Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman ediblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 228)
(Erkək və dişi olmaqla) səkkiz cift (yaratmışdır); qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!”
(Ənam surəsi, 143)
Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
(Ənam surəsi, 144)
Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
(Həcc surəsi, 5)
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Loğman surəsi, 34
)