Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İbrahim bunu övladlarına vəsiyyət etdi və Yaqub da belə bir vəsiyyət edərək dedi: “Övladlarım, şübhəsiz ki, Allah sizin üçün bu dini seçdi, siz ancaq müsəlman olaraq can verin.”
(Bəqərə surəsi, 133)
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyiləndə onlar: “Xeyr, biz atalarımızın yolunu izləyirik!” - deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?!
(Bəqərə surəsi, 170)
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)
Onlara: “Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin!” – deyiləndə onlar: “Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, - dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?!
(Maidə surəsi, 104)
Allahı layiqincə tanımadılar. Belə ki, onlar: “Allah heç bir bəşərə hər hansı bir şey nazil etməmişdir”, - dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb (istədiyinizi) açıqlayırsınız, bir çoxunu da gizlədirsiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri (Qurandan) öyrənmiş olursunuz”. Sən: “Allah!” – de. Sonra onları burax ki, qoy düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
(Ənam surəsi, 91)
Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (elçiləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”.
(Ənam surəsi, 148)
Onlar pis bir iş gördükləri zaman: “Atalarımızın bu yolda olduğunu gördük. Bunu bizə Allah əmr etmişdir”, - deyirlər. De: “Şübhəsiz, Allah ədəbsizliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi söyləyirsiniz?”
(Əraf surəsi, 28)
Onlar dedilər: “Sən bizə, yalnız Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiyi şeylərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”
(Əraf surəsi, 70)
Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət, onlar artıb çoxaldılar və: “Atalarımıza da pislik və yaxşılıq üz vermişdi”, - dedilər. Biz onları, özləri də hiss etmədən qəflətən yaxaladıq.
(Əraf surəsi, 95)
Yaxud: “Daha əvvəl atalarımız (Allaha) şərik qoşmuşdular. Biz də onlardan sonra gələn bir nəsil idik. Batil yolda olanların etdiklərinə görə bizi həlak edəcəksən?!” - deməməyiniz üçün (belə etdik).
(Əraf surəsi, 173)
Onlar dedilər: “Bizi atalarımızın yolundan döndərəsiniz və yer üzündə hökmranlıq ikinizə qalsın deyəmi gəldiniz? Halbuki biz sizə iman edəsi deyilik”.
(Yunis surəsi, 78)
Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, - dedilər.
(Hud surəsi, 62)
Onlar (istehza edərək) dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən, yaxud mallarımızı istədiyimiz kimi xərcləməkdən imtina etməyimizi namazınmı sənə əmr edir? Həqiqətən, sən yumşaq qəlblisən, çox ağıllısan!”
(Hud surəsi, 87)
Elə isə bunların ibadət etdiklərindən (bütlərin batil olduğundan) şübhə etmə! Onlar məhz daha əvvəl atalarının ibadət etdiyi kimi (bütlərə) ibadət edirlər. Şübhəsiz, Biz onların (əzab) paylarını əskiltmədən verəcəyik.
(Hud surəsi, 109)
Beləcə, Rəbbin səni seçəcək və sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə və İshaqa (elçilik) nemətini bəxş etdiyi kimi, sənə və Yaqub nəslinə də bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”.
(Yusif surəsi, 6)
Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe olmuşam. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfündəndir. Lakin insanların çoxu (Allaha) şükür etməz.
(Yusif surəsi, 38)
Allahı qoyub ibadət etdikləriniz sizin və atalarınızın (uyduraraq bütlərə) qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, yalnız Özünə ibadət etməyinizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu bilmir.
(Yusif surəsi, 40)
Müşriklər dedilər: “Əgər Allah diləsəydi, nə biz, nə də atalarımız Ondan başqasına ibadət edərdik. Onun əmri olmadan heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Elçilərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.
(Nəhl surəsi, 35)
Bu barədə nə onların, nə də atalarının məlumatı var. Ağızlarından çıxan söz necə də böyükdür! Onlar yalandan başqa bir şey söyləmirlər.
(Kəhf surəsi, 5)
Əksinə, Biz onları da, atalarını da yaşadıqları uzun illər boyu dünya nemətlərindən faydalandırdıq. Bəs Bizim (müşriklərə aid) ərazini ətraflarından əskiltdiyimizi görmürlərmi? Elə isə qalib olanlar onlardırmı?
(Ənbiya surəsi, 44)
Onlar: “Biz atalarımızın onlara ibadət etdiklərini görmüşük”, - demişdilər.
(Ənbiya surəsi, 53)
İbrahim: “Həqiqətən, siz də, atalarınız da açıq-aydın bir zəlalət içindəsiniz!” - demişdi.
(Ənbiya surəsi, 54)
Qövmünün inkar edən öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərməyi) diləsəydi, əlbəttə, mələkləri göndərərdi. Biz əcdadımızdan belə bir şey eşitməmişik.
(Muminun surəsi, 24)
Onlar sözü (Quranı) heç düşünmürlərmi? Yoxsa onlara ata-babalarına gəlməyən bir şeymi gəldi?
(Muminun surəsi, 68)
Əlbəttə, bu, bizə də, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
(Muminun surəsi, 83)
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.
(Furqan surəsi, 18)
Musa dedi: “O, sizin də, əvvəlki atalarınızın da Rəbbidir!”
(Şuəra surəsi, 26)
Onlar: “Xeyr, ancaq atalarımızın belə etdiyini görmüşük!” - demişdilər.
(Şuəra surəsi, 74)
İnkar edənlər dedilər: “Biz və atalarımız torpaq olduqdan sonra həqiqətən, (dirildilib) çıxardılacağıqmı?
(Nəml surəsi, 67)
Əlbəttə, bu bizə vəd olunduğu kimi, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
(Nəml surəsi, 68)
Musa açıq-aşkar möcüzələrimizlə onların yanına gəldiyi zaman onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan da bu barədə bir şey eşitməmişik”, - dedilər.
(Qəsas surəsi, 36)
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” - deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” - deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?!
(Loğman surəsi, 21)
Əvvəlki atalarımız da dirildiləcəklərmi?”
(Saffat surəsi, 17)
Onlar (dünya həyatında) atalarını azğınlıq içində gördülər.
(Saffat surəsi, 69)
Sizin və əvvəlki atalarınızın Rəbbi olan Allahı qoyub (bu bütəmi sitayiş edirsiniz)?”
(Saffat surəsi, 126)
Xeyr! Onlar: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, - deyirlər.
(Zuxruf surəsi, 22)
Səndən əvvəl də hansı məmləkətə xəbərdarlıq edən bir elçi göndərmişiksə, oranın zəngin sakinləri yalnız: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz də onların izindən gedirik”, - dedilər.
(Zuxruf surəsi, 23)
(Hər bir elçi öz qövmünə:) “Əgər sizə atalarınızdan gördüyünüz dindən daha doğrusunu gətirmişəmsə, onda necə?!” - demişdi. Onlar isə: “Biz sizinlə göndərilənləri inkar edirik”, - demişdilər.
(Zuxruf surəsi, 24)
Xeyr! Bunlara da, onların atalarına da özlərinə haqq və onu bəyan edən bir elçi gələnə qədər dolanışıq verdim.
(Zuxruf surəsi, 29)
Ondan başqa heç bir ilah yoxdur! Dirildən də, öldürən də Odur. O, həm sizin, həm də əcdadınızın Rəbbidir.
(Duxan surəsi, 8)
Əgər doğru deyirsinizsə, onda atalarımızı geri gətirin!”
(Duxan surəsi, 36)
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman onların: “Əgər doğru deyirsinizsə, atalarımızı geri gətirin!” - demələrindən başqa dəlilləri yoxdur.
(Casiyə surəsi, 25)
Onlar yalnız sizin və atalarınızın ad qoyduqları şeylərdir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Rəbbi tərəfindən onlara doğru yolu göstərən rəhbər gəldiyi halda onlar yalnız zənnə və nəfsinin arzularına uyurlar.
(Nəcm surəsi, 23)