Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan (bitki) kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi.
(Ali İmran surəsi, 37)
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri də (gözəl) çıxar. Pis olan (bir torpağın bitkiləri) isə, ancaq və ancaq çətinliklə çıxar. Şükür edən bir qövm üçün ayələri belə bəyan edirik.
(Əraf surəsi, 58)
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
(Yunis surəsi, 24)
Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.
(Kəhf surəsi, 45)
O (Rəbb) ki, yer üzünü sizin üçün beşik etdi, orada sizin üçün yollar saldı və göydən su endirdi. Onunla da (yerdən) müxtəlif növ bitkilərdən cüt-cüt çıxartdıq.
(Taha surəsi, 53)
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik.
(Loğman surəsi, 10)
Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.
(Qaf surəsi, 7)
Bitkilər də, ağaclar da Allaha səcdə edir.
(Rəhman surəsi, 6)
Saçaqlı dənli və xoş ətirli bitkilər var.
(Rəhman surəsi, 12)
Allah sizi də yerdən bir bitki kimi bitirmişdir.
(Nuh surəsi, 17)
Onunla (torpaqdan) toxum və bitki çıxardaq,
(Nəbə surəsi, 15
)