Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
(Bəqərə surəsi, 265)
Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.
(Bəqərə surəsi, 266)
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz.
(Ənam surəsi, 141)
Yaxud sənin xurma və üzüm bağın olmalı, onların arasında şırıl-şırıl çaylar axıtmalısan.
(İsra surəsi, 91)
Beləcə, su vasitəsilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada başqa bir çox meyvələr də vardır ki, onlardan yeyirsiniz.
(Muminun surəsi, 19)
Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” - dedilər.
(Furqan surəsi, 8)
Beləcə, onları (Firon və ordusunu) bağlardan və bulaqlardan çıxartdıq.
(Şuəra surəsi, 57)
(Şərik qoşduqları xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən su endirən?! Biz o su ilə bir ağacını belə göyərdə bilməyəcəyiniz gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onlar (bütləri Allaha) tay tutan bir qövmdür.
(Nəml surəsi, 60)
İman edib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar.
(Rum surəsi, 15)
Səbə qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (Onlara belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!”
(Səba surəsi, 15)
Ancaq onlar haqdan üz döndərdilər. Biz də onların üstünə Ərim selini göndərdik. Beləcə, onların bağlarını acı meyvəli və bir az da sidr ağacı bitən bağlara çevirdik.
(Səba surəsi, 16)
Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq ki,
(Yasin surəsi, 34)
Qazandıqları günahların cəzası zalımlara tətbiq olunarkən onların qorxudan titrədiklərini görərsən. İman edib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbbi yanında onlar üçün istədikləri hər şey vardır. Əsil böyük lütf budur.
(Şura surəsi, 22)
Onlar qoyub getdilər neçə-neçə bağları, çeşmələri,
(Duxan surəsi, 25)
Göydən bərəkətli su endirdik və onun vasitəsilə bağlar və biçilən dənələr (əkinlər) bitirdik.
(Qaf surəsi, 9)
Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.
(Qələm surəsi, 17)
Və (ağacları) bir-birinə sarmaşan bağlar (yaradaq).
(Nəbə surəsi, 16)