Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanların arasını düzəltməklə bağlı içdiyiniz andlara görə Allahın adını maneəyə çevirməyin! Allah hər şeyi eşidəndir, biləndir.
(Bəqərə surəsi, 224)
Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlbinizin qazandığına (bilərəkdən etdiklərinizə) görə sizi cəzalandırar. Allah bağışlayandır, həlimdir.
(Bəqərə surəsi, 225)
Xanımlarına yaxınlaşmamağa dair and içənlər üçün dörd ay gözləmə müddəti vardır. Əgər andlarından dönsələr, bilsinlər ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 226)
Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır.
(Ali İmran surəsi, 77)
Ata-ana və yaxın qohumların qoyub getdiklərindən də hər bir kişi və qadın üçün varislər təyin etdik. Əhd bağladığınız şəxslərin paylarını da özlərinə verin! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Nisa surəsi, 33)
Bəs öz əlləri ilə etdikləri (əməllər) səbəbilə onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək: “Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik”, – deyə Allaha and içdikləri vaxt (onların halı) necə olacaq?!
(Nisa surəsi, 62)
İman edənlər isə: “Bunlarmı sizinlə birlikdə olacaqlarına dair Allaha möhkəm and içdilər?” - deyərlər. Onların əməlləri puça çıxdı və beləcə zərər çəkənlərdən oldular.
(Maidə surəsi, 53)
Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kimin (bunları etməyə) imkanı yoxdursa, üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə, andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun (riayət edin). Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz.
(Maidə surəsi, 89)
Ey iman edənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər.
(Maidə surəsi, 106)
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi: “Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər.
(Maidə surəsi, 107)
Bu (qayda), şahidliyi lazımi şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına (çəkinmələri üçün bir çarə olaraq) daha uyğundur. Allahdan qorxun və (Onu) dinləyin! Allah, günahkar qövmü doğru yola yönəltməz.
(Maidə surəsi, 108)
Allaha qəlbən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman etməyəcəklərini bilmirsinizmi?”
(Ənam surəsi, 109)
Həmçinin (şeytan) onlara and verərək: “Mən həqiqətən, sizə nəsihət verənlərdənəm!” – dedi.
(Əraf surəsi, 21)
Allahın Öz mərhəmətinə nail etməyəcəyinə dair and içdiyiniz kimsələr bunlardırmı?!” (Cənnət əhlinə isə belə deyəcəklər:) “Girin cənnətə! Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz”.
(Əraf surəsi, 49)
Əgər müqavilə bağladıqdan sonra andlarını pozar və dininizi təhqir edərlərsə, küfrün öndərləri ilə vuruşun! Həqiqətən, onlar andları olmayan (andlarını pozan) kimsələrdir. (Onlarla vuruşsanız,) Ola bilsin ki, onlar (bu etdiklərinə) son qoyarlar.
(Tövbə surəsi, 12)
(Ey möminlər!) Andlarını pozan, elçisi (yurdundan) çıxartmağa cəhd göstərən və sizə qarşı (döyüşə) ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər iman etmişsinizsə, (bilin ki,) ən çox Allahdan qorxmalısınız.
(Tövbə surəsi, 13)
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar.
(Tövbə surəsi, 42)
(Münafiqlər) Özlərinin sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir tayfadır.
(Tövbə surəsi, 56)
Onlar sizi razı salmaq üçün Allaha and içərlər. Əgər onlar mömindirlərsə, Allah və Onun elçisini razı salmaları daha doğrudur.
(Tövbə surəsi, 62)
Onlardan razı qalasınız deyə, qarşınızda and içərlər. Siz onlardan razı qalsanız belə, şübhəsiz, Allah fasiqlər tayfasından razı olmaz.
(Tövbə surəsi, 96)
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
(Tövbə surəsi, 107)
Onlar: “Allah ölən bir kimsəni diriltməz!” - deyə var gücləri ilə Allaha and içdilər. Əksinə, (ölüləri diriltmək) Onun haqq olaraq verdiyi bir vəddir. Ancaq insanların çoxu bunu bilmir.
(Nəhl surəsi, 38)
Əhd (müqavilə) bağladığınız zaman Allaha verdiyiniz əhdi yerinə yetirin və Allahı şahid göstərərək andları möhkəmləndirdikdən sonra onu pozmayın! Həqiqətən, Allah sizin etdiklərinizi yaxşı bilir.
(Nəhl surəsi, 91)
Bir tayfa digər tayfadan (sayca və güc baxımından) daha çox olduğu üçün andlarınızı aranızda bir fitnə vasitəsinə çevirərək, ipliyi möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın! Allah bununla yalnız sizi imtahan edir. Şübhəsiz ki, O, ixtilafda olduğunuz məsələləri qiyamət günü sizə bəyan edəcəkdir.
(Nəhl surəsi, 92)
Andlarınızı aranızdakı bir fitnə-fəsada çevirməyin! Yoxsa (İslamda) ayağınız möhkəmləndikdən sonra sürüşər və (insanları) Allahın yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız, (axirətdə də) böyük bir əzaba düçar olarsınız.
(Nəhl surəsi, 94)
Zövcəsinə zina isnad edib, özlərindən başqa şahidləri olmayanlara gəldikdə, onlardan hər biri özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allah adına and içərək şahidlik etməlidir.
(Nur surəsi, 6)
Onlara (münafiqlərə) əmr etdiyin zaman (cihada) çıxacaqlarına dair Allaha möhkəm and içdilər. De ki: “And içməyin! Gözəl bir şəkildə itaət etmək (kifayətdir). Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır”.
(Nur surəsi, 53)
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcənizi analarınızın yerinə qoymamış, övladlığa götürdüklərinizi də övladlarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir və doğru yola yönəldir.
(Əhzab surəsi, 4)
Onlar özlərinə xəbərdar edən bir elçi gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər. Onlara xəbərdar edən bir elçi gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı.
(Fatir surəsi, 42)
Xeyr, ulduzların mövqelərinə and olsun.
(Vaqiə surəsi, 75)
Kaş bunun böyük bir and olduğunu biləydiniz.
(Vaqiə surəsi, 76)
Allahın qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
(Mücadilə surəsi, 14)
Onlar andlarını qalxan edib (insanları) Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir.
(Mücadilə surəsi, 16)
O gün Allah onların hamısını dirildəcək, sizə and içdikləri kimi Ona da and içəcəklər və özlərinin bir şeyə (həqiqətə) əsaslandıqlarını zənn edəcəklər. Bilin ki, onlar əsil yalançılardır.
(Mücadilə surəsi, 18)
Onlar andlarını özlərinə sipər etdilər və (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə də pisdir!
(Münafiqun surəsi, 2)
Allah sizin (lazım gələndə kəffarə ilə) andlarınızı pozmağınıza icazə vermişdir. Allah sizin himayədarınızdır. O hər şeyi biləndir, hikmət sahibidir.
(Təhrim surəsi, 2)
Bunlardan heç birinə boyun əymə: çox and içənə, alçaq kimsəyə,
(Qələm surəsi, 10)
Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?!
(Qələm surəsi, 39)