Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik.
(Əraf surəsi, 137)
(Allah tərəfindən) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Dünyada dolanışıq verəcəyimiz, sonra da tərəfimizdən şiddətli bir əzabın toxunacağı ümmətlər də olacaqdır”.
(Hud surəsi, 48)
(Mələklər) dedilər: “Sən Allahın işinə təəccüblənirsən? Ey ev əhli, Allahın mərhəməti və bərəkəti sizinlə olsun! Şübhəsiz ki, Allah tərifə və şükür edilməyə layiqdir, çox comərddir”.
(Hud surəsi, 73)
Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir.
(İsra surəsi, 1)
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq.
(Ənbiya surəsi, 71)
Şiddətli küləyi də Süleymanın xidmətinə vermişdik. Onun əmri ilə külək bərəkət verdiyimiz yerə doğru əsirdi. Biz hər şeyi bilirik!
(Ənbiya surəsi, 81)
Biz onların (Səbə qövmünün) və bərəkət verdiyimiz məmləkətlərin arasında açıq-aşkar görünən qəsəbələr inşa etdik, aralarındakı gediş-gəlişi də asanlaşdırdıq. (Onlara belə dedik:) “Gecə-gündüz orada arxayın gəzib dolaşın!”
(Səba surəsi, 18)
Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.
(Saffat surəsi, 113)
O, yerin üstündə möhkəm dağlar yaratdı. Oranı bərəkətləndirdi və orada istəyənlər üçün ruzilərini tam dörd gündə müəyyən etdi.
(Fussilət surəsi, 10
)