra da bizim aramızda haqq ilə hökm verəcəkdir. O, ən ədalətli hökm verəndir, hər şeyi biləndir”.
(Səba surəsi, 26)
De: “Haqq (İslam) gəldi. Artıq batil nə bir şey (küfr, şirk) ortaya çıxara bilər, nə də geri gətirə bilər”.
(Səba surəsi, 49)
Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, inkar edənlərin zənnidir. Vay o inkar edənlərin cəhənnəmdəki halına!
(Sad surəsi, 27)
Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı tayfalar da (elçiləri) təkzib etmişdilər. Hər ümmət öz elçisini tutub öldürməyə çalışmış və batil vasitəsilə haqqı yox etməyə cəhd etmişdi. Buna görə də Mən onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
(Mömin surəsi, 5)
Önündən də, arxasından da ona batil qarışa bilməz. O, hikmət sahibi və şükrə layiq olan Allah tərəfindən nazil edilmişdir.
(Fussilət surəsi, 42)
Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”, - deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər, batili yox edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlbdə olanları bilir.
(Şura surəsi, 24)
Şübhəsiz ki, (haqqı batildən) ayırd etmə günü onların hamısı üçün təyin olunmuş bir vaxtdır.
(Duxan surəsi, 40)
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Qiyamətin qopacağı gün məhz o gün inkar edənlər ziyana uğrayacaqlar.
(Casiyə surəsi, 27)
Çünki inkar edənlər batilə, iman edənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah onların hallarını insanlara belə izah edir.
(Məhəmməd surəsi, 3
)