Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi yada salın! Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum. Yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 40)
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə) aləmlərdən (digər insanlardan) üstün tutduğumu yada salın!
(Bəqərə surəsi, 47)
Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və (bir vaxtlar) sizi aləmlərdən (digər insanlardan) üstün etdiyimi yada salın!
(Bəqərə surəsi, 122)
Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız (mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür.
(Bəqərə surəsi, 237)
Əgər (sizə borclu olan şəxs) çətin vəziyyətdədirsə, (maddi vəziyyəti)düzələnə qədər (ona) möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcunu ona) sədəqə kimi bağışlamağınız sizin üçün daha xeyirlidir.
(Bəqərə surəsi, 280)
(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən.
(Ali İmran surəsi, 8)
Qadınlara mehrlərini könül xoşluğu ilə verin! Əgər öz xoşları ilə ondan sizə bir şey bağışlasalar, onu nuşcanlıqla yeyin!
(Nisa surəsi, 4)
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 92)
Biz orada onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
(Maidə surəsi, 45)
(Xatırla ki,) o zaman Allah yuxunda sənə onları (düşmənləri) az göstərmişdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxacaq və bu iş barəsində bir-birinizlə mübahisə edəcəkdiniz. Lakin Allah (sizi bundan) qurtardı. Şübhəsiz ki, O, qəlbdəkini bilir.
(Ənfal surəsi, 43)
Bu ona görədir ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri yaxşı xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 53)
Onlara Öz rəhmətimizdən bəxş etdik və dürüstlüklərini dillərə dastan etdik.
(Məryəm surəsi, 50)
Ey Rəbbim, mənə hökm (elm) ver və məni salehlərin arasına daxil et!
(Şuəra surəsi, 83)
Yoxsa qüdrətli və kərəm sahibi Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
(Sad surəsi, 9)
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
(Sad surəsi, 24)
Biz də bunu ona bağışladıq. Həqiqətən, onun üçün dərgahımızda uca bir məqam və gözəl bir qayıdış yeri vardır.
(Sad surəsi, 25)
Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.
(Sad surəsi, 35)
Bizdən bir mərhəmət və təmiz ağıl sahibləri üçün bir ibrət olsun deyə ona həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini verdik.
(Sad surəsi, 43)
Rəbbindən bir mükafat və artıqlaması ilə verilən bəxşiş olaraq!
(Nəbə surəsi, 36
)