Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər.
(Bəqərə surəsi, 9)
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir.
(Ali İmran surəsi, 185)
İnkar edənlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın!
(Ali İmran surəsi, 196)
Həqiqətən, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O (Allah) onları aldadar (aldatmalarını cəzalandırar). Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini insanlara göstərər və Allahı çox az zikr edərlər.
(Nisa surəsi, 142)
Beləcə, hər elçi üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
(Ənam surəsi, 112)
“Ey cin və insan tayfası! Aranızdan ayələrimi sizə nəql edən və bu gününüzlə qarşılaşacağınız barədə sizi xəbərdar edən elçilər gəlmədimi?” - (deyildikdə), onlar: “Biz öz əleyhimizə şahidik!” - deyəcəklər. Dünya həyatı onları aldatdı və onlar özlərinin inkar edən olduğuna şahidlik etdilər.
(Ənam surəsi, 130)
Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri onlara göründü və cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi onlara: “Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” - deyə səsləndi.
(Əraf surəsi, 22)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kəslər bu günləri (axirət günü) ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları unudarıq.
(Əraf surəsi, 51)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 49)
Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) Allah sənə yetər. O, köməyi ilə və möminlərlə səni dəstəkləyir.
(Ənfal surəsi, 62)
Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, mallarına və övladlarına (şirk elətdirərək) ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz.
(İsra surəsi, 64)
Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
(Loğman surəsi, 33)
Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!
(Fatir surəsi, 5)
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.
(Fatir surəsi, 40)
İnkar edənlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın.
(Mömin surəsi, 4)
Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
(Casiyə surəsi, 35)
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı.
(Hədid surəsi, 14)
Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir?
(İnfitar surəsi, 6
)