Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (qisas ala bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 178)
O zaman İmranın arvadı dedi: "Ey Rəbbim, mən qarnımda olanı hər cür dünyəvi istəklərdən uzaq olaraq Sənə həsr etdim. Onu məndən qəbul et. Həqiqətən, Sən eşidənsən, bilənsən!"
(Ali İmran surəsi, 35)
Sahib olduqlarınız müstəsna olmaqla, ərli qadınları almaq Allahın hökmü ilə sizə haram edildi. Bunlardan basqaları isə namusla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehir verərək) evlənmək üçün sizə halal edildi. Evlənəcəyiniz qadınların mehrlərini lazımi qaydada verin. Mehir müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 24)
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 25)
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 92)
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Maidə surəsi, 5)
Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kimin (bunları etməyə) imkanı yoxdursa, üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə, andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun (riayət edin). Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz.
(Maidə surəsi, 89)
Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Mücadilə surəsi, 3)