Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Kim vəsiyyət edənin haqsızlıq etməsindən və ya günaha girməsindən qorxub onların (varislərin) arasını düzəldərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 182)
Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanların arasını düzəltməklə bağlı içdiyiniz andlara görə Allahın adını maneəyə çevirməyin! Allah hər şeyi eşidəndir, biləndir.
(Bəqərə surəsi, 224)
Əgər o ikisinin (ər-arvadın) aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır.
(Nisa surəsi, 35)
Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik.
(Nisa surəsi, 114)
Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Hucurat surəsi, 9)
Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də (aralarında ədavət olan) qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun.
(Hucurat surəsi, 10
)