Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman edir, axirətə də şəksiz-şübhəsiz inanırlar.
(Bəqərə surəsi, 4)
İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər.
(Bəqərə surəsi, 8)
Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 62)
Onlar axirəti dünya həyatına dəyişən kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.
(Bəqərə surəsi, 86)
De: “Əgər Allah yanındakı axirət yurdu (cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və doğru deyirsinizsə, onda ölümü arzulayın!”
(Bəqərə surəsi, 94)
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə inkar edən olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək inkar edən oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də inkar edən olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!
(Bəqərə surəsi, 102)
Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!
(Bəqərə surəsi, 114)
O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “İnkar edənləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
(Bəqərə surəsi, 126)
Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaqdır.
(Bəqərə surəsi, 130)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)
Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər.
(Bəqərə surəsi, 201)
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 220)
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman ediblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 228)
Qadınları boşadığınız və gözləmə müddətləri bitdiyi zaman, əgər aralarında müvafiq şəkildə razılığa gəliblərsə, onların yenidən öz ərləri ilə evlənmələrinə mane olmayın! Bu, sizdən Allaha və axirət gününə inananlar üçün bir nəsihətdir. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Allah bilir, siz isə bilməzsiniz.
(Bəqərə surəsi, 232)
Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz.
(Bəqərə surəsi, 264)
Onlar, əməlləri dünya və axirətdə puça çıxmış kimsələrdir. Onlara kömək edənlər də olmayacaqdır.
(Ali İmran surəsi, 22)
O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir.
(Ali İmran surəsi, 45)
İnkar edənlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli bir əzab verəcəyəm. Onların heç bir köməkçisi də olmayacaqdır!
(Ali İmran surəsi, 56)
Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır.
(Ali İmran surəsi, 77)
Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki, bu,) ondan qəbul olunmayacaq və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Ali İmran surəsi, 85)
Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər.
(Ali İmran surəsi, 114)
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
(Ali İmran surəsi, 145)
Allah da onlara dünya savabını (nemətini) və axirət savabının gözəlliyini verdi. Allah yaxşı əməl sahiblərini sevər.
(Ali İmran surəsi, 148)
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
Küfr etməyə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah axirətdə onlara heç bir pay vermək istəmir. Onlar üçün böyük bir əzab vardır.
(Ali İmran surəsi, 176)
Allaha və axirət gününə iman etmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır!
(Nisa surəsi, 38)
Əgər onlar Allaha və axirət gününə iman edib, Allahın onlara verdiyi ruzidən infaq etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları yaxşı tanıyır.
(Nisa surəsi, 39)
Ey iman edənlər, Allaha itaət edin! Elçiyə və özünüzdən olan ixtiyar sahiblərinə (idarəçilərə) də itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və elçiyə ərz edin (onların əmrlərinə uyğun olaraq həll edin)! Bu həm daha xeyirli, həm də nəticə etibarilə daha gözəldir.
(Nisa surəsi, 59)
Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
(Nisa surəsi, 74)
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Kim dünya mükafatını istəyərsə, (bilsin ki,) dünyanın da, axirətin də mükafatı Allah dərgahındadır. Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 134)
Ey iman edənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Kitaba və daha əvvəl nazil etdiyi kitablara iman edin (imanınızda əzmkar olun)! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə, (haqdan) uzaq bir zəlalətə düşmüş olar.
(Nisa surəsi, 136)
Ancaq onlardan elmi güclü olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil edilənə iman edirlər. Namazı qılan, zəkatı verən, Allaha və axirət gününə iman edənlərə böyük mükafat verəcəyik.
(Nisa surəsi, 162)
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Maidə surəsi, 5)
Ey elçi! Qəlbi inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
(Maidə surəsi, 41)
Şübhəsiz, iman edənlər, yəhudilər, sabiilər və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı işlər görənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Maidə surəsi, 69)
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi?
(Ənam surəsi, 32)
Bu (Quran), Ümmül-Qura (böyük şəhər) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman edən kimsələr ona iman edər və namazlarını qılmağa davam edərlər.
(Ənam surəsi, 92)
Axirətə inanmayanların qəlbi onlara (təmtəraqlı sözlərə) meyil etsin, onlardan xoşlansın və gördükləri pis işlərə davam etsinlər deyə (bu sözləri təlqin edərlər).
(Ənam surəsi, 113)
De: “Həqiqətən, Allah bunu haram etmişdir”, - deyərək şahidlik edən şahidlərinizi gətirin!” Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə! Ayələrimizi yalan sayanların və axirətə inanmayanların arzularına uyma! Onlar (bütləri) Rəbbinə tay tuturlar.
(Ənam surəsi, 150)
O kəslər (zalımlar) ki, (insanları) Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq istəyər və axirəti inkar edərlər.
(Əraf surəsi, 45)
Ayələrimizi və axirətə qovuşmağı yalanlayanların əməlləri puça çıxmışdır. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər.
(Əraf surəsi, 147)
Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu: “Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman edən kimsələrə yazacağam (nəsib edəcəyəm)”.
(Əraf surəsi, 156)
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?
(Əraf surəsi, 169)
Yer üzündə (inkar edənləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir elçiyə yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin üçün) axirəti istəyir. Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 67)
Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman edən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.
(Tövbə surəsi, 18)
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz!
(Tövbə surəsi, 19)
Kitab verilənlərdən Allaha və axirət gününə iman etməyən, Allah və elçisinin haram etdiyini haram saymayan, haqq dini qəbul etməyən kimsələrlə, boyun əyib əlləri ilə cizyə verənə qədər vuruşun!
(Tövbə surəsi, 29)
Ey iman edənlər! “Allah yolunda cihad edin!” - deyildiyi zaman sizə nə oldu ki, yerə yapışıb qaldınız. Axirətin əvəzinə dünya həyatına razı oldunuz? Dünya malı axirət (nemətlərinin) yanında çox az bir şeydir.
(Tövbə surəsi, 38)
Allaha və axirət gününə iman edənlər malları və canları ilə cihad etməkdən (geri qalmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.
(Tövbə surəsi, 44)
Yalnız Allaha və axirət gününə iman etməyən və qəlbi şübhəyə düşüb öz şübhələri içində tərəddüd edənlər səndən izin istəyərlər.
(Tövbə surəsi, 45)
(Ey münafiqlər!) Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana uğrayanlardır!
(Tövbə surəsi, 69)
(Ey elçi!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra inkar edən olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (elçiyə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və elçisi Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var.
(Tövbə surəsi, 74)
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və elçinin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 99)
Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur!
(Yunis surəsi, 64)
Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır.
(Hud surəsi, 16)
Onlar (insanları) Allah yolundan döndərən və onu (haqq yolu) əyri göstərmək istəyən kəslərdir. Məhz onlar axirəti inkar edənlərdir.
(Hud surəsi, 19)
Şübhəsiz, axirətdə ən çox ziyana uğrayanlar məhz onlardır.
(Hud surəsi, 22)
Həqiqətən, axirət əzabından qorxanlar üçün bunda bir ibrət vardır. O gün, insanların bir yerə toplanacağı və (bütün məxluqatın) şahid olacağı bir gündür.
(Hud surəsi, 103)
Yusif dedi: “Sizə verilən yemək gəlmədən əvvəl onun yozumunu sizə xəbər verəcəyəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Şübhəsiz ki, mən Allaha inanmayan bir qövmün dinini tərk etmişəm. Məhz onlar axirəti də inkar edirlər.
(Yusif surəsi, 37)
İman edib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı daha xeyirlidir.
(Yusif surəsi, 57)
Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
(Yusif surəsi, 101)
Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
(Rad surəsi, 26)
Onlar üçün dünya həyatında əzab vardır. Axirət əzabı isə daha şiddətlidir. Onları Allahdan (Onun əzabından) heç kim qoruya bilməz.
(Rad surəsi, 34)
Dünya həyatını axirətdən üstün tutan, (insanları) Allah yolundan döndərən və əyri yolu istəyənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
(İbrahim surəsi, 3)
Allah iman edənləri möhkəm bir sözlə dünya həyatında da, axirətdə də möhkəmləndirər. Allah zalımları isə (haqq yoldan) azdırar. Allah istədiyini edər.
(İbrahim surəsi, 27)
Sizin ilahınız bir olan ilahdır. Axirətə inanmayanlara gəldikdə, onların qəlbi inkarçıdır, özləri də təkəbbürlüdürlər.
(Nəhl surəsi, 22)
Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” - deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, - deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
(Nəhl surəsi, 30)
Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, Biz onları dünyada gözəl bir şəkildə məskunlaşdıracağıq. Axirət mükafatı isə şübhəsiz ki, daha böyükdür. Kaş (inkar edənlər, yaxud hicrət etməyə qarşı çıxanlar bunu) biləydilər!
(Nəhl surəsi, 41)
Pis sifətlər (xüsusiyyətlər) axirətə inanmayanlara məxsusdur. Ən uca sifətlər isə Allaha məxsusdur. O, yenilməz qüvvət və hikmət sahibidir!
(Nəhl surəsi, 60)
Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına və Allahın inkar edənlər qövmünü doğru yola yönəltmədiyinə görədir.
(Nəhl surəsi, 107)
Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!
(Nəhl surəsi, 109)
Biz ona dünyada gözəl nemətlər bəxş etdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Nəhl surəsi, 122)
Axirətə inanmayanlara gəldikdə, onlar üçün şiddətli bir əzab hazırlamışıq.
(İsra surəsi, 10)
Kim axirəti istəyər və mömin olaraq onun üçün səy göstərərsə, onların səyləri qəbul olunar.
(İsra surəsi, 19)
Onların bir qismini digərlərindən necə üstün tutduğumuza bax! Şübhəsiz ki, axirət dərəcə və üstünlük cəhətdən daha böyükdür.
(İsra surəsi, 21)
Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına (səni qoruyan) görünməz bir pərdə çəkərik.
(İsra surəsi, 45)
Bu dünyada (qəlbi) kor olan kimsə axirətdə də kor olacaq və haqq yoldan daha çox azacaqdır.
(İsra surəsi, 72)
Bundan sonra İsrail oğullarına: “Siz o yerdə məskunlaşın! Vəd olunan axirət gəlib çatdığı zaman sizin hamınızı bir yerə yığacağıq”, - dedik.
(İsra surəsi, 104)
Biz həddi aşıb Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırırıq. Axirət əzabı isə, əlbəttə, daha şiddətli və daha əbədidir.
(Taha surəsi, 127)
İnsanlardan eləsi də var ki, Allaha şübhə içində ibadət edər. Əgər ona bir xeyir toxunsa, rahat olar. Əgər o bir müsibətə düçar olsa, çöhrəsi dəyişər (küfrə geri dönər). O, dünyada da, axirətdə də ziyana düşmüşdür. Açıq-aşkar ziyan məhz budur!
(Həcc surəsi, 11)
Hər kim Allahın Öz elçisinə dünya və axirətdə yardım etməyəcəyini zənn edirsə, bir vasitə ilə göyə çıxsın və (elçiyə gələn vəhyi) kəssin. İndi baxsın görək onun hiyləsi qəzəbinə səbəb olanı (vəhyi) ortadan qaldıra biləcəkmi?!
(Həcc surəsi, 15)
Onun qövmündən inkar edən olub axirətə qovuşacaqlarını yalanlayan və dünyada bol nemət verdiyimiz rəhbərlər (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, içdiyinizdən içir.
(Muminun surəsi, 33)
Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.
(Muminun surəsi, 74)
Zina edən qadın və zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya şahid olsun!
(Nur surəsi, 2)
Əgər dünyada və axirətdə Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz, (iftira ilə bağlı) dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
(Nur surəsi, 14)
Möminlər arasında çirkin şeylərin (iftiranın) yayılmasını istəyənlərə gəldikdə, onlar üçün həm dünyada, həm də axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz isə bilməzsiniz.
(Nur surəsi, 19)
Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
(Nur surəsi, 23)
O (mömin) kimsələr ki, namazı qılır, zəkatı verir və axirətə qəti şəkildə inanırlar.
(Nəml surəsi, 3)
Şübhəsiz ki, axirətə inanmayanların əməllərini özlərinə gözəl göstərdik. Buna görə də onlar sərgərdan gəzərlər.
(Nəml surəsi, 4)
Onlar üçün pis bir əzab var və axirətdə ən çox ziyana uğrayanlar onlar olacaqlar.
(Nəml surəsi, 5)
Xeyr, onların axirət haqqında kifayət qədər məlumatları yoxdur. Xeyr, onlar axirət barəsində şübhə içindədirlər. Xeyr, onlar axirətə qarşı kordurlar.
(Nəml surəsi, 66)
Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.
(Qəsas surəsi, 77)
Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
(Qəsas surəsi, 83)
De: “Yer üzündə gəzib dolaşın və Allahın ilk dəfə necə yaratdığına bir baxın! Sonra Allah axirətdə də belə yaradacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Ənkəbut surəsi, 20)
Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də elçilik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)
Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Qiyamət gününə ümid bəsləyin və yer üzündə fitnə-fəsad çıxararaq qarışıqlıq törətməyin!” - demişdi.
(Ənkəbut surəsi, 36)
Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsil həyat axirət yurdundadır. Kaş bunu biləydilər.
(Ənkəbut surəsi, 64)
Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər.
(Rum surəsi, 7)
İnkar edən olub ayələrimizi və axirətə qovuşacaqlarını yalanlayanlar isə əzaba sürüklənəcəklər.
(Rum surəsi, 16)
Onlar namazı qılar, zəkatı verər və axirətə yəqinliklə inanarlar.
(Loğman surəsi, 4)
Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır.
(Əhzab surəsi, 21)
Əgər Allahı, Rəsulunu və axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah sizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 29)
Həqiqətən, Allahı və Onun elçisini incidənlərə Allah bu dünyada və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Əhzab surəsi, 57)
Həmd göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha məxsusdur. Axirətdə də həmd Ona məxsusdur. O hikmət sahibidir, hər şeydən xəbərdardır.
(Səba surəsi, 1)
Görəsən, o, yalandan Allaha iftira atır, yoxsa onda dəlilikmi var?” Xeyr! Axirətə inanmayanlar əzab və (haqdan) uzaq zəlalət içindədirlər.
(Səba surəsi, 8)
Halbuki (İblisin) onlar üzərində heç bir hakimiyyəti yox idi. Lakin axirətə inananla ona şübhə edəni ayırd etmək üçün (İblisə bu fürsəti verdik). Sənin Rəbbin hər şeyə nəzarət edəndir.
(Səba surəsi, 21)
Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq təmiz ağıl sahibləri düşünüb ibrət alarlar”.
(Zumər surəsi, 9)
Beləliklə, Allah dünya həyatında onlara rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş biləydilər!
(Zumər surəsi, 26)
Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər.
(Zumər surəsi, 45)
Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur.
(Mömin surəsi, 39)
Heç şübhəsiz, sizin məni dəvət etdikləriniz nə dünyada, nə də axirətdə çağırışa cavab verə bilər. Həqiqətən, dönüşümüz Allahadır. Həddi aşanlar isə cəhənnəm əhlidirlər.
(Mömin surəsi, 43)
Onlar zəkat verməz və axirəti inkar edərlər.
(Fussilət surəsi, 7)
Buna görə də onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik. Axirət əzabı isə daha çox rüsvayedicidir. Onlara heç bir köməklik də göstərilməz.
(Fussilət surəsi, 16)
Biz həm dünyada, həm də axirətdə sizin dostlarınızıq. Orada sizin üçün ürəyinizin istədiyi hər şey vardır. İstədiyiniz hər şey orada hazırlanmışdır,
(Fussilət surəsi, 31)
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.
(Şura surəsi, 20)
Hətta qızıldan edərdik! Bütün bunlar ancaq dünya həyatının dolanışığıdır. Axirət isə Rəbbinin yanında müttəqilərə məxsusdur.
(Zuxruf surəsi, 35)
Axirətə inanmayanlar mələklərə qadın adları qoyurlar.
(Nəcm surəsi, 27)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacı-qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.
(Mücadilə surəsi, 22)
Əgər Allah onlara (qədərlərinə) sürgünü yazmasaydı, mütləq onları dünyada cəzalandırardı. Axirətdə onlar üçün cəhənnəm əzabı vardır.
(Həşr surəsi, 3)
Şübhəsiz ki, onlarda həm sizin, həm də Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl bir nümunə vardır. Kim (haqdan) üz döndərərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyildir, hər cür tərifə layiqdir.
(Mumtəhənə surəsi, 6)
Ey iman edənlər! Allahın qəzəbinə gəlmiş kəsləri özünüzə dost tutmayın! Onlar inkar edənlərin ölülərdən ümidlərini üzdükləri kimi axirətdən ümidlərini üzmüşlər.
(Mumtəhənə surəsi, 13)
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
(Talaq surəsi, 2)
Əzab belədir! Şübhəsiz ki, axirət əzabı daha böyükdür. Kaş biləydilər.
(Qələm surəsi, 33)
Xeyr! Əksinə, onlar axirətdən qorxmurlar.
(Müddəssir surəsi, 53)
Xeyr! Əksinə, siz tez keçib-gedəni (dünyanı) sevirsiniz.
(Qiyamət surəsi, 20)