Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizin ilahınız tək olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir!
(Bəqərə surəsi, 163)
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Uca və böyük olan da Odur!
(Bəqərə surəsi, 255)
Allahdan başqa heç bir ilah yoxdur! O, daima diridir, bütün məxluqatı idarə edəndir.
(Ali İmran surəsi, 2)
Bətnlərdə sizə dilədiyi kimi surət verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa ilah yoxdur!
(Ali İmran surəsi, 6)
Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur.
(Ali İmran surəsi, 18)
“Allah üçün üçüncüsüdür!” - deyənlər də həqiqətən, inkar edən olmuşlar. Halbuki, tək bir ilahdan başqa heç bir ilah yoxdur! Əgər onlar bu dediklərinə son qoymazlarsa, içlərindən inkar edən olanlara, həqiqətən, şiddətli bir əzab toxunacaqdır.
(Maidə surəsi, 73)
Budur Rəbbiniz olan Allah! Ondan başqa heç bir ilah yoxdur. O, hər şeyi yaradandır. Buna görə də Ona ibadət edin! O, hər şeyə vəkildir (qoruyandır).
(Ənam surəsi, 102)
De: “Əgər dedikləri kimi Onunla (Allahla) yanaşı başqa ilahlar da olsaydı, o zaman (bu ilahlar) ərşin sahibinə (çatmaq üçün) bir yol axtarardılar”.
(İsra surəsi, 42)
Allah Özünə övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Yoxsa, əlbəttə, hər bir ilah öz yaratdığını idarə edər və mütləq onlardan biri digərinə qalib gələrdi. Allah onların (müşriklərin) yaraşdırdıqları sifətlərdən uzaq və pakdır!
(Muminun surəsi, 91)
O, Özündan başqa heç bir ilah olmayan Allahdır. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur. Siz Ona qaytarılacaqsınız.
(Qəsas surəsi, 70)
Həqiqətən, sizin ilahınız təkdir!
(Saffat surəsi, 4)
Göydə də, yerdə də ilah Odur. O, hikmət sahibidir, hər şeyi biləndir.
(Zuxruf surəsi, 84)
Ondan başqa heç bir ilah yoxdur! Dirildən də, öldürən də Odur. O, həm sizin, həm də əcdadınızın Rəbbidir.
(Duxan surəsi, 8)
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir.
(Həşr surəsi, 22)
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır.
(Həşr surəsi, 23)