Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən elçilər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman edənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
(Bəqərə surəsi, 213)
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik.
(Ənam surəsi, 146)
Yer üzündə haqsız yerə təkəbbürlənənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar hər cür möcüzəni görsələr də yenə ona inanmazlar. Doğru yolu görsələr, onu özləri üçün yol qəbul etməzlər. Ancaq azğınlıq yolunu görsələr, onu özləri üçün yol qəbul edərlər. Bu ona görədir ki, onlar ayələrimizi təkzib etdilər və onlardan qafil oldular.
(Əraf surəsi, 146)
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu.
(Əraf surəsi, 175)
İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!”
(Yunis surəsi, 90)
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(İsra surəsi, 60)
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz onun ata-anasını azğınlığa və küfrə sövq etməsindən qorxduq.
(Kəhf surəsi, 80)
Məryəm: “Mənə bir insan toxunmadığı və iffətsiz olmadığım halda necə uşağım ola bilər?!” - dedi.
(Məryəm surəsi, 20)
Ey Harunun bacısı! Sənin atan pis adam deyildi, anan da iffətsiz deyildi”.
(Məryəm surəsi, 28)
Ancaq onlardan sonra namazı tərk edib nəfsinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.
(Məryəm surəsi, 59)
Sonra hər bir firqədən Rəhmana qarşı ən çox üsyankar olanı çəkib çıxardacağıq.
(Məryəm surəsi, 69)
Onlar (Musa və Harun) belə dedilər: “Ey Rəbbimiz! Doğrusu biz, onun bizə sərt davranacağından, yaxud həddini aşıb azğınlaşacağından qorxuruq”.
(Taha surəsi, 45)
Sizə verdiyimiz ruzilərin təmiz olanlarından (halalından) yeyin! Lakin bu barədə nankorluq etməyin! Yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə, şübhəsiz ki, məhv olmuşdur.
(Taha surəsi, 81)
İnsanlardan eləsi var ki, heç bir şey bilmədiyi halda Allah barəsində mübahisə edir və hər bir üsyankar şeytana tabe olur.
(Həcc surəsi, 3)
Budur! Hər kim (qisas olaraq) özünə verilən cəzaya bərabər bir cəza verərsə, sonra yenə təcavüzə məruz qalarsa, şübhəsiz ki, Allah hökmən ona yardım edəcəkdir. Həqiqətən, Allah çox əfv edəndir, bağışlayandır.
(Həcc surəsi, 60)
Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlıqda həddi aşdılar.
(Furqan surəsi, 21)
Cəhənnəm də azğınlara (inkar edənlərə) açıq bir şəkildə göstərilər.
(Şuəra surəsi, 91)
Onlar və azğınlar ora (cəhənnəmə) atılarlar.
(Şuəra surəsi, 94)
Şairlərə gəldikdə, onlara azğınlar tabe olar.
(Şuəra surəsi, 224)
Beləliklə, o, şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Bir də gördü ki, dünən ondan yardım istəyən həmin adam yenə qışqıraraq onu köməyə çağırır. Musa ona: “Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan”, - dedi.
(Qəsas surəsi, 18)
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)
Və onu hər bir asi şeytandan qoruduq.
(Saffat surəsi, 7)
Sizin üzərinizdə bizim heç bir hökmranlığımız yox idi. Əksinə, siz özünüz azğın insanlar idiniz.
(Saffat surəsi, 30)
Biz sizi haqq yoldan azdırdıq. Çünki özümüz də haqq yoldan azmışdıq”.
(Saffat surəsi, 32)
Budur! Şübhəsiz, azğın kimsələr üçün də pis bir qayıdış yeri vardır.
(Sad surəsi, 55)
(Onlara belə deyiləcək:) “Bu, sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir.
(Mömin surəsi, 75)
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
(Casiyə surəsi, 17)
Bunu (nəsildən-nəsilə) bir-birinə vəsiyyətmi etmişdilər?! Xeyr! Onlar azğın bir qövmdür.
(Zəriyət surəsi, 53)
Yoxsa ağıllarımı bunu onlara əmr edir, yaxud onlar azğın bir qövmdür?!
(Tur surəsi, 32)
Daha əvvəl Nuh qövmünü də (O məhv etmişdi). Həqiqətən, onlar daha zalım və daha azğın kimsələr idi.
(Nəcm surəsi, 52)
Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər.
(Mülk surəsi, 21)
Onlar dedilər: “Vay bizim halımıza! Həqiqətən, biz həddi aşmışıq.
(Qələm surəsi, 31)
Ad qövmü isə uğultulu və şiddətli bir qasırğa ilə məhv edildi.
(Haqqə surəsi, 6)
Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar.
(Cin surəsi, 6)
Onlar öz yurdlarında azğınlıq etmişdilər.
(Fəcr surəsi, 11)
Səmud qövmü azğınlığı ucbatından haqqı təkzib etdi.
(Şəms surəsi, 11
)